Rasim İsmayılovun şəxsi arxiv fondu yaradılıb

Azərbaycan Dövlət Film Fondunda kinorejissor, kinooperator və ssenarist, Azərbaycan Dövlət Mükafatı laureatı Rasim İsmayılovun şəxsi arxiv fondu yaradılıb.

Rasim İsmayılovun şəxsi arxiv fondunun yaradılması sənətkarın 85 illik yubileyinə təsadüf edir. Fonda 600-dən artıq fotoşəkil, çoxsaylı ssenarilər, R. İsmayılovun əlyazmaları, həmçinin qəzet və jurnal məqalələri, kinoplakatlar və digər materiallar daxil olub.

Qeyd olunan sənədlər Dövlət Film Fonduna rejissorun həyat yoldaşı, tanınmış jurnalist Nadejda İsmayılova tərəfindən təhvil verilib. Təhvil verilən fotoşəkillərin müəyyən qismi, həmçinin, kinooperator Yuri Varnovskinin şəxsi arxivindən daxil olub.