Kino fərdi istedadla yanaşı böyük sənət sevgisini, xarici görünüşü, daxili intuisiyanı, kamera qarşısında sərbəst davranışı, inandırıcı ifa tərzini qəbul edir, ekran hadisələrini həyatın inikasına çevirənləri isə qəlblərə, yaddaşlara yazır, sevdirir.
Azərbaycan kinosunda cəmi üç bədii filmdə çəkilsə də, xanım-xatın, görünüşü, istedad və bacarığı ilə çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkən, qismətinə düşən ekran rollarının öhdəsindən bacarıqla gələn Möminat Qurbanova da ekran personajlarını, sevdiyi sənətini böyük səmimiyyət, həssaslıqla çatdırdığına görə geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrildi, böyük rəğbət hissi ilə izlənildi. Az rolda çəkilməsinə baxamayaraq, adını Azərbaycan kino salnaməsinə yazan tanınmış aktrisanın doğum və anım günündə (08.12.1958-08.12.2008) xatirəsini bir daha əziz tutur, sənət yoluna nəzər salırıq.
Möminat Qurbanova 1958-ci il dekabrın 8-də Buzovna kəndində dünyaya göz açıb. Ailələrində altı uşaq (beş bacı, bir qardaş) böyüyüb. Ailənin sonbeşiyi olan Möminat Qurbanova ərköyün və çılğın uşaq olub. Hələ orta məktəbdə oxuyarkən özfəaliyyət kollektivinin, idmanın öncüllərindən olub. Məktəbi bitirdikdən sonra Mədəniyyət və İncəsənət İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) bitirib. Kinoda debüt rolu görkəmli kinorejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyovun birgə quruluş verdikləri “Dərviş Parisi partladır” filmində Şərəfnisə rolu olub. Personajın hiss və duyğularını, psixologiyasını, həyat tərzini özünəməxsus ştrixlər və ifa tərzi ilə təqdim edən aktrisa orijinal yaradıcılıq üslubuna görə obrazın daxili mənini aça, hiss və duyğularını dəqiqliklə göstərə bilib. Görkəmli sənət xadimlərinin rol aldığı filmdə tərəf-müqabillərinin ifa maneralarına ustalıqla cavab verən gənc aktrisa debüt rolu ilə geniş tamaşaçı auditoriyasının rəğbətini, sevgisini qazanmağa müvəffəq olub.
Aktrisanın növbəti uğurlu ekran obrazı xalq qəhrəmanı Qaçaq Nəbidən, onun dəstəsinin göstərdiyi igidliklərdən bəhs edən “Atları yəhərləyin” tarixi-bioqrafik filmindəki Həcər roludur. Həcər ömür-gün yoldaşı Nəbinin silahdaşı, dostu-sirdaşıdır. Onun düşmən fitnəsi ilə rastlaşmaması üçün hər bir addımını izləyir, dar məqamda köməyinə yetməyi özünə borc bilir. Həcər də həyat yoldaşı Nəbi kimi zəhmətkeş insanları, haqqı tapdananları mülkədarların, kəndxudaların zülmündən qoruyur, dar məqamlarında köməklərinə çatır.
Aktrisa rolun xarakterinə uyğun olan mətin, mərd xüsusiyyətlərini inandırıcı, real təqdimatda çatdırmaqla personajın şəxsiyyət tamlığını, fərdi cəhətlərini, dövrünün haqsızlıqlarına, cəhalətinə, geridəqalmışlığına olan narazılığını dolğun, yaşarı oyun metodu ilə göstərib. Məhz bu mənada yaxın keçmişə aid olan tarixi obrazın şəxsiyyəti, həyat tətrzi haqqında tamaşaçıda müəyyən təəssürat yaradıb, maraqlı məqamları xatırladıb.
Əməkdar incəsənət xadimi, tanınmış kinooperator Kənan Məmmədovun Möminat Qurbanovanın şəxsi və yaradıcı keyfiyyətləri haqqında olan fikirləri diqqətimizi çəkir: ““Atları yəhərləyin” filmi mənin üçün çox əzizdir. Yadımdadır ki, qadın surətləri içərisində iki rol iştrakçısını sınaq çəkilişi etmədən rola təsdiqlədik. Bunlardan biri Həcər obrazını ifa edən Möminat Qurbanova idi, digəri isə kəndli qadın rolunu oynayan xalq artisti Leyla Bədirbəyli.
Biz səhv etməmişdik. Möminat xanımın xarici görünüşü, kamera ilə davranışı, epizodu düzgün başa düşməsi, daxili zənginliyi rolu inandırıcı yaratmasına imkan verirdi. Bir operator kimi deyə bilərəm ki, çəkiliş vaxtı o, mənim üçün heç bir problem yaratmırdı. Filmə aid olan müəyyən bir çərçivəni, epizodu birgə müzakirə edirdik, çəkiliş zamanı da heç bir narazılıq olmurdu.
Möminat xanım çox istedadlı aktrisa idi. “Atları yəhərləyin” filmində çox sevdiyim bir epizod var. Filmin finalında Həcər Nəbini yola salır, özü isə yaraqlılarla birlikdə kəndə gedir. Həcərlə Nəbinin vidalaşma səhnəsini çalışdım ki, ön planda çəkim. Nəbi rolunun ifaçısı Həsənağa Turabov təbii ki, böyük aktyor idi, amma Möminat xanım da vidalaşma səhnəsini çox təsirli oynadı, epizodlar da gözəl alındı.
Növbəti kadrlarda kənddəki toy səhnəsində rəqs edən Həcərin nigaran baxışlarını görürük. O, sanki rəqs edə-edə daxilən Nəbinin çətinlikdə olmasını hiss edir, duyur. Həmin səhnələr də ön planda göstərilib. Möminat xanım Həcərin daxili iztirablarını, nigarançılığını mimika cizgilərində, baxışlarında olduqca dolğun, təbii ifadə edib. Onun üçün at çapmaq da problem deyildi. Atın üstündə elə əyləşirdi ki, obrazın şəxsiyyəti əzəmətli görünürdü.
Möminat Qurbanova bir şəxsiyyət kimi də gözəl insan idi. Filmin çəkilişləri ilə bağlı iki ay müddətində ekspedisiya çərçivəsində Şamaxıda olduq. Biz Şamaxıda mehmanxanada qalırdıq. Möminat xanım da digər aktyorlar, aktrisalar kimi mehmanxanada yerləşmişdi. Orada qızı və həyat yoldaşı, Respublikanın Xalq artisti Ənvər Həsənovla birlikdə qalırdı. Bir neçə dəfə məni qaldıqları mehmanxanaya qonaq da çağırdılar ki, Kənan, sən evdən uzaq düşmüsən. Neçə vaxtdır ki, ev xörəkləri yemirsən. Bizdə ev xörəkləri olur, gəl qonaq ol…
Mən mehmanxanadan əlavə bir neçə dəfə onların evində də qonaq olmuşam. Gülərüz, mehriban, qonaqpərvər və ailəcanlı xanım idi.
Təəsüflənirəm ki, Möminat xanım dünyasını tez dəyişdi. Düzdür, o, Həcər rolu ilə kinoda öz izini qoydu, amma düşünürəm ki, yaşasaydı bir çox filmlərdə rol alardı, daha möhtəşəm ekran obrazları yaradardı.”
Kinoda az rolu ilə sənətə olan böyük hörmət və sevgisini təsdiqləyən Möminat Qurbanova kinoda sonuncu dəfə “Son döyüş” idman-macəra filmində epizod rolda çəkilib. Təəssüflər olsun ki, aktrisa ailə qurduqdan sonra sənətdən tez uzaqlaşıb. Bununla belə, cazibədar xarici görünüşə, istedad və bacarığa malik olan aktrisa böyük sevgi və şövqlə yaratdığı ekran obrazlarını tamaşaçıların yaddaşına yazmağı bacarıb.
2008-ci il dekabrın səkkizində avtomobil qəzası nəticəsində dünyasını dəyişən Möminat Qurbanovanın milli kinomuzda az rolu ilə milyonların qəlbinə yol tapmasını, hörmət və sevgi ilə xatırlanmasını aktrisanın sənət uğuru adlandırır, ruhuna uca Allahdan rəhmət diləyirik.
Dövlət Film Fondu