Mərziyə Davudova – 120

Azərbaycan kinosunda ana rollarının bənzərsiz ifaçılarından biri də Respublikanın Xalq artisti, istedadlı aktrisa Mərziyə Davudovadır. Milli teatr, kino sənətimizin qadın rollarına ehtiyacı olan bir vaxtda sənətə gələn Mərziyə xanım özünəməxsus ifa tərzi, dəst-xətti, yaradıcılıq üslubu ilə imza atdığı hər bir rolu yaddaşlara yazdı, istedad və bacarığını məsləyində dönə-dönə təsdiqlədi.

Danılmaz həqiqətdir ki, kino hələ ibtidai mərhələsindən teatr aktyorlarının potensialından bəhrələnib. Mərziyə xanımın kinoda yaratdığı irili-xırdalı rollarının uğur qaynağı da uzun illər fəaliyyət göstərdiyi teatrdır. Milli kino və səhnə sənətimizdə fərdi yaradıcılıq üslubuna görə sevilib-seçilən aktrisanın anadan olmasından 120 il (08.12. 1901-06.01.1962) ötür. Fürsətdən istifadə edib unudulmaz sənət xadiminin ömür kitabının səhifələrini vərəqləyək.

Mərziyə Yusif qızı Davudova (Davıtova) 1901-ci il dekabr ayının 8-də Hacıtərxanın (Həştərxan) Sarevo çayının yaxılığında yerələşən eyniadlı kənddə dünyaya göz açıb. Milliyyətcə tatardır. Anası Qaşqa-Camal elmə, sənətə, ədəbiyyata meyilli olub. Kiçik Mərziyə 1908-ci ildə kəndlərindəki dördillik “Darültəhsil” tatar məktəbində oxuyub. Həmin illərdə qızların oxuduğu məktəb dövlətlilərin ianəsi hesabına işləyirdi. Buranı bitirən Mərziyə Hacıtərxanda “Qaliyə” məktəbinə daxil olub. Daha sonra “İqbal” rus-tatar məktəbinə daxil olub, burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb, “Birinci teatr” tamaşasındakı Əfifə rolu ilə özünü tamaşaçılara sevdirməyi bacarıb.

On dörd yaşında olarkən ilk dəfə teatr tamaşasına – Aleksandr Dümanın “Kameliyalı qadın” əsərinə baxıb. XX əsrin əvvəllərində Azərbaycan dramaturqları Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun əsərləri tatar dilinə tərcümə edilir, Hüseyn Ərəblinski, Mirzağa Əliyev kimi teatr xadimləri Hacıtərxanda yerli həvəskarların iştirakı ilə qastrol tamaşaları oynayırdılar. Bu mənada Tatar teatrının inkişafında Azərbaycan səhnə sənəti və sənətkarları mühüm rol oynayıblar.

Hüseyn Ərəblinski növbəti dəfə Hacıtərxana qastrola gəlib. Hərdən vaxt tapıb dram həvəskarlarının tamaşalarına da baxıb. Mərziyə Davudovanın çıxışı çox xoşuna gəlib və ona Bakıya gəlməsini tövsiyə edib. Mərziyə xanım 1919-cu ildə Bakıya gəlib. Birləşmiş Dövlət Teatrosu nəzdində Türk Dram Teatrosu (indiki Akademik Milli Dram Teatrı) kollektivinə aktrisa kimi qəbul edilib. Bir müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləyib. Sonradan Milli Teatra qayıdıb, ömrünün sonunadək həmin teatrın aparıcı aktrisalarından biri olub. Teatrın repertuarında olan yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif xarakterli rollar oynayıb. Aktrisanın aktiv teatral fəaliyyəti və rollarının uğuru kino rejissorlarının diqqətindən də yayınmayıb. Romantik və realist aktyor məktəbinin yaradıcılarından və davamçılarından hesab olunan istedadlı aktrisaya kinoda səkkiz filmdə çəkilmək, ana rollarını yaratmaq nəsib olub.

“Hacı Qara” filmində Tükəz, “Bir ailə” kinodramında ana, “Bakının işıqları” filmində Anaxanım, “Bəxtiyar” kinokomediyasında Bəxtiyarın anası Gülbadam, “Koroğlu” filmində dayə, “Qızmar günəş altında” məhəbbət dramında kənd sakini, “Bir məhəllədən iki nəfər”də Fatma, “Əsl dost”da Fərmanın anası Sənəm rollarını  yaddaqalımlı, inandırıcı yaradıb.

Aktrisa sözügedən filmlərdə baş, ikinci planlı və yaxud kiçikplanlı rollarının hər birini eyni şövq, böyük ustalıqla oynayıb. Ekran personajlarının xarakterik xüsusiyyətlərini, tipik cəhətlərini incəliyinə qədər cilalamağa müvəffəq olub.

Mərziyə xanım “Bir ailə” və “Bakının işıqları” filmlərində yaratdığı genişplanlı rollarının təfsirində Azərbaycan qadınının tipik cəhətlərini daha qabarıq şəkildə göstərib. “Bir ailə” filmində baş rollardan birini ifa edən ana neft daşlarında işləyən yeganə oğlunu İkinci Dünya müharibəsinə yola salır. Oğlu Nəcəf arxa cəbhədə qoyub getdiyi dostlarından, yarımçıq qalan işindən narahatdır. Anasına yazdığı məktubların birində iş yoldaşları, neftçi briqadası haqqında xəbər gözlədiyini yazır. Ana Xəzər dənizinin ortasında, fırtınaların qoynunda yerləşən neft buruqlarına getdiyində oğlunun necə çətin şəraitdə işlədiyinin fərqinə varır. Ön cəbhədə tankçı olan oğlunun neftsiz qalmaması üçün onun arxa cəbhədəki yerini əvəz etməyə çalışır və buna da nail olur. Çətin zəhmət tələb edən neftçi işinin öhdəsindən bacarıqla gələn ana ön cəbhəyə göndərilən Bakı neftinin çıxarılmasında xidməti olması üçün əlindən gələn köməyi əsirgəmir, böyük çətinliklərə qatlanaraq Neft Daşlarında çalışan oğlu Nəcəfin yerinə işləməyə qərar verir.

Böyük bir neftçi ailəsindən, onların ailədaxili mehriban, mədəni münasibətlərindən, ailə üzvlərinin hər birinin vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmələrindən bəhs olunan “Bakının işıqları” filmində Mərziyə Davudovanın ekran qəhrəmanı neftçi övladlar yetişdirən zəhmətkeş anadır. Daim övladlarının qayğısına qalan, onlar üçün narahat olan ibrətamiz nəsihətləri ilə övladlarına doğru tərbiyə və həyat istiqaməti verən ana sadə, səmimi, zəhmətkeş qadındır. Böyük bir ailəyə başçılıq edən, qonaq-qaralı evin səliqə-sahmanını qoruyan ana həm də ailə xoşbəxtliyinin qoruyucusudur, keşikçisidir.

Sənət priyomlarından məharətlə, yerində və doğru mizanlarda istifadə edən Mərziyə xanımın səmimi ifası məhz bu mənada yaratdığı hər bir ekran rolunu sevdirir, yaddaşlara, qəlblərə yazırdı.

Sənətdə daima peşəkarlıq nümayiş etdirən aktrisa həm də ictimai xadim kimi fəaliyyət göstərib. 1956-1962-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimlər İttifaqının) sədri işləyib. Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Altmış iki illik ömür payının qırx iki ilini sənətə həsr edən Mərziyə xanım  1933-cü ildə Əməkdar, 1936-cı ildə Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti fəxri adlarını alıb. Orden və medallarla təltif olunub.

Həlim xüsusiyyəti, mehriban davranışı ilə sənət dostları, tanışları arasında hörmət qazanan Mərziyə Davudovanın daim yaradıcılıq eşqi ilə döyünən qəlbi 1962-ci il yanvar ayının 5-də dayandı. Allah ona rəhmət eləsin. İstedad və bacarığının məhsulu olan yaradıcılığına görə isə sənəti fonunda şəxsiyyəti, şəxsiyyətinə görə isə sənəti unudulmadı, böyük sevgi ilə xatırlandı.

Dövlət Film Fondu