Tələt Rəhmanov – 90

Tələt Rəhmanov – bu adı eşidəndə ilk növbədə göz önünə baməzə, komik rolları, bəzən heyrətdən, bəzən təəccübdən, bəzən də maraq və sevincdən böyümüş gözləri, gurultulu səsi, özünəməxsus ifa tərzi, xarakterik rolları gəlir. 60-a yaxın rol aldığı filmdə irili-xırdalı rollarını özünəməxsus ifa tərzi ilə sevdirən, yaddaşlara yazan, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 80-ə yaxın filmdə (aktyor və film direktoru kimi) çalışan tanınmış kino xadimi Tələt Rəhmanovun anadan olmasından (12.12.1931-13.11.1995) 90 il ötür. Sənətinə daim böyük sevgi və məsuliyyətlə yanaşan, xatirəsi əziz tutulan istedadlı kinomanın həyat yoluna, sənət dünyasına nəzər salırıq.

Məslək alın yazısıdır. Lakin bəzi hallarda bilik və bacarığı təsdiqləyən peşə seçimi həyatının nicatına çevrilir, məslək hansısa bir səbəbə, məqsədə bağlanır.

Azərbaycan kinosunda aktyor, film direktoru, rejissor assistenti kimi çalışan, əməksevərliyinə görə həmkarlarının, istedad və bacarığına görə isə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan tanınmış kinoaktyor Tələt Rəhmanovu da kinoya həyat yolunun dolanbac cığırları, qarşılaşdığı müəyyən çətinliklər gətirib çıxarıb. Sevdiyi sənətinə bağlanan bacarıqlı kino işçisi ömrünün sonuna kimi kinematoqrafa sadiq qalıb, bu böyük sənət ocağını ikinci evi, ümid yeri bilib. 

Tələt Əliağa oğlu Rəhmanov 1931-ci il dekabr ayının 12-də İçərişəhərdə dünyaya gəlib. Ailələrində üç (iki oğlan, bir qız) övlad böyüyüb. Kiçik yaşlarından ataları repressiya qurbanı olan uşaqlar analarının himayəsində qalıb. Orta məktəbi bitirən Tələt Rəhmanov Neft Akademiyasına qəbul olunsa da, burada atası “xalq düşməni” adlandırıldığından ali təhsil ocağını tezliklə tərk etməyə məcbur olub, bir müddət sonra Teatr Texnikumuna daxil olub.

Gənc yaşlarından kinostudiyada çalışıb, 60-dan çox filmdə (“Mozalan” süjetləri daxil olmaqla) irili-xırdalı müxtəlif xarakterli rollarda çəkilib. Ekran personajlarının çoxu epizod olsa da, özünəməxsus ifa manerasına, fərdi yaradıcılıq üslubuna görə ekran personajlarını xarakterik, dolğun yaratmağa müvəffəq olub. Filmlərdə çəkilməklə yanaşı, tədricən film direktoru, rejissor assistenti kimi də çalışıb. Ona tapşırılan hər bir işin öhdəsindən bacarıqla gəlib, zəhmətkeşliyinə, baməzə, mehriban cəhətlərinə görə də kollektivin sevgisini qazanıb. Onun kinoya  çəkilmək həvəsi məşhur filmlərdə rol almasına, istedad və zəhmətkeşliyi isə ifa etdiyi personajları yaddaqalımlı təqdim etməsinə imkan yaradıb. 

“Arşın mal alan” (1965) kinokomediyasında Vəli, “Alma almaya bənzər” kinokomediyasında milis işçisi, “Əhməd haradadır?” kinokomediyasında kənd sakini, “Yenilməz batalyon” kinodramında furqon sahibi, “Uzaq sahillərdə” bioqrafik-müharibə filmində xidmətçi, “Sehrli xalat” fantastik-nağıl filmində milis işçisi, “Qayınana” musiqili kinokomediyasında Əli, “Əmək və qızılgül” kinodramında inzibatçı, “Şirbalanın məhəbbəti” musiqili kinokomediyasında Nazlının dayısı, “Kişi sözü” musiqili komediyasında ferma müdiri Bayandur və digər filmlərdə yaddaqalan rollar yaradıb. Bir çox “Mozalan” satirik kinosüjetlərində maraqlı obrazlar ifa edib. Müxtəlif xarakterli ekran personajlarını (“Yol əhvalatı”nda elçi gələn, “Şeytan göz qabağında” filmində bazar müdiri və s.) səsləndirib. “Nizami”, “Babək”, “Qatır Məmməd”, “Təxribat”, “Xüsusi vəziyyət” və digər filmlərdə film direktoru kimi çalışıb, filmlərin ərsəyə gəlməsində bilik və bacarığını əsirgəməyib.

Sənətə olan dərin sevgisi, məsuliyyəti sayəsində kinostudiyada böyük hörmət sahibi olan Tələt Rəhmanov rollarını içdən, yaşarı təqdim etməklə də tamaşaçıların qəlbinə yol tapmağı bacarıb. Aktyorun “Arşın mal alan” filmində oynadığı Vəli obrazını xatırlamaq kifayət edir ki, bəy evində çalışan sadə ev xidmətçisinin baməzə, səmimi xüsusiyyətləri fonunda cərəyan edən hadisələrin komik məzmununun məntiqini anlayaq, vəziyyət və xarakter komediyasının mahiyyətinin əhəmiyyətini dərk edək. Özünəməxsus ifa maneraları ilə rollarını fərqli şəkildə təqdim edən aktyor hər bir personajın səciyyəvi cəhətlərini məharətlə tanıdıb, istək və məqsədlərini bəyan etməyə nail olub.

“Əmək və qızılgül” kinodramında inzibatçı rolu kiçikplanlı olsa da, personajın fikir və məqsədi, cərəyan edən hadisələrə münasibəti ifadə və jestlərindən aydın olur, aktyorun daxili duyumu, emosiyası rolun fərdi cəhətlərini tanıdır.

Onu da qeyd edək ki, film direktoru kimi rejissorların tələb və tapşırıqlarını layiqincə yerinə yetirən Tələt Rəhmanov görkəmli kinorejissorlardan Tofiq Tağızadənin, Əlisəttar Atakişiyevin, Şamil Mahmudbəyovun və digərlərinin quruluş verdiyi ekran əsərlərində fərdi dəsti-xəttinə uyğun koloritli obrazlar yaradıb. Görkəmli kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi “Yenilməz batalyon” filmində aktyorun oynadığı kiçikplanlı furqon sahibi rolu filmdəki ziddiyyətlərin kəskinləşməsinə bir növ səbəb yaradan obrazlar sırasındadır. Sadə və kasıb kəndli furqonunu qonşusuna müvəqqəti olaraq həvalə edir. Ancaq bir müddət sonra  acgözlüyünə, acizliyinə görə qonşusunu uryadnik və onun əlaltılarına şikayət edir, ələ verir. Personajın sakit görkəmi fonunda məkrli, satqın xüsusiyyətlərini ustalıqla bəyan edilən aktyor mövzunun ideyasına, janrın əhval-ruhiyyəsinə uyğun olan vəziyyəti ustalıqla yaradıb, xırda rol çərçivəsində belə hadisələrin axıcılığına rəvac verib.

“Azərbaycanfilm” kinostudiyasında çalışdığı (1950-ci illərdən) vaxtdan ömrünün sonunadək bu nəhəng sənət məbədini doğma məkanı, ocağı bilən, ona tapşırılan hər biri işin öhdəsindən bacarıqla gələn, həmçinin hər bir kino obrazını  sevə-sevə canlandıran Tələt Rəhmanov sevgi ilə bağlandığı, xoş rəftarı, insansevərliyi ilə gözəlləşdirdiyi dünya ilə 1995-ci ilin noyabr ayının 13-də vidalaşdı. Şəxsi xarakterindən, nikbin əhval-ruhiyyəsindən pay böldüyü, sevdirdiyi rolları, mehriban xüsusiyyəti ilə də dostları, doğmaları, həmkarları tərəfindən xatirəsi daim əziz tutuldu, unudulmadı.

Dövlət Film Fondu