Moskvanın “İllüzion” kinoteatrında Azərbaycan kinosunun ilk retrospektivi Fariz Əhmədovun rejissoru olduğu “Sonuncu” (2020) sənədli filminin nümayişi ilə açılıb.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova filmlərlə bağlı məlumat verib: “Təqdim edilən filmlər müasir Rusiyada Azərbaycan kinosunun ilk irimiqyaslı retrospektividir. Tamaşaçılar 1935-ci ildən bu günə qədər böyük bir dövrə baxa biləcək. Proqramda yaşlı nəslin, qızıl dövrün, eləcə də Azərbaycan kinosunun gənc ustadlarının maraqlı əsərləri təqdim olunur”.
Proqrama Eldar Quliyevin “Bir cənub şəhərində” ictimai-psixoloji dramı (1969), Rasim Ocaqovun “Qətldən yeddi gün sonra” detektivi (1991), Hüseyn Mehdiyevin “Özgə vaxt” dramı (1996), Vaqif Mustafayevin “Hər şey yaxşılığa doğru” (1997) qara komediyası, Rüfət Həsənovun “Daxildəki ada” dramı (2020) daxil edilib. Tamaşaçılara ümumilikdə 19 film təqdim olunacaq.
Retrospektivin açılışında Xəzər dənizindəki Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs olunan “Sonuncu” sənədli filmi nümayiş etdirilib. Layihənin premyerası 2021-ci ildə Rotterdam Film Festivalında keçirilib.
Qeyd edək ki, retrospektiv “İllüzion”da fevralın 15-dək davam edəcək.