Akif Əli – 70

Azərbaycan Dövlət Film Fondu yazıçı, kinoaktyor, filoloq alim, Əməkdar jurnalist Akif Əlini 70 illik yubileyi münasibətilə təbrik edir.

Akif Əli oğlu Məhərrəmov 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Bakı şəhəri 16 nömrəli orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu (1974) və “Azərbaycanfilm” kinostudiyası nəzdində kinoaktyorluq kurslarını (1974) bitirib. 

Uzun illər ədəbi-bədii yaradıcılıqla məşğul olaraq, kino, radio, televiziya, elm, təhsil, mətbuat, həmçinin dövlət qulluğu sahələrində işləyib. İlk əmək fəaliyyətinə “Azərbaycanfilm”də dahi sənətkar Rəşid Behbudovun iştirakı ilə çəkilən “1001-ci qastrol” filmində rejissor assistenti kimi başlayıb. Sonra kinoaktyor kimi bədii filmlərdə baş rollara dəvət olunaraq, kinoda Rüstəm (“Uzun müharibədə qısa görüşlər” – “Tacikfilm” kinostudiyası), Tapdıq (“Tütək səsi”), Fazil müəllim (“Arxadan vurulan zərbə”), Məmməd (“Əgər bir yerdəyiksə”), Əsgər (“Otel otağı”) kimi yaddaqalan obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalı üçün ssenarilərin müəllifidir (“Zərbə”- № 79, 1983; “Üzr istəyirəm”- № 99, 1985;  “Tərsinə” – № 121, 1987; “Mükafat”- № 123, 1988; “Qonşular” – № 132, 1989; “Kreslo”- №144, 1989; “Müavin”- № 144, 1989; “Hacı Qara”- №172, 1998).

1978-1987-ci ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində çalışıb. Radionun “Satira və yumor” şöbəsinin müdiri vəzifəsində işləyərkən (1981-1983) bir sıra populyar radio proqramlarının (“Sabahınız xeyir” əyləncəli proqramı, “Molla Nəsrəddin” satirik radiojurnalı, “Gülüş axşamı” və s.); televiziyanın “Gənclər üçün proqramlar Baş redaksiyası”nın baş redaktoru vəzifəsində işləyərkən isə (1983-1987) bir çox populyar teleproqramların ( “Zəriflik” incəsənət toplusu, “Aygün” qızlar üçün proqram, “7 sual, 7 cavab” televiktorinası, “İdrak” elmi-kütləvi proqramı, “Tələbə dünyası”, “Teleteatrda gənclər gecəsi”, “Çay, çay, çay” əyləncəli proqramları, “Mənəvi dünyamız”, “Gənclik” televiziya jurnalı, “Çinar” ədəbi almanaxı və s.) yaradıcısı, müəllifi və redaktoru olub. “Mədəniyyət” kanalında “Zaman və məkan” kulturoloji proqramının və İctimai Televiziyada “Vətənin səsi” verilişinin müəllifi və aparıcısı olub (2011-2018).

Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq, Azərbaycan EA Ədəbiyyat İnstitutunda “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb (1988).

Azərbaycan Jurnalistlər Birliyinin (1981), Azərbaycan Professional Kinorejissorlar Gildiyasının (2009) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (2001) üzvü, “Qızıl qələm” mükafatı laureatıdır.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə 2-ci dərəcəli Dövlət müşaviri rütbəsinə (2012), “Dövlət qulluğunda fərqlənməyə görə” medalına (2013) və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb (2015).