Bərpa olunmuş “Maestro Niyazi” filminin təqdimatı keçirildi

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin Azərbaycan Dövlət Film Fondu ilə birgə təşkilatçılığı ilə 1975-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Maestro Niyazi” sənədli filmi bərpa olunduqdan sonra tamaşaçılara təqdim edilib.

Film məşhur dirijor, bəstəkar, Dövlət Mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyaziyə, onun həyat və çoxcəhətli yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunmuşdur. Filmdə Azərbaycan dirijorunun çıxışları, tamaşaçılarla, xarici həmkarları ilə görüşləri öz əksini tapmışdır.

Tədbirdə Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramova və Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış etdilər.

Filmin rejissoru Rauf Nağıyev, ssenari müəllifləri Svetlana Mirzəyeva və Rauf Nağıyev, rəssamı Rafiz İsmayılovdur. Film 2022-ci ildə maestro Niyazinin 110 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Film Fondu tərəfindən  bərpa olunmuşdur.