Azərbaycan Dövlət Film Fondunda Xocalı soyqırımının 30–cu ildönümü ilə əlaqədar 2014-cü ildə istehsal edilmiş “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib.
Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçardas Lapaytisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair hissələrə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.
Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək, Xocalı soyqırımının, ümumilikdə, insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırdı. Sonra tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.