Aydın Dadaşov – 70

Azərbaycan kinoşünası, kinodramaturq və rejissoru, filologiya elmləri doktoru, professor Aydın Dadaşovun adı çəkiləndə ilk növbədə göz önünə fərdi dəst-xəttinə uyğun ekranlaşdırdığı bədii, sənədli filmləri canlanır, dövri mətbuatda kinonun müxtəlif mövzularına aid çap etdirdiyi məqalə və resenziyaları yada düşür.

Azərbaycan kinoşünaslıq sahəsində nümunəvi fəaliyyəti ilə seçilən, kino nəzəriyyəsinin prinsiplərini, qanunauyğunluqlarını və növlərinin müxtəlifliyini gənc kinematoqrafçılara tədris edən ustad kino xadiminin anadan olmasının 70 illiyində (01.03.1952-15.03.2017) əziz xatirəsini dərin ehtiramla yad edirik.

Aydın Dadaşov 1952-ci il martın 1-də Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat fakültəsini bitirib. 1980-ci ildə isə Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunun (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirib. 1975-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və redaktor kimi fəaliyyət göstərib. 1989-cu ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin “Televiziya və radio jurnalistikası” kafedrasında çalışıb. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru olub. Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin “Kinoşünaslıq” kafedrasının rəhbəri olub. Burada o, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Televiziya tənqidi” və “KİV-də reklam və marketinq problemləri” fənnlərini tədris edib.

30-a yaxın filmin (bədii, sənədli) rejissoru, 50-ə yaxın filmin (bədii, sənədli) ssenari müəllifi olan, eyni zamanda bir neçə filmdə (bədii) film direktoru və redaktor kimi çalışan Aydın Dadaşov həmçinin bir sıra kitabın, o cümlədən, “Dəvətnamə”, “Madaqaskar”, “Qərib” və başqa əsərlərin, “Gerçəkliyin astanasında”, “Ekran dramaturgiyası”, “Müasir Azərbaycan dramaturgiyası” və digər monoqrafiyaların, “Ekran publisistikası”, “Ssenari yaradıcılığı”, “Kinoşünaslıq” və s. dərsliklərin müəllifidir.

Kino sənətindəki xidmətləri yüksək qiymətləndirilən Aydın Dadaşov 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 2005-ci ildə Respublikanın Əməkdar incəsənət xadimi fəxri adını alıb.

Onu da qeyd edək ki, ustad sənətkar uzun müddət davam etdirdiyi pedaqoji fəaliyyətini çoxşaxəli yaradıcılığının mühüm hissəsi bilirdi. Kino nəzəriyyəsinin əsaslarını, kino sənətinin mürəkkəb, çoxşaxəli imkanlarını gənc kinomanlara sevə-sevə tədris edirdi. Məhz buna görədir ki, onun kino sənətinin çətin və məsuliyyətli yollarında doğru addımlamağa təlimatlandırdığı tələbələri bu gün də kinonun müxtəlif sahələrində çalışmaqda, bilik və bacarıqlarını sübut etməkdədirlər.

Kino sahəsində olan çoxşaxəli fəaliyyətinə, onlarla tələbəsinə doğru-düzgün sənət istiqaməti verdiyinə, maraqlı, məzmunlu ekran əsərlərini nəsillərə miras qoyduğuna görə Aydın Dadaşovun xatirəsi hər bir zaman əziz tutulmaqda, hörmətlə anılmaqdadır.

Dövlət Film Fondu