İstənilən peşəyə sevərək yanaşanda həyatının nicatına çevrilir. Bir ömürdə onlarla taleyi canlandıran aktyorluq sənətinin də cəmiyyətin maariflənməsi istiqamətində rolu böyükdür. Azərbaycanın və Rusiyanın Xalq artisti Nodar Şaşıqoğlunun Azərbaycan kinosunda yaratdığı maraqlı və məzmunlu ekran obrazları da məna dəyərini, aktuallığını, qoruyub saxlayan, sevilərək izlənilən personajlardır. Aktyorun müxtəlif janrlı filmlərdə ustalıqla yaratdığı Mənsur (“Onun böyük ürəyi”), Mehdi Hüseynzadə (“Uzaq sahillərdə”), Fərman (“Əsl dost”), Matteo Falkone (“Matteo Falkone”), Məcnun (“Leyli və Məcnun”), Zakir (“Telefonçu qız”) və başqa rolların təfsirində ədəbi əsərlərin vacib məqsədini, mühüm hadisələrin mahiyyətini, fərqli xarakterlərin fərdi cəhətlərini gömüşük, maraqla izləmişik. Anadan olmasından 95 il keçən unudulmaz sənətkarın yubiley ilində (13.03.1927-12.04.2013) əziz xatirəsini yad edirik.
Nodar Şaşıqoğlunun əmisi, Əməkdar artist Ülvi Rəcəb Azərbaycanın görkəmli teatr aktyorlarından, romantik və realist aktyor məktəbini peşəkar ifaları ilə zənginləşdirən sənətkarlarımızdan olub. Sənətə məhəbbət ailələrinə doğma olduğundan Nodar Şaşıqoğlunun da teatra sevgisi hələ kiçik yaşlarından yaranıb. Aktyorun xatirələrindən: “Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm, bir il Vaxtanqov adına teatrda işləmişəm. Moskva məni özünə cəlb etdiyinə görə 5-6 il Taqanka Teatrında çalışmışam.”
Nodar Şaşıqoğlunun səhnə yaraşığı verən xarici görünüşü, plastikası, istedadı kino rejissorlarının da diqqətindən yayınmadı. Kinoda ilk rolu “Mosfilm” kinostudiyasında Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə sərkərdə Mehmet bəy Fatehi oynayıb, bundan sonra bir müddət “Odessa” kinostudiyasında çalışıb. Teatra olan sevgisinə görə yenidən Moskva teatrına qayıdıb.
Görkəmli kinorejissor Tofiq Tağızadə teatr səhnəsində aktyorun bacarığını görüb “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə roluna dəvət edib. Nodar Şaşıqoğlu müsahibələrində bildirir: “O vaxt adım afişalarda “Nodar Şaşıq” kimi yazılırdı. Rejissorla tanış olanda təsadüfən özümü Nodar Şaşıqoğlu kimi təqdim etdim. Elə o vaxtdan da bu soyad rəsmiləşdi.”
Nodar Şaşıqoğlunun obraza sevgisi, rəğbəti, həmçinin Tofiq Tağızadənin peşəkar traktovkası aktyorun rolu yüksək səviyyədə təqdim etməsinə, milyonlara sevdirməsinə səbəb oldu. Sənətkarın film haqqındakı söhbətlərindən: ““Uzaq sahillərdə” filmi “Vətən” kinoteatrında göstəriləndə bilet almaq istəyənlərin növbəsi “Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız?.. Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu. Çox çətin idi”.
Qəhrəman obrazlar Nodar Şaşıqoğlunun sanki boyuna biçilmişdi. İstedadını hər bir rolu ilə təsdiqləyən aktyor Tofiq Tağızadə üçün əsl tapıntı idi. Buna görə də filmlərində ona məhz baş rolları həvalə edirdi. “Uzaq sahillərdə” filmindən sonra Nodar Şaşıqoğlu rejissorun daha iki filmində rol aldı, “Əsl dost” filmində Fərman, “Matteo Falkone” filmində isə Matteo Falkone obrazını yaratdı.
Aktyorun “Səhər”, “Bizim küçə”, “Leyli və Məcnun” filmlərində oynadığı obrazlar filmlərin koloritini artıran, ekran əsərinin ideya, məzmununu tamamlayan personajlardır.
Nodar Şaşıqoğlu qiraəti ikinci peşəsi hesab edirdi. Aktyorun bu haqda olan xatirələrinə istinad edirik: “Mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrin qalibi olmuşam.Təsəvvür edin ki, Moskvada “Sirano de Berjerak” əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə şeir oxumağa gəlirdim.”
Aktyorun nəzm əsərlərini sevərək ustalıqla təqdim etməsi romantik-poetik ekran obrazlarını yüksək səviyyədə yaratmasına səbəb oldu. “Leyli və Məcnun” məhəbbət dramında Məcnun obrazının ifaçısı olan aktyor ona həvalə edilən rolu haqqındakı fikrini belə xarakterizə edir. “Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı həm də ona görə sevdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə nəticə daha yaxşı alınır. Yeri gəlmişkən, onu da deyim ki, digər filmlərdə oynadığım rolları səsləndirən istedadlı aktyor Əli Zeynalovun işindən həmişə razı qalmışam.”
Nodar Şaşıqoğlu həyatının müəyyən bir hissəsini Moskva teatrında çalışıb. Ömrünün sonuna bir neçə il qalmış Bakıya qayıdıb, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram tetarında çalışıb. Sonuncu teatral obrazlarından biri də Rus Dram Teatrının səhnəsində oynadığı “Kral Lir” tamaşasındakı Kral Lir obrazı olub. Həyatını teatrsız təsəvvür etməyən aktyor müxtəlif teatrların səhnəsində bir-birindən maraqlı rollar yaratsa da, tamaşaçıların yaddaşında, qəlbində qəhrəman Mehdi Hüseynzadənin xarakterini ürəkdən yaradan qəhrəman aktyor kimi də qaldı.
Aktyorluq sənətinin zirvəsini rolların təfsirində şəxsiyyətini tanıdan unudulmaz sənətkarlar fəth edirlər. Sənətin fövqündə minlərlə insan taleyini canlandırmaq, hər dövr hadisələrinə tamaşaçını şahid çəkmək, inandırmaq, personajları həmsöhbətimizə çevirmək, müxtəlif münasibətləri yaşarı nəql etmək bir ömürdə bir çox insan taleyindən bəhs etmək, göstərə bilmək deməkdir. Cəmiyyətin ictimai şüurunun formalaşmasında mühüm rol oynayan aktyorluq sənətini sevdirmək, yaşatmaq, alqışlara boğmaq isə əsl sənətkar qüdrətidir.
Sənətinə böyük məhəbbətlə sarılan Nodar Şaşıqoğlu yaradıcılığı, istedad və bacarığı ilə rəng qatdığı dünyasıyla 2013-cü ilin aprel ayının 12-də vidalaşdı. Allah ona rəhmət eləsin. Bizə isə onu daim qəhrəman obrazların mahir ifaçısı kimi xatırladan ekran rolları, böyük məhəbbətlə xatırladığımız, milli kino tariximizə qızıl hərflərlə yazdığı Nodar Şaşıqoğlu imzası yadigar qaldı. O imza ki, hər bir zaman hörmətlə xatırlanır, ehtiramla alqışlanır.
Dövlət Film Fondu