Martın 30-da Nizami Kino Mərkəzində Braziliya Film Festivalının açılış mərasimi olub.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Braziliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Açılış mərasimində Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro çıxış edərək bildirib ki, festival Azərbaycan tamaşaçısını Braziliya cəmiyyəti və orada çəkilən filmlərlə bağlı məlumatlandırmaq üçün gözəl fürsət yaradır. Festivalda nümayiş edilən filmlər ən çox mükafat qazanmış ekran əsərləridir. Filmlər insanlardan, onların maraq və düşüncələrindən, sevgi əhvalatlarından bəhs edir.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Braziliya-Azərbaycan münasibətlərində maraqlı məqamlardan danışıb: “Hər iki ölkənin kino tarixi paralel olaraq 1898-ci ildə başlayıb. Bu gün Braziliya üçün önəmli gündür. Braziliya öz müstəqilliyinin 200-cü ildönümünü qeyd edir. Bu il, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu mənada Bakı Braziliya Film Festivalı hər iki dövlətin mədəniyyətinə bir töhfədir”.
Filmin nümayişindən əvvəl Azərbaycan Kapoeyra Federasiyasının idmançıları performans göstərib.
Sonra “Qalib gəlmək üçün 10 saniyə” filmi nümayiş olunub. Film 60-70-ci illərdə ikiqat dünya çempionu olmuş, indi də bütün dövrlərin ən yaxşı döyüşçülərindən biri hesab olunan braziliyalı boksçu Eder Jofrenin bioqrafiyasından bəhs edir.
Aprelin 3-dək davam edəcək festivalda 4 bədii və 1 sənədli film nümayiş olunacaq.