İsmayıl Osmanlı – 120

İctimai həyatın inkişafında əngəl yaradan və yaxud insanların münasibətində mühüm rol oynayan personajlar peşəkar təqdimatlarda yaddaşlara yazılır. Görkəmli aktyor, Xalq artisti İsmayıl Osmanlının Azərbaycan kinosunda yaratdığı bənzərsiz ekran personajları da üslub və məzmununa görə seçilir, yadda qalır, xatırlanır. Müxtəlif həyat faktlarını məntiqli yaradıcılığına yansıdan sənətkar teatral rolları ilə yanaşı  “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərdə oynadığı (Rza bəy-“O olmasın, bu olsun”, Məmmədəli-“Dəli Kür”, Şirəli-“Əsl dost”, Şahbazov-“İyirmialtılar”, Kərim baba-“Torpaq. Dəniz. Od. Səma”, dərzi Yusif-“Yenilməz batalyon” və s.) ekran obrazlarının təfsirində istedad və bacarığını təsdiqləyib, filmlərin təsir gücünü, baxımlılığını artırıb.

Realist aktyor oyununun təfsirində tanınan personajlar müxtəlif dövrlərin vacib mövzudan bəhs edən, mesaj ötürən şərhçisidir, bələdçisidir. “Kəndlilər” (1939) filmində debüt rolunu (müsavatçı) oynayan aktyor, bundan sonra 20-yə yaxın filmdə irili-xırdalı ekran personajlarının mənəvi varlığını, daxili aləmini əhatəli, inandırıcı şəkildə canlandırdı, ekrandakı həyat hekayələrinin gerçəkliyinə zəmin yaratdı.

Teatrda əsasən dram, faciə janrında xarakterik rollarla yanaşı, komediyalarda satirik rollarda çıxış edən İsmayıl Osmanlı peşəkar sənət bilicisi kimi kino obrazlarının fərdi xüsusiyyətlərini vəziyyətə uyğun şəkildə, sənətkar müşahidəsi mövqeyindən çıxış edərək real təqdim etdi, ifadəli, orijinal, koloritli çıxışları ilə Azərbaycan kinosunun simasına çevrildi. Kinoda daha çox müsbət xarakterli rollar oynayan İsmayıl Osmanlı (Şirəli, Əlibala, Novruzəli, Şərif və s.) personajların həyat mövqeyindən çıxış edərək səmimi, mülayim xüsusiyyətlərin həyat üçün vacib şərt olduğunu incə nüanslarla, özünəməxsus ştrixlərlə göstərdi, hər bir personajın mövzudakı mahiyyətini böyük sənətkarlıqla təqdim etdi.    

Əməkdar incəsənət xadimi, kinorejissor Tofiq Məmmədovun  yaxın keçmişi əks etdirən xatirələri diqqət çəkir: “İsmayıl Osmanlı ilə ilk tanışlığım “Ulduzlar sönmür” filmində oldu. 1969-cu ildə görkəmli sənətkar Adil İsgəndərov məni “Mosfilm” kinostudiyasına, kinorejissor Əjdər İbrahimovun yanında işləməyə, daha doğrusu yaradıcılıq təcrübəsi keçməyə göndərdi. Moskvaya gedib Əjdər müəllimlə işləməyə başladım. Həmin vaxtı “Ulduzlar sönmür” filminin çəkilişlərinə hazırlıq dövrü başlamışdı, aktyor heyəti cəlb olunurdu. Mən ssenari ilə tanış idim. Əjdər müəllim mənə dedi: “Hacı Zeynalabdin Tağıyev roluna başqa aktyor çağırmağa ehtiyac yoxdur. Mən bu rolu İsmayıl Osmanlı üçün işləmişəm, o da çəkiləcək. Zəng et, de ki, Moskvaya gəlsin, Tağıyev roluna onu çəkəcəyik.” İsmayıl müəllimə zəng edib vəziyyəti ona bildirdim. Gələndə də aeroportda qarşıladım və “Mosfilm”ə apardım. Əjdər müəllimlə görüşüb, xeyli söhbət etdilər. Sonra da ona aid olan paltarların tikilməsi üçün ölçülərini götürdülər.

İsmayıl Osmanlı ilə ikinci dəfə “Yeddi oğul istərəm” filminin çəkilişləri zamanı görüşdüm. Filmin ssenarisi üzərində işləyəndə rəhmətlik Yusif Səmədoğlu bildirdi ki, hansı aktyorları seçirsiniz seçin, amma Kələntər rolu üçün İsmayıl Osmanlını nəzərdə tutmuşam. Bu rolda mütləq İsmayıl müəllim çəkilməlidir.”

İsmayıl Osmanlının Azərbaycan kinosunda müxtəlif xarakterli, koloritli rolları var. Kələntər obrazını isə o, tamam başqa xarakterdə, mizanda təqdim etdi. Kələntər rolunu o qədər dəqiqliklə oynamışdı ki, filmdən sonra da onu qəddar insan kimi tanıyırdılar. İsmayıl müəllim həmişə deyirdi: “Camaatın arasına çıxa bilmirəm. Mən hələ belə qəddar rol oynamamışdım.”

Çox mehriban, səmimi insan idi. Kinostudiyaya gələndə hamıya xoş münasibət göstərirdi. Sənət münaqişlərindən kənar idi. Danışanda gülümsəyirdi və Şəki bölgəsinə məxsus olan şirin ləhcəsini qoruyub saxlamışdı.”

“Yeddi oğul istərəm” filminin yaradıcı heyətinin peşəkarlığı ekran əsərinin taleyinə işıq saldı. İsmayıl Osmanlının filmdə oynadığı Kələntər obrazının təfsirində zahirən sadə, təmkinli görünən, əslində isə daxilən amansız, qəddar prototipin fitnə-fəsadı fonunda dövrün qurbanlarının aqibətini izləyirik.

Ustad sənətkarın digər filmlərdə yaratdığı rolları haqqında da uzun-uzadı danışmaq mümkündür. Ən əsası odur ki, sənətinə böyük məsuliyyətlə yanaşan aktyor kiçikplanlı rollarının təfsirində vacib fikirləri ifadə edib, mənfi personajlarının qabarıq təqdimatında  belə insanlığı tərbiyə edən vacib nüansları nümayiş etdirib, müdrik yaradıcılığında maarifçilik prinsipi daşıyıb.

Görkəmli kinorejissorlardan Tofiq Tağızadə, Əjdər İbrahimov, Hüseyn Seyidzadə və digərlərinin məşhur filmlərində İsmayıl Osmanlı yaradıcılığı təkrarən yer alıb. Aktyorun yaradıcılığına müraciət edən rejissorlar aktyor seçimində doğru qərar verməklə filmin nailiyyətinə imza atıblar. İsmayıl Osmanlı yalnız öz ifasıyla yox, peşəkar tərəf-müqabili olaraq sənət tərəfdaşlarına böyük stimul verməklə ekran əsərlərinin gerçəkliyinə zəmin yaradıb. Filmlərin uğuruna uğur qatıb.  

Səhnə, sənət üçün ən vacib amil realist yaradıcılıq, hadisələrin mahiyyətini inandırıcı təqdim etməkdir. İstedad və bacarığı fonunda sənət səviyyəsini ucaldan İsmayıl Osmanlı yaradıcılığı da məhz bu mənada çoxsaylı sənətsevərlər tərəfindən həmişə böyük rəğbət, dərin hörmət hissi ilə qarşılanıb, şəxsiyyəti sevilərək xatırlanıb.  

Dövlət Film Fondu