Azərbaycan kinosunda fərqli dəst-xətti ilə seçilən, yaradıcılığında daha insan psixologiyasını, mürəkkəb münasibətləri təhlil edən, həyat müşahidəsini düşüncəsinin süzgəcindən keçirərək ekranlara gətirən istedadlı kino rejissorlarımızdan biri də Əməkdar incəsənət xadimi, istedadlı kinorejissor Gülbəniz Əzimzadədir. Doğum günü aprel ayının 26-na (26.04.1947-07.12.2006) təsadüf edən sənət fədaisinin anadan olmasının 75 illiyində maraqlı və məhsuldar həyat yoluna, sənət dünyasına nəzər salırıq.
Gülbəniz Əzimzadə 1947-ci il aprel ayının 26-da Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova rəssam olub. Ailələrində olan yaradıcılıq atmosferi, sənət adamlarının söhbətləri Gülbəniz Əzimzadənin həyatından yan keçmir, hafizəsində dərin iz salır, incəsənətə olan sevgisini, marağını artırır. Hələ orta məktəbdə oxuyarkən ədəbiyyata dərindən maraq göstərir. Hekayə və məqalələr yazır. Hətta bəzi yazıları “Ulduz” jurnalında və “Molodyoj Azerbaydjana” qəzetində çap olunur.
Sənətə bağlandığına görə səkkizinci sinfi bitirdikdən sonra istedadlı xanım Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub (1963-1968). Rəssamlıq məktəbini bitirdikdən sonra isə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb (1969-1974). Diplom işi kimi “Ömrün səhifələri” kinoalmanaxına daxil olan “Nəğmə dərsi” (1974) novellasını ekranlaşdırıb. Gənc atanın oğlu ilə olan dialoqu üzərində qurulan filmin mövzusu dağılan ailələrdə, əsasən, övladların kədərli böyüməsindən, bunun davranış və psixologiyalarına təsir etməsindən bəhs edir. Məna dərinliyi, məzmun tamlığı, hər bir kadrı ilə diqqət çəkən filmin baxımlılığını düzgün seçilmiş aktyor ifasıyla yanaşı, musiqi həlli və müxtəlif rakurslu mizanlar təmin edir.
Ali kino məktəbinin məzunu olduqdan sonra “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rejissor işləyən (1974-1998) Gülbəniz Əzimzadə kinostudiyadakı fəaliyyəti boyunca müxtəlif janrlı filmlərə, o cümlədən “Dantenin yubileyi” (Anarla birgə), “Təkcə adanı özünlə apara bilməzsən”, “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “Avqust gələndə”, “Qətl günü”, “Müqəddəs oda yanaram” (Hafiz Fətullayevlə birgə) və digər ekran əsərlərinə quruluş verib.
“Təkcə adanı özünlə apara bilməzsən” filminin leytmotivini insanla təbiət arasında olan münasibət, ətraf mühitə diqqət təşkil edir. Gülbəniz xanıma böyük uğur qazandıran sözügedən film 1980-1981-ci illərdə fəxri mükafatlara layiq görülüb. 1980-ci ildə Kiyevdə keçirilən XI Respublika “Gənclik-80” kinofestivalında ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə filmə münsiflər heyətinin Diplom və Prizi verilib.
Filmlərində uşaq psixologiyasını təhlil etdiyinə görə Gülbəniz Əzimzadəni uşaq filmlərinin rejissoru adlandırırlar. Uşaqlarla işləmək bacarığını Gülbəniz xanım belə xarakterizə edirdi: “Uşaqlarla işləmək asandır. Çünki onlar anadangəlmə aktyordurlar. Sadəcə olaraq çəkiliş meydançasında lazımi ab-havanı yaratmaq lazımdır. Bunun üçün isə onların hər birinin xarakterini ayrı-ayrılıqda dərindən öyrənmək lazımdır.
Mən filmərimdə uşaqlarla işləmişəm. Çünki uşaq dünyası kəşf olunmamış bir aləmdir. Bu aləmdə hər şey yaratmaq mümkündür. Mən uşaqları sevirəm, uşaqlarla işləməkdən zövq alıram.”
Göründüyü kimi Gülbəniz Əzimzadə istər uşaqların həyatından bəhs edən, istərsə də uşaqların iştirak etdiyi filmlərdə onların kiçik dünyalarının toxunulmazlığını, həssaslıqlarını, qayğıya, diqqətə, nəsihət və hörmətə ehtiyacları olduqlarını incə nüanslarla çatdırmışdır.
Rejissorun quruluş verdiyi “Qaladan tapılan mücrü” detektiv filminin uşaq qəhrəmanları ətrafdakı hadisələrə diqqətli yanaşaraq cinayətkarların tapılıb cəzalanmasına səbəb olurlarsa, “Təkcə adanı özünlə apara bilməzsən” filmində Nailə obrazının təfsirində insan və təbiət arasındakı vurğunluq, nadir heyvanların taleyi üçün narahatlıq, təbiəti qorumağın vacibliyi kimi fikirlər təqdim olunur. Bu və ya digər vacib hadisələrin həlli Gülbəniz Əzimzadənin filmlərində əksini tapıb.
Ümumiyyətlə, Gülbəniz Əzimzadə istər uşaqların həyatına həsr etdiyi filmlərdə, istərsə də müasirlərinin həyatından bəhs edən kino dramlarında müxtəlif həyat hekayələrini inandırıcı şəkildə təqdim edib, insanları narahat edən məsələlərə toxunub, yaradıcılığında ustalıqla şərh edib. Elə buna görə də müraciət etdiyi hər bir mövzu aktuallığına görə seçilib, ekran həllini tapdığına görə də sevilib.
Dövlət Film Fondu