İyunun 12-si unudulmaz sənətkarımız, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü oldu. Bu münasibətlə bir qrup mədəniyyət və incəsənət xadimi mərhum aktyorun məzarını ziyarət edərək, üzərinə əklil və gül dəstələri qoyublar.
Ziyarətdə iştirak edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova, Xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Çingiz Əhmədov, gənc aktyor, Prezident mükafatçısı Hüseyn Əlili, tanınmış mədəniyyət və incəsənət nümayəndələri mərhum sənətkarın həyat və yaradıcılığından söz açaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub. Sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğu kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.