Tofiq Mirzəyev – 90

Ekran obrazlarını milyonlara sevdirənlər sözün əsl mənasında əbədilik qazanırlar. Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubuna görə seçilən, sevilən aktyorlarımızdan biri də Azərbaycanın Xalq artisti, kinoaktyor Tofiq Mirzəyevdir. Yaradıcılıq filmoqrafiyasına 40-a yaxın film daxil olan tanınmış aktyorumuz 90 yaşını (16.06.1932) qeyd edir. Fürsətdən istifadə edib ekran obrazları hər zaman diqqət mərkəzində olan “Mosfilm”, “Dovjenko” studiyalarında istehsal olunan filmlərdə rol alan, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 27 filmdə müxtəlif xarakterli obrazlar yaradan, 10-dan artıq sənədli televiziya filminin ssenari müəllifi və rejissoru, 1 animasiya filminin ssenari müəllifi olan Tofiq Mirzəyevi əməkdaşlarımız və çoxsaylı tamaşaçılar adından təbrik edir, sağlam ömür, yaradıcılıq nailiyyətləri arzulayır və  yaradıcılıq yoluna nəzər salırıq.

Tofiq Mirzəyev 1932-ci il 16 iyunda Gədəbəydə anadan olub. Hələ kiçik yaşlarından musiqiyə həvəs göstərib. Bu sahəyə olan marağına görə də Azərbaycan Konservatoriyasının klarnet sinfini bitirib. Görkəmli dirijor, bəstəkar Niyazinin dəvəti ilə Dövlət Simfonik Orkestrində klarnet ifaçısı kimi çalışıb. Orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa edib.

Gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanan musiqiçi   Azərbaycanın məşhur cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib. Onlarla birlikdə keçmiş Sovetlər İttifaqının şəhərlərində, hətta Afrika ölkələrində qastrol səfərlərində olub. Qastrollar zamanı ağciyəri fəsadlar verdiyinə görə həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər. Belə olan halda istedad sahibi incəsənətin növbəti sahəsinə, kinoya üz tutur, potensial və istedadını bir daha təsdiqləyir.

İstadadlı doğulmaq xoşbəxtlikdirsə, onu məhsuldar iş əmsalına çevirmək ikiqat xoşbəxtlikdir. Yaddaşımızda dramatik rollar ifaçısı kimi qalan Tofiq Mirzəyev seçdiyi musiqi sənətini yarımçıq qoymağa məcbur olsa da, taleyinə yazılan məşhurluq məsuliyyətini yaşamağa, sənət uğurunu tamamlamağa nail olur.

Kinoya da böyük həvəs və sevgi ilə gələn musiqiçi Moskvada Mərkəzi Televiziyanın rejissorluq kurslarını bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Bakıya qayıdaraq Azərbaycan Televiziyasında bir sıra portret filmlər çəkir, həmçinin görkəmli kino rejissorlarının quruluş verdiyi bir sıra filmlərdə (əcnəbi müğənni-“Ən vacib müsahibə”, Teymur-“İstintaq”, aparıcı-“Üzeyir ömrü”, Tahirov-“Mezozoy əhvalatı” və s.) xarakterik rollar yaradır. Aktyorun hər zaman diqqət mərkəzində olan kino fəaliyyətini həmkarlarının bələdçiliyi ilə izləməklə davam edək.    

Əməkdar mədəniyyət işçisi, bir çox filmdə ikinci rejissor kimi çalışan Akif Rüstəmov: “Tofiq Mirzəyevin kinoda debüt rolu görkəmli kinorejissor Arif Babayevin  quruluş verdiyi “Uşaqlığın son gecəsi” (1968) filmindəki Rüfət obrazıdır. Ariflə Tofiq  yaxın dost idilər. Həmin vaxtlarda da Tofiq musiqiçi kimi çox tanınırdı, əsl incəsənət adamı idi. Ziyalılığına, istedadına görə şəhərin sayılıb-seçilənlər sırasında idi. Etiraf edim ki, ilk dəfə onu görəndə özünəməxsus davranışı, xarici aktyorlara bənzəyən siması mənə çox xoş təsir bağışladı. Şux duruşu, mədəni davranışı onu digərlərindən fərqləndirirdi. Həmin illərdə çəkilən filmlərdə peşəkar aktyorlarla yanaşı, mövzuya uyğun gələn insanları da çəkirdilər. Arif müəllim də bu kimi priyomlardan istifadə edirdi. Məsələn, sözügedən filmdə Məcnun roluna Xosrov Abdullayevi Moskvadan (aktyor Səyavuş Şəfiyevin məsləhəti ilə) dəvət etdi. O, Moskva Dövlət Sirkində jonqlyor, illüziyaçı işləyirdi, Səyavuş Şəfiyev isə həmin vaxtlarda Bakı Sirkində fəaliyyət göstərirdi. Sürücü rolunu canlandıran Rafiq Tağıyev mağaza müdiri, Tofiq Mirzəyev isə tanınmış musiqiçi idi. Göründüyü kimi fərqli peşə sahiblərinin və Tofiq Mirzəyevin inandırıcı ifası filmin uğuruna uğur qatdı.

Tale elə gətirdi ki, Tofiq Mirzəyevlə “Nəsimi” filminin çəkilişləri zamanı da görüşdük. Görkəmli kinorejissor Həsən Seyidbəyli Tofiqi filmlərdən tanıyırdı və Dövlət bəy roluna onu sınaq çəkilişi etmədən təsdiqlədi. Filmin çəkilişlərinə hazırlıq dövründə Tofiq müəllimlə iki ay məşq etdi. Çəkilişlərdən əvvəl onun həyəcan keçirdiyi hiss olunurdu, amma bunu kamera qarşısında göstərmirdi. Bir kadra üç dubldan çox çəkilmirdi. İşinə olduqca məsuliyyətlə yanaşırdı. Həsən müəllim həmişə ondan razı qalırdı.

Tofiq Mirzəyev bəlkə də musiqiçi olduğu üçün təbiət etibarilə sakit insandır. Yadımdadır, fasilə zamanı həmişə musiqi haqqında danışırdı. Onun bir dəfə də olsun səsini qaldırdığını, nədənsə narazı qaldığını görmədim.”

Kinematoqraf peşəkarların sayəsində inikasa çevrilir, maraqla izlənilir. Tofiq Mirzəyevin filmlərdə yaratdığı dolğun, koloritli ekran personajları da müxtəlif dövr hadisələrini aydınlıqla şərh edir, fərqli zamanların müasirlərinin xarakterlərini, baş verən hadisələrə olan fərqli münasibətlərini incəliklə, həssaslıqla çatdırır. Aktyorun geniş tamaşaçı auditoriyasının diqqətini çəkən, rəğbətini qazanan ekran personajlarından biri də “Nəsimi” tarixi-bioqrafik filmindəki Dövlət bəy obrazıdır. Onun fərdi üslub və maneralarında dolğun, ifadəli əksini tapan Dövlət bəy rolu həyat mövqeyi, mütərəqqi düşüncəsi, mənəvi üstünlüyü baxımından filmin süjet xəttini açan, müəllif istəyini, ideyasını təsdiqləyən, məqsədini aydınladan personajdır. Şirvan bahadırının mərd, mübariz, mənəvi üstünlüklərini xeyirin şərin üzərində olan qələbəsi kimi qəbul edirik. Belə ki, hürufiləri Teymurlənglə, Şirvanşahın zülmündən qoruyan Dövlət bəyin ölümü belə həyat mövqeyini alqışlamağa, uzaq keçmişə aid həyat tərzi, mühit, ictimai bərabərsizlik haqqında düşünməyə, məhz tamaşaçı təfəkkürünə sirayət etdiyinə görə rolu filmin aparıcı qüvvələrindən biri kimi qəbul etməyimizə əsas verir.

Kino yaradıcılığının ilkin mərhələsində, tarixi personajın peşəkar təqdimatına görə bir daha məşhurlaşan Tofiq Mirzəyev dəvət aldığı digər ekran əsərlərində də orijinal rollar təqdim etdi. Aktyorun diqqət çəkən, səciyyəvi üstünlüklərini özünəməxsus maneralarla təqdim etdiyi rollarından biri də istedadlı kinorejissor Tofiq İsmayılovun ekranlaşdırdığı “Xüsusi vəziyyət” filmindəki Dəmir obrazıdır. Obrazın yaranmasından, aktyorun rola yanaşma tərzindən, tərəf-müqabillərinə olan münasibətindən tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Kənan Məmmədov bəhs edəcək:

“Gözəl aktyor, gözəl insan, əsl ziyalı Tofiq Mirzəyevlə çoxdan tanışam və dostluğumuz hələ də davam edir. O, hal-hazırda İsraildə yaşayır, amma Bakıya gələndə görüşürük. Tofiq çox maraqlı insandır. Onunla ünsiyyətdə olmaq mənim üçün xoşdur. Caz musiqisindən danışanda bu sahəyə aid olan bir çox məlumatları demək olar ki, ondan alırıq. Mən Tofiqi iki filmdə çəkmişəm. Görkəmli kinorejissor Rasim Ocaqovun quruluş verdiyi “Təhminə” filmində və istedadlı kinorejissor Tofiq İsmayılovun çəkdiyi “Xüsusi vəziyyət” filmində. Tofiq Mirzəyev bir aktyor kimi materialı çox öyrənən, ondan tələb olunan dramaturji materialın incəliyini son dərəcə başa düşən aktyordur.

“Xüsusi vəziyyət” filmi gərgin süjetli bir filmdir. Baş rolları Səyavuş Aslanla, Tofiq Mirzəyev canlandırır. Həmin filmdə Tofiq mühəndis Dəmir rolunu oynayır. Şəxsi həyatında baş verən romantik münasibətlərlə yanaşı, dramatik situasiyalarla dolu iş həyatının çətinliyini də əks etdirir. Filmdən də gördüyümüz kimi filiz kombinatında qəza baş verir. Hər iki qəhrəman çətin vəziyyətə düşür, tuneldə qalmağa məcbur olurlar. Fövqəladə vəziyyətdən çıxış yolunu axtardıqca da fərdi xüsusiyyətləri ortaya çıxır. Beləliklə də, onların arasında olan ziddiyyətli münasibətlərə, həyat mövqelərinə aydınlıq gətirilir.

 Filmin natura çəkilişləri əsasən Daşkəsəndə olub. Ay yarım kino ezamiyyətində olmuşuq və Tofiq Mirzəyevlə əsasən, o zaman dostlaşmışıq. Tofiq Mirzəyevlə bağlı çəkilişlər, əsasən, yerin altında tuneldə oldu. Kadrlardan da göründüyü kimi orada aktyorlar, həmçinin Tofiq Mirzəyev üçün müəyyən çətinliklər var idi. Amma buna baxmayaraq, o, həmişə deyirdi ki, siz narahat olmayın, nə etmək, necə etmək lazımdır deyin, mən hazıram.

Tofiq mənim xətrimi çox istəyirdi, bunu da həmişə qeyd edirdi. Biz onunla rol və epizodlar haqqında uzun-uzun söhbət edirdik. Həmişə mənə deyirdi ki, Kənan, mənə aid olan kadrların, epizodların çəkilməsində çox kömək edirsən. Yerin altında olan tunel dekorasiyasının müəyyən bir hissəsini Bakıda, metronun tikilən stansiyalarının birində çəkdik, qəza səhnəsini isə kinostudiyanın pavilyonunda.

Tofiqin Səyavuş Aslanla da mehriban münasibəti var idi. Onlar bir-birilərinə çox hörmət edirdilər. Aralarında olan xoş münasibətin prototiplərə heç bir aidiyyatı yox idi. Çünki hərəsi öz rolunun şəxsində müəlliflərin ideyasını daşıyırdı.

Tofiq Mirzəyev haqqında çox söz demək olar. Təəssüf edirəm ki, mən onunla ancaq iki filmdə işlədim. 90 yaşını qeyd edən sənət dostuma cansağlığı arzulayıram. Düşünürəm ki, cazibəli sifət quruluşuna, fakturasına, özünəməxsus jestlərinə görə onu elə indi də çəkmək olar.”

Dövlət Film Fondu