Xalq artisti Amaliya Pənahovanın xatirə gecəsi keçirildi

İyunun 16-da Azərbaycan Dövlət Film Fondunda unudulmaz sənətkar, Xalq artisti Amaliya Pənahovanın doğum günü münasibətilə xatirə gecəsi keçirildi.

Tədbir çərçivəsində görkəmli sənətkarın kinoda yaratdığı obrazlardan ibarət fotosərgi də nümayiş olundu.

Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev sənətkarın həyat və yaradıcılığından danışıb, onun mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıb. Bildirib ki, insanın ən böyük varlığı onun yaddaşıdır. Bu gün tədbirə toplaşanların çoxluğu Amaliya Pənahovanın sevgisinin, ülvi xatirəsinin göstəricisidir. Cəmil Quliyev qeyd edib ki, Amaliya Pənahovanın oynadığı 500-ə yaxın rol onu daim yaşadacaq.

Azərbaycan Dövlət Film Fondunda Amaliya Pənahovanın şəxsi arxiv fondunun yaradıldığını qeyd edən Cəmil Quliyev deyib: “Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnalları daxil olub. Xalq artistinin şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib”.

Amaliya xanımın yaxın dostu Elxan Qasımov görkəmli aktrisanı 1962-ci ildən tanıdığını söyləyib. O deyib: “Amaliya xanım şəhərdə, rus mühitində böyüsə də dilimizi gözəl bilirdi. O, ana dilimizdə səlis danışmağı “Kommunist” qəzetini oxumaqla öyrənmişdi. Sonra Amaliya xanıma tamaşalarda baş rolların mətnləri üzərində işləmək həvalə olundu. Bu onun peşəkar karyerasında dönüş nöqtəsinə çevrildi. Ardınca ona teatrlarda da rollar verildi. Amaliya Pənahova haqqında yazılan monoqrafiyalar onu tam əks etdirmir. Amaliyanı yaxından tanımaq, gözündəki qığılcımı görmək üçün onunla təkbətək söhbət etmək lazım idi. Amaliya Pənahovanı daha yaxşı Bələdiyyə Teatrın aktyorları tanıyır. Bu teatrı yaradan Amaliya Pənahova yaradıcı heyətə nəvazişlə yanaşır aktyorlara sənətin sirlərini öyrədirdi. Bu teatr Amaliya Pənahovanın canlı arxividir. Onun həyatı bundan sonra başlayır”.

Akademik Teatrın səhnəsində görkəmli sənətkarla bir səhnəni bölüşən Xalq artisti Rafiq Əzimov Amaliya Pənahovanı teatr aləmində 50 il şöhrəti saxlayan yeganə aktrisa adlandırıb: “Amaliya Pənahova hələ 3-cü kursda oxuyarkən “Sən həmişə mənimləsən” tamaşasına baş rola dəvət olunmuşdu. O zamanlar baş rolları peşəkar aktyorlar oynayardı. Ancaq Amaliya bu işin öhdəsindən müvəffəqiyyətlə gəldi. Tamaşa respublikaya səs saldı. Bundan sonra Amaliya Pənahova ölkənin aparıcı teatrlarında roldan-rola başqalaşdı və tamaşaçıların qəlbini ovsunladı. Onun yaratdığı teatr bir tarix oldu. İlk dəfə Amaliya Pənahovanın vaxtında yaşlı nəslin nümayəndələri ilə gənc aktyorlar bir səhnəni bölüşdülər. Bu teatr tarixində bir çevriliş idi”.

Görkəmli sənətkarın oynadığı tamaşalara quruluş verən Xalq artisti Mərahim Fərzəlibəyov deyib: “Sən həmişə mənimləsən”də Amaliya Pənahovanı ilk dəfə görəndə onunla işləmək arzusuna düşdüm. Tale elə gətirdi ki, Bakı Bələdiyyə Teatrına rejissor vəzifəsinə təyin olundum və görkəmli sənətkarla işlədim. İnanıram ki, Bakı Bələdiyyə Teatrı hər zaman Amaliya Pənahovanın ruhunu göylərə qaldıracaq”.

Amaliya Pənahova ilə birgə televiziya layihələrində çalışan telejurnalist Vidadi Hüseynov onunla ilk tanışlığından danışıb, xatirələrini bölüşüb, bildirib ki, o, Amaliya Pənahovanın böyük fanatıdır.

Sonra Xalq artisti Amaliya Pənahova haqqında onun geniş müsahibəsini əks etdirən veriliş təqdim olunub.

Xatırladaq ki, Amaliya Pənahova “Əhməd haradadır?”, “Həyat bizi sınayır”, “Xatirələr sahili”, “Səmt küləyi”, “Mezozoy əhvalatı”, “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Mən mahnı qoşuram”, “Babək”, “Gözlə məni”, “Bircəciyim”, “Cavad xan” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.