Yuri Varnovski – 75

Azərbaycan operatorluq sənətinin tanınmış nümayəndələrindən biri də kinooperator, Əməkdar incəsənət xadimi Yuri Varnovskidir. Yaradıcılıq filmoqrafiyasına 60-dan çox film daxil olan kinooperator bu il 75 yaşını (23.06.1947) qeyd edir. Fürsətdən istifadə edib sənətində daim peşəkarlıq nümayiş etdirən kinooperatoru doğum günü münasibəti ilə təbrik edirik, sənət dünyasına nəzər salırıq.

Yuri Varnovski 1947-ci il iyunun 23-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra sənədlərini Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) verib, 1966-1969-cu illərdə həmin institutda təhsil alıb. 1960-cı illərin sonundan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Bir sıra filmlərdə operator assistenti kimi işləyən Varnovski sənətin sirlərinə dərindən bələd olmaq üçün 1975-ci ildə yenidən ali təhsil almaq qərarına gəlir. Sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verir və 1980-ci ildə institutun kinooperatorluq fakültəsini bitirir.

“Azərbaycanfilm” kinostudiyasında çalışdığı ilk vaxtlardan korifey kinematoqrafçılarla işləmək nəsibi olan Varnovski görkəmli kinorejissorlardan Hüseyn Seyidzadənin quruluş verdiyi “Dəli Kür” kinodramında operator assistenti, Həsən Seyidbəylinin çəkdiyi “Nəsimi” tarixi-bioqrafik filmində operator assistenti (V.Tibilov, F.Sekandced, V.Romanovla birgə), Eldar Quliyevin ekranlaşdırdığı “Sevinc buxtası” filmində II operator, Rasim İsmayılovun çəkdiyi  “Şir evdən getdi” müasir nağıl-filmində operator assistenti (V. Romanovla birgə), yenə də Hüseyn Seyidzadənin quruluş verdiyi “Qayınana” kinokomediyasında operator assistenti (Nemət Rzayevlə birgə), Şamil Mahmudbəyovun çəkdiyi “Dörd bazar günü” filmində II operator, Həsən Seyidbəylinin quruluş verdiyi “Xoşbəxtlik qayğıları” ekran əsərində II operator, yenə də Eldar Quliyevin çəkdiyi “Nizami” tarixi-bioqrafik filmində II operator kimi çalışıb, kino bilicilərindən sənət sirlərini öyrənib.

Kollektiv əməyin məhsulu olan kinoda operatorun üzərinə düşən işin məsuliyyətini, yaradıcı heyətin potensialının əsasən də operatorun nəzərləri ilə diqqətə çatdırılmasının əhəmiyyətini dərindən başa düşən Varnovski peşəsinin tələb etdiyi çətinliklərin öhdəsindən bacarıqla gəlib, rejissorların istəyini, aktyorların təqdimatını kameranın gözü ilə tamaşaçılara çatdırmağa nail olub.

Sənətin məsuliyyətini işlədiyi filmlərdə təsdiqləyən və bir çox filmdə çətin çəkilişlərin öhdəsindən bacarıqla gələn Yuri Varnovski dekorasiya, natura, fon, detal və digər çəkilişlərlə yanaşı, mövzunun tələb etdiyi şəraitə uyğun məkanları, əsasən də sualtı çəkilişləri bacarıqla həyata keçirib, həmçinin quraşdırma səhnələrin operatoru olub.

“Burulğan” kinodramında sualtı səhnələrin operatoru, həmçinin quraşdırılmış səhnələrin operatoru, “Ovsunçu” döyüş-macəra filmində sualtı çəkilişlərin operatoru, “Bir anın həqiqəti” bədii serialında sualtı çəkilişlərin operatoru, “Axınla aşağı” ekran əsərində helikopter çəkilişləri, “Mayak” kinodramında sualtı çəkilişlərin operatoru və digər mürəkkəb çəkilişləri reallaşdıran operator bacarıq və bilgisi sayəsində ekran hadisələrinin inandırıcılığına, emosionallığının artmasına nail olub, filmlərin baxımlılığını artırıb.

Yaradıcı insanın sənət sevincinin kökündə müsbət insani keyfiyyətlərin cəmi, həyata sevgisinin üstünlüyü və pozitivliyi durur. Bu mənada həmkarlarının və dostlarının Yuri Varnovski haqqında söylədikləri onun haqqındakı düşüncələrimizi, bilgimizi daha da genişləndirir.

Əməkdar  mədəniyyət işçisi, kinorejissor Akif Rüstəmov: “Yuri Varnovski ilə “Nəsimi”, “Dədə Qorqud”, “Babək” filmlərində işləmişik. Həmin filmlərdə mən ikinci rejissor, o, isə operator assistenti və ikinci operator kimi çalışıb. Onun bəxti onda gətirdi ki, bir çox filmdə ona Rasim İsmayılovla işləmək nəsib oldu və peşə yönümündən bəhrələndi. Hamımıza məlumdur ki, Rasim İsmayılov operatorluq sənətinin ustadı idi, peşəsinin incəliklərinə dərindən bələd idi. Yuri onunla birlikdə çalışanda Rasim çəkiliş meydançasında, əsasən də batal kadrların və kütləvi səhnələrin çəkilişlərində ikinci kameranı mütləq ona həvalə edirdi. Bu Rasimin Varnovskiyə olan etimadının, inamının göstəricisi idi. Yuri özü də çox istedadlı operatordur. Onun çəkdiyi kadrlar çox vaxt montaj zamanı saxlanılırdı. Hər hansı bir səhnənin çəkilişi üçün məkan seçəndə Yuri özü də seçim edirdi və Rasimlə razılaşdıqdan sonra həmin kadrı çəkirdi. Rasim ona çox inanırdı və bilirdi ki, çəkdiyi kadrlar hədər getməyəcək.

Yurinin diqqət çəkən xüsusiyyətindən biri də təbiəti çox sevməsidir. Bəzən sualtı balıq ovuna da çıxır. Kino texnikasını yaxşı bildiyinə və dənizi sevdiyinə görə bir çox filmdə sualtı çəkilişləri məhz o gerçəkləşdirib.

İş prosesində tələbkarlığı çoxdur, eyni zamanda yumor hissinə də malikdir. Gözəl xarakterinə, işində peşəkarlığına görə də kinostudiyada hamı onu çox sevir.”

Əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbas: “Kinostudiyanın belə bir ənənəsi var ki, bura hər yeni gələn kino adamı film çəkəndə və yaxud hər hansı bir yeni işə başlayanda peşəkarlarla məsləhətləşir. Mən də institutda təhsil aldığım illərdə kurs işlərimi “Azərbaycanfilm” kinostudiyasının bazasında edirdim. Yuri həmin vaxtlar həmişə gəlib mənə məsləhətlərini verirdi, köməyini əsirgəmirdi. İnstitutu bitirdikdən sonra da o, mənə həmişə kömək olub. 46 ildir onu tanıyıram. Həmin vaxtdan bugünkü günə qədər xarakteri demək olar ki, heç dəyişməyib. Həmişə öz səmimiyyəti ilə seçilib. Buna görə də mənim üçün əziz insandır.

O, təbiətə çox bağlıdır. Mən hərdən ona zarafatla, sən suda-quruda yaşayan insansan, deyirəm. Ona görə ki, Azərbaycan kinosunda bir çox filmlərin sualtı çəkilişlərini Yuri Varnovski çox peşəkarlıqla həyata keçirib.

Varnovski Azərbaycana, torpağa bağlı adamdır, vətənini sevən insandır. Buna görə də çəkdiyi təsvirlər real, mənalı, məntiqli olur. O, böyük məktəb keçib. Azərbaycanın peşəkar kino rejissorları ilə işləyib, tarixi mövzulu filmlərdə çalışıb. Dostuma cansağlığı, yaradıcılıq uğurları arzulayıram.”

Əməkdar artist Elşən Rüstəmov: “Yuri Varnovskinin adı çəkiləndə gözümün qabağında sənətinin peşəkarı olan əsl kino adamının siması canlanır. Onunla irili-xırdalı bir neçə layihədə işləmişəm. Varnovski ilə yaddaqalan işlərimizdən biri də unudulmaz kinorejissor Eldar Quliyevin quruluş veridiyi “Nə gözəldir bu dünya…” filmində oldu. Dramatik filmdə kədərli, ağrılı, psixoloji səhnələr çoxluq təşkil edir. Buna görə də mövzuya rejissorla bərabər operatorun da xüsusi yanaşması lazım idi. Ruhi xəstəliklər xəstəxanasında baş verən hadisələrin mahiyyətini, məzmununu, əhval-ruhiyyəsini Yuri Varnovski görüntü baxımından real şəkildə ekranlaşdırdı. Çünki o, aktyorlara olduqca diqqətli və səmimidir. Buna görə də onunla işləmək rahatdır.

Ümumiyyətlə, iş prosesində, həmçinin fasilə zamanı söhbət edəndə həmişə onu gülümsəyən görürdüm. Pozitiv olması, insanlarla səmimi, mehriban davranışı özü də bizə rahatlıq verirdi. Buna görə də onunla işləmək bizim üçün xoş olurdu.”

Əməkdar artist Şövqü Hüseynov: “Yuri Varnovskinin operator kimi peşəkarlığı haqqında çox eşitmişdim, çəkdiyi filmləri izləmişdim. Tale elə gətirdi ki, kinorejissor Eldar Quliyevin çəkdiyi “Dərvişin qeydləri” filmində onunla tanış oldum. Çəkilişin ilk günlərindən səmimi münasibəti, aktyorlara olan diqqəti rəğbətimizi qazandı. Yaş fərqimiz çox olmasına baxmayaraq onunla tez dostlaşdıq. Ünsiyyətcil, mehriban olmasına, yeri gəldikdə isə məsləhətlərini bizdən əsirgəməməsinə görə mənə elə gəldi ki, onu çoxdan tanıyıram. Çəkiliş vaxtı hiss edirdim ki, kamera arxasında olan operator işinə sevgi ilə, diqqətlə yanaşır və hər hansı bir çatışmazlığa da dəqiq reaksiyası olacaq. Çox xoşbəxtəm ki, Yuri Varnovskini tanımışam və onunla işləmək mənə nəsib olub.”

Dövlət  Fim Fondu