Kinorejissor Zeynəb Kazımovanın naməlum filmi aşkar olundu

Bugünədək geniş tamaşaçı kütləsinə naməlum olan “Axırıncı namaz” filmi aşkar olunub.

Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çapdan çıxmış “Sovet bədii filmləri. Annotasiyalı kataloq” kitabının 1958-1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən rejissorun 1963-cü ildə “Axırıncı namaz” adlı iki hissəli qısametrajlı bədii film çəkdiyi müəyyən olunub. Araşdırmaların davamı olaraq, qısametrajlı bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Qeyd etmək lazımdır ki, filmin adına bugünədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.

Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin “Axırıncı namaz” filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır.