Kino ona sevgi ilə yanaşanları sevdirir, ucaldır. İstedadlı kinoaktyor Səyavuş Şəfiyev də ekran obrazlarını sevərək yaratdı, onu sevənlərin qəlbində əbədiləşdi, unudulmadı. Bu il 85 illik yubileyi (01.09.1937-24.11.2001) qeyd olunan aktyorun müsbət şəxsi keyfiyyətləri, yüksək mədəniyyəti, böyük sənət sevgisi dostları və həmkarları tərəfindən hər zaman dönə-dönə vurğulanıb. Məhz bu mənada belə qənaətə gəlmək olar ki, şəxsiyyət tamlığı, xarakter bütövlüyü bir çox hallarda rolun mənimsənilməsinə, dolğun, koloritli alınmasına kömək edir.
Səyavuş Şəfiyevin ilk ekran obrazı olan Əhməd (“Əhməd haradadır?”) surətinin müsbət cəhətlərinin qabarıq təcəssümünə və rolun geniş tamaşaçı auditoriyası tərəfindən sevilməsinə aktyorun fərdi üstünlükləri, müsbət cəhətləri səbəb olub desək, yanılmarıq.
Səyavuş Şəfiyev kinoda görkəmli teatr, kino rejissoru, Xalq artisti Adil İsgəndərovun kəşfidir. Adil İsgəndərov filmin çəkilişlərinə başladığı vaxtlarda Səyavuş Şəfiyevi sirk ustası kimi tanıyır, onun “Koroğlu” filminin sınaq çəkilişlərindən uğurla çıxdığını, bəyənildiyini, ancaq qastrol səfərlərinə görə filmdə çəkilmədiyini bilirdi. Buna görə də baş rola məhz onu çəkməyi düşünürdü. Bakı Teatr məktəbinə qəbul olunan Səyavuş Şəfiyev orada da Adil müəllimin sənət bilgisindən bəhrələnir, sənəti daha dərindən öyrənir. Belə ki, həmin məktəbdə yüksək intellekti, yaraşıqlı xarici görünüşü ilə diqqət çəkən gəncə sənət dərsi deyən Adil İsgəndərov ona: “Film çəksəm, səni mütləq filmimdə çəkəcəyəm”, – deyə fikrini bildirir. “Əhməd haradadır?” filminin çəkilişlərinə başlayanda isə tərəddüdsüz olaraq baş rola onu dəvət edir. Beləcə, müəlliminin düzgün sənət istiqaməti nəticəsində Azərbaycan kinosunun məşhur imzaları sırasına Səyavuş Şəfiyevin də adı əlavə olunur. Bu filmdən sonra o, yeddi tammetrajlı bədii filmdə (“Uşaqlığın son gecəsi”-Rüstəm, “O qızı tapın”- Firudin Kazımlı, “Ən vacib müsahibə”-Altay, “Nəsimi”-Mahmud, “Narahat adam”- sadə bakılı oğlan və s.) irili-xırdalı rollara çəkilir, müxtəlif xarakterli ekran personajlarını özünəməxsus ştrix və üslubda uğurla canlandırır.
Səyavuş Şəfiyevi dövrünün ictimaiyyətinə tanıdan, əsasən, sevdiyi idmançı peşəsi olsa da, nəsillərə sevdirən kino obrazlarıdır. Əhməd surətinin təfsirində hər bir kənddə, şəhərdə, ətrafımızda görmək istədiyimiz intellektual gənc obrazı əslində elə Şəfiyevin fərdi xarakterinin təzahürüdür. Əməkdar artist Elxan Qasımovun sənət dostu haqqında söylədikləri yerinə düşür: “Səyavuşu səbrli, mədəni, gülərüz, ağır təbiətli bir insan kimi xatırlayıram. Təmkininə həsəd aparmaq olardı. Qulaq asmağı bacarırdı. Çox gözəl ailə tərbiyəsi görmüşdü. İdmanla məşğul olurdu. İntellekti yüksək idi. Ən gözəl cəhətlərindən biri də bu idi ki, həyata, insanlara həqarətlə yox, gözəl baxırdı. Filmə baxanda da bunu görmək mümkündür. Hətta ümumi planlarda belə onun gözlərindəki parıltı görünür. Gözlər də ki… ürəyin aynasıdır.”
“Əhməd haradadır?” filmindən sonra “Uşaqlığın son gecəsi” ekran əsərində canlandırdığı Rüstəm obrazı aktyorun yaradıcılıq taleyində xüsusi yer tutdu. Respublikanın Xalq artisti Ənvər Həsənovun xatirələrindən: “Arif Babayev Səyavuş Şəfiyevi “Əhməd haradadır?” filmində görüb filmə dəvət etmişdi. Mən özüm də onu sözügedən kinokomediyadan tanıyırdım. Arif müəllim bizi tanış edəndə rol haqqında ətraflı məlumatlandırdı və bildirdi: “Çalışın həmişə bir yerdə olun. Çünki siz qardaş kimi çox yaxın, bir yerdə böyüyən və bir-birinə əziz olan qohumsunuz. Münasibətlərin səmimi alınması üçün də doğmalaşmağınız vacibdir. Filmin hazırlıq müddətində və çəkilişlər başladıqdan sonra demək olar ki, həmişə bir yerdə olurduq. Hətta gecə çəkilişləri üçün lazım olan bəzi səhnələrin real alınması üçün axşamlar evimizə də getmirdim. Çox vaxt dostlarla birlikdə Səyavuşgilə gedirdik. O, sirkin mehmanxanasında yerləşən ikiotaqlı mənzildə həyat yoldaşı və qızı ilə yaşayırdı. Eyvanda saatlarla söhbət edir, çay içir, nərd oynayır, gecəni yatmırdıq. Səhər film üçün lazım olan epizodu oynayanda həqiqətən də gecə növbəsində işləyən yorğun gözlü zavod işçisi obrazları inandırıcı alınırdı. Arif müəllim işinin ustası idi, bizə doğru sənət istiqaməti verirdi.”
Göründüyü kimi aktyorun xarakter üstünlüyü, insansevərliyi bir çox hallarda tərəf-müqabilləri və dostları ilə münasibətlərin uğurlu alınmasında əsas rol oynayıb. Əməkdar mədəniyyət işçisi, kinorejissor, “Uşaqlığın son gecəsi” filmində rejissor assistenti kimi çalışan Akif Rüstəmovun aktyorla bağlı xatirələrindən: “Mən Səyavuşla iki (“Uşaqlığın son gecəsi”, “Nəsimi”) filmdə işləmişəm. Amma onu “Şir evdən getdi“ filminin çəkilişləri zamanı daha yaxından tanıdım. Həmin filmdə ikinci rejissor kimi çalışırdım. Yaradıcı heyət əvvəl belə qərara gəldi ki, filmə canlı heyvaları çəksinlər. Bunun üçün də rəhbərlik məni SSRİ Dövlət Sirkindən heyvanlar almaq üçün ora ezam etdi. Həmin vaxtlarda Səyavuş Şəfiyev Moskva Dövlət Sirkində baş rejissor kimi çalışırdı. O, məni çox yaxşı qarşıladı və heyvanları gətirməyimlə bağlı kömək edə biləcək insanlarla tanış etdi. Qiymətləri də imkan olan qədər aşağı saldı. Amma yenə də qiymətlər baha olduğundan, çox sayda heyvanı gətirib çəkiliş üçün bir ay müddətində Bakıda saxlamağa imkanımız olmadığından heyvan personajlarını aktyorlar ifa etdi. Moskva Sirkindən ancaq fili gətirə bildik. Onu da Səyavuşun köməkliyi ilə etdik. Aktyorlara lazım olan libasları isə Moskva Dövlət Sirkinə aid olan atelyedə tikdirdik.
Çox mərd, mədəni insan idi. İncə yumor hissi vardı. Gözləri həmişə gülürdü. Hamıya əlindən gələn köməyi edirdi. Arif müəllimlə dost idilər. Filmdə ət mağazalarının sahibi rolunda (Məcnun) çəkilmək üçün Xosrov Abdullayevi Arif Babayevlə o tanış etmişdi. Xosrov da sirkdə çalışırdı, peşəkar aktyor deyildi, ancaq rolu uğurlu oynadı.
Səyavuş çəkilişlərdə həmişə həyəcanlı olurdu. Arif müəllimə deyirdi ki, məşq edək, sonra çək. Çəkiləcək olduğu səhnəni 3-4 dəfə məşq edirdi. Deyəndə ki, sabah çəkiliş üçün saat 10:00-da burada olun, saat 9:30-dan studiyaya gəlirdi. İnsanlarla xoş rəftarına görə hamı onu sevirdi. Yadımdadır, cənazəsini Bakıya gətirəndə görkəmli sənətkarlar Eldar Quliyev, Əliabbas Qədirovla birlikdə mən də getmişdim. Həmin hissləri təsəvvür etmək çətindir. Ölümü bizə çox pis təsir etmişdi…”
Səyavuş Şəfiyev uzun illər fəaliyyət göstərdiyi sirk sənətini ürəkdən sevdiyi kimi, kinoya da böyük ehtiram, məsuliyyətlə yanaşdı, kino obrazlarını peşəkarlıqla təqdim etdi. Sevilən kinonu yaradıcılığı vasitəsilə tamaşaçılara bir daha sevdirən, hər bir ekran personajı ilə hadisələrin gerçəkliyinə inandıran Səyavuş Şəfiyevin dolğun obrazları onu cəmiyyətə bir daha sevdirdi, yüksək mənəvi keyfiyyətləri, insani xüsusiyyətləri həmkarlarının və onu tanıyanların gözündə bir daha ucaltdı.
Dövlət Film Fondu