Azərbaycan teatr səhnəsində onlarla obraza həyat verən, milli kinomuzda tamaşaçıların yaddaşında “Arşın mal alan” musiqili kinokomediyasında Soltan bəy rolu ilə qalan tanınmış aktyor, Əməkdar artist Ələkbər Hüseynzadənin anadan olmasının 135-ci ildönümündə (03.10.1887-04.09.1967) əziz xatirəsini böyük ehtiramla yad edirik.
Azərbaycan teatr, kino sənətində özünəməxsus yaradıcılığı ilə seçilən, öz dəst-xətti olan Ələkbər Hüseynzadə 1887-ci il oktyabrın 3-də Bakıda tanınmış zərgər ailəsində dünyaya göz açıb. Beş il mollaxanada oxuyub və fars dilini öyrənib. Sonra isə rus-tatar (Azərbaycan) məktəbində təhsilini davam etdirib. Hələ məktəbdə oxuyarkən teatrla maraqlanıb və özfəaliyyət dərnəklərinə yazılıb, şəhərin müxtəlif teatr truppalarına müraciət edib. Müəllimi Səməd bəy Hacıəliyevin təşəbbüsü ilə teatra üz tutub, az müddətdə komediya aktyoru kimi tanınıb.
1913-cü ildə Tağıyev teatrında “Arşın mal alan” tamaşasında ilk dəfə Soltan bəy rolunu oynayıb. “Arşın mal alan” tamaşası bir il ərzində yalnız Bakının teatr səhnələrində 150 dəfədən çox oynanılıb. Dövri mətbuat səhifələrində tamaşa haqqında geniş yazılar dərc edilib. “Sədayi-həqq” qəzeti 3 noyabr 1913-cü il tarixli nömrəsində yazıb: “Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəyovun təzə operettası “Arşın mal alan” camaata çox xoş gəlib. Təkrar oynanmasını xahiş etdiklərinə görə cümə günü, noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir”.
“Arşın mal alan” operettası ekranlaşdırılanda aktyor seçimi vaxtı Soltan bəy roluna məhz Ələkbər Hüseynzadənin çəkilməsi məsləhət görülüb. Əsər ikinci dəfə ekranlaşdırılanda (1945) Soltan bəy rolunu yenə də Ələkbər Hüseynzadə oynayıb. Bu filmdən əvvəl Ələkbər Hüseynzadə səhnədə Soltan bəy obrazını 600 dəfə oynayıb. Onu da qeyd edək ki, yaradıcı heyətin peşəkarlığı sayəsində “Arşın mal alan” filmi keçmiş SSRİ və dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilib. Bu filmə görə rejissorlar Rza Təhmasib və Leşşenko, bəstəkar Üzeyir Hacıbəyli, aktyorlardan Rəşid Behbudov (Əsgər), Leyla Bədirbəyli (Gülçöhrə), Ələkbər Hüseynzadə (Soltan bəy), Münəvvər Kələntərli (Cahan xala) və Lütfəli Abdullayev (Vəli) 1946-cı ildə Stalin mükafatına layiq görülüblər.
Azərbaycan kinosunda 10-dan artıq filmdə irili-xırdalı yaddaqalan rollar yaradan Ələkbər Hüseynzadə ilk kino obrazından (Soltan bəy-1916) sonra “Qız qalası” filmində əyan, “Altıncı hiss” kinodramında Hüseynov, böyük buruq ustası, “Almaz” kinodramında Hacı Əhməd, “Qara daşlar” dram-macəra filmində Ağanemət, “Mahnı belə yaranır” bioqrafik dramında Molla Hacıməd, “Ögey ana” filmində Ayazın atası, “Kölgələr sürünür” filmində Murtuz, “Əmək və qızılgül”də çeçen, “Sehrli xalat” fantastik uşaq filmində qoca, “İyirmialtılar” tarixi dramında qoca qayınata və digər koloritli ekran personajlarını ərsəyə gətirib. Fərdi istedad və bacarığı sayəsində müxtəlif dövrlərə aid olan ekran personajlarını inandırıcı, dolğun yaradıb, yüksək sənətkarlıq məharəti ilə ekran hadisələrinin diqqətlə izlənilib qəbul edilməsinə, kinonun sevilməsinə imkan yaradıb.
Azərbaycan teatr və kino sənətində böyük xidməti olan, ömrünün sonuna kimi sənətinə sadiq qalan, çoxsaylı tamaşaçı auditoriyasının böyük rəğbətini qazanan Ələkbər Hüseynzadənin əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib, 1957-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
1967-ci il noyabr ayının 4-də Bakıda dünyasını dəyişən aktyorun peşəkar yaradıcılığı, yaddaqalan ekran obrazları onu gənc nəsillərə tanıdıb, sevdirib, unudulmağa qoymayıb.
Dövlət Film Fondu