Əkbər Fərzəliyev – 90

“Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət  Dram Teatrında kütləvi səhnələrdə çıxış edəndə burada kimləri görürdüm: Mirzəağa Əliyevi, Sidqi Ruhullanı, Ağasadıq Gəraybəylini, Rza Əfqanlını, Məlik Dadaşovu, Leyla Bədirbəylini, Barat Şəkinskayanı, Mərziyə Davudovanı, Möhsün Sənanini…  Bu məşhur sənətkarlarla görüşməyi, hal-əhval tutmağı və çay stolu arxasında oturmağı gələcəyin aktyoru kimi özümə fəxarət hesab edirdim.”

Bu sözlər gələcəyin məşhur kino aktyoru, ilk kino obrazlarından biri olan Aydın rolundan (“Qızmar günəş altında”) özünü milyonlara sevdirən, istedadlı aktyor, xeyirxah insan Əkbər Fərzəliyevə aiddir. Maraqlı ekran obrazları ilə diqqət çəkən aktyorumuzu yubiley ilində bir qədər yaxından tanıyaq, əziz xatirəsini böyük ehtiramla yad edək.

Əkbər Fərzəliyev 1932-ci il oktyabrın 1-də Qusar rayonunun Köhnə Xudat kəndində Fərzəli kişinin ailəsində dünyaya göz açıb. Humanitar elmlərə meyilli olduğundan 1953-cü ildə Bakıya gəlib, Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub.

Bakı kinostudiyasında görkəmli kinorejissor  Lətif Səfərov 1955-ci ildə  “Bəxtiyar” filmini çəkərkən kütləvi səhnələrdə iştirak etmək üçün institutdan bir qrup tələbə dəvət olunur. Onların arasında gənc tələbə Əkbər Fərzəliyev də olur. İlk çəkilişlərdən kino işçilərinin diqqətini cəlb edən aktyor tədricən müxtəlif xarakterli rollara dəvət alır, sənət sevgisini böyük yaradıcılıq eşqi ilə təsdiqləyir.

Kino ilə ilk tanışlıqdan sonra Azərbaycan Dövlət Dram Teatrının axşam tamaşalarında kütləvi səhnələrdə çıxış edib. Teatrda müqtədir sənətkarlardan Mirzəağa Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı, Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya, Mərziyə Davudova, Möhsün Sənani və başqaları ilə bir səhnəni bölüşən gənc aktyor sənətə daha da bağlanıb, yaradıcılığını təkmilləşdirib.

Görkəmli kinorejissor Hüseyn Seyizadənin quruluş verdiyi “O olmasın, bu olsun” filmində Üzeyir Hacıbəyli roluna çəkilən aktyor ona tapşırılan rolun öhdəsindən bacarıqla gəlib, ekran obrazını yaddaşlara yazıb. Aktyorun xatirələrindən: “Qocaman qrim ustası Georgi Parisaşvili Üzeyir bəyin cavanlıq şəklini güzgünün yanında qoyaraq məni ona oxşatmağa səy göstərirdi. Qrimi qurtarıb dörd tərəfdən məni süzüb: “Gedin. Sizə uğur olsun, elə Üzeyirin özüsünüz”, – dedi.

Yuxarıda sözügedən məşhur kinokomediyadan sonra Əkbər Fərzəliyev kinorejissor Lətif Səfərovun quruluş verdiyi “Qızmar günəş altında” filminə dəvət alır, baş rol olan Aydın obrazını yaradır. “Qızmar günəş altında” kinopovesti  rejissor Lətif Səfərovun “Bəxtiyar” musiqili filmindən sonra ikinci tammetrajlı bədii kino əsəridir. Filmin ssenarisini yazıçı Həsən Seyidbəyli özünün “Kənd həkimi” povesti əsasında yazıb. Filmdə şəhərdən kəndə işləməyə gələn gənc həkim Aydın Zeynalovun fədakar əməyindən, burada ilk məhəbbətini tapmasından bəhs olunur.

Rejissor, Əməkdar incəsənət xadimi Həbib İsmayılov “Ögey ana” məişət dramını çəkəndə epizodik rol da olsa, usta Əbdülü Əkbər Fərzəliyevə tapşırır.  Görkəmli kinorejissor Əlisəttar Atakişiyev isə “Bizim küçə” kinopovestində onu  boks üzrə məşqçi rolunda çəkir. Rejissor Həsən Sasanpurun 1960-cı ildə lentə aldığı “Mollanın sərgüzəşti” qısametrajlı bədii filmində isə Əkbər Fərzəliyev gənc aqronom rolunu ifa edir. Aktyor hətta məşhur rejissor Aleksandr Ptuşkonun “Mosfilm” kinostudiyasında (Rusiya) istehsal etdiyi “Al yelkənlər” bədii filmində (1961) dalğıc rolunda çəkilir.

Kinorejissor Hüseyn Seyidzadə 1960-cı ildə “Koroğlu” qəhrəmanlıq kinodastanını çəkərkən aktyora Eyvaz rolunu həvalə edir. Növbəti ekran obrazını dolğun, koloritli oynayan aktyorun xatirələrindən: ““Koroğlu” filmində çəkilərkən mən gözəl sənətkarlarımızı daha yaxından tanıdım. Leyla xanım Bədirbəyli, Möhsün Sənani, Atamoğlan Rzayevlə tərəf-müqabil olmaq nə qədər şərəfli və xoş idi. Onların yüksək etikası, mədəniyyəti və insanpərvərliyi adamı heyran edirdi.”

Kinematoqrafiya sahəsində 49 il çalışdıqdan sonra Əkbər Fərzəliyev Qusara, evlərinə qayıdır. Buna səbəb isə atasının xahişi olur. Qusara qayıtdıqdan sonra o, Qusar Ləzgi Xalq Teatrını təşkil edir və rejissor vəzifəsində çalışır. Aktyorun xatirələrinə bir daha nəzər salaq: “Atamın bir kəlməsi mənim üçün təkzibedilməz qanun idi. 1963-cü ilin may ayında Azərbaycan Respublikası Xalq Yaradıcılığı Evinin direktoru Məbud İsmayılzadə məni Qusar Rayon Partiya Komitəsinin I katibi Müslüm Murtuzayevə təqdim etdi. Bundan sonra mənim Qusar həyatım başlandı…”

1966-cı ildə Əkbər Fərzəliyevin rəhbərliyi altında Qusar rayon Mədəniyyət Evinin nəzdində “Ləzgi mahnı və rəqs ansamblı” təşkil olunub. Bu ansambl Bakıda respublika festivalında birinci yer tutub, dəfələrlə Moskvada və SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub, fəxri diplom və fəxri fərmanlara layiq görülüb.

1967-ci ildə yenə də Əkbər Fərzəliyevin rəhbərliyi ilə Xalq teatrının səhnəyə qoyduğu “Qisas” tamaşası Bakıda Mədəniyyət sarayında göstərilib və Özfəaliyyət İncəsənət Festivalının laureatı olub. Bundan başqa Əkbər müəllim rejissor kimi 1969-cu ildə “30 qəpiklik cərimə”, “Müqtədir”, 1971-ci ildə “Dağlar şahiddir” tamaşalarına quruluş verib.

Nəsr və poeziya yaradıcılığı olan Əkbər Fərzəliyev “Pələng”, “Baxışlar”,  “Qusarım”, “Hər şeydən şirin”, “Sınaq”, “Gəl barışaq”, “Zalım fələk”, “İntizar” və digər şeirlər yazıb. “İntizar” şeiri 1969-cu ildə Azərbaycan Dövlət Mahnı Teatrının sifarişilə yazılıb. Şeirə tanınmış Azərbaycan bəstəkarı Ruhəngiz Qasımova musiqi bəstələyib.

1971-ci ildə Qusar rayon İstehlak Cəmiyyətləri İttifaqına hüquqşünas təyin olunan Əkbər Fərzəliyev 1993-cü ilin sonunadək bu vəzifədə çalışıb. 1978-ci ildə Qusar rayon Xalq Məhkəməsində müvəqqəti olaraq xalq hakimi, təqaüdə çıxandan sonra isə Xalq məhkəməsində tərcüməçi işləyib.

Mehriban insan, qayğıkeş ailə başçısı olan Əkbər Fərzəliyev 1999-cu ildə 15 may (66 yaşında) tarixində dünyasını dəyişib. Yoxluğunda belə doğmalarının, sənətsevərlərin qəlbində xatirəsi əbədiləşib, maraqlı ekran personajlarına görə yaradıcılığı unudulmayıb.

Dövlət Film Fondu