Kino rəssamı Mayis Ağabəyovun doğum günüdür

Kinoda rəssam işinin xüsusi əhəmiyyəti var. Peşəkar kino rəssamlarının müxtəlif janrlı ekran əsərlərinə quruluş verdikləri rəsmlər kino istehsalı prosesində kadrların obrazlı həllini tapmasına, kinematoqrafik görüntünün təkmilləşməsinə xidmət edir.

Azərbaycan kinosunda 40-a yaxın filmdə quruluşçu rəssam kimi çalışan Xalq rəssamı Mayis Ağabəyovun (01.05.1941-17.06.2020) özünəməxsus yaradıcılıq üslubu da milli kino sənətimizin inkişafına təkan verib. Rəssamın filmlər üçün dəqiq ştrixlərlə işlədiyi illüstrasiyalar, verdiyi doğru mizanlar, dekorativ və natura təsvirləri, interyer və eksteryerlərin doğru seçimi filmlərin məzmun tamlığını, baxımlılığını təmin edib. İndi isə bir qədər ətraflı…

Mayis Əlişir oğlu Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olub. Sənətə hələ uşaq yaşlarından həvəs göstərib. 15 yaşından pionerlər evində rəssamlıq dərnəyinə gedib, burada sevdiyi sənətin sirlərinə dərindən bələd olub, ilk sənət nümunələrini müəllim və şagird heyətinə təqdim edib.

1961-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirən Mayis Ağabəyov kinoya olan böyük marağına və sevgisinə görə sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsinə verib və ali kino məktəbinə daxil olub. İnstitutda təhsil alarkən hər yay tətilində Bakıya qayıdıb. Kinostudiyada kino rəssamı assistenti kimi çalışaraq peşə sirlərinə yaxından bələd olub, peşə təcrübəsini artırıb. 1969-cu ildə təhsilini başa vurduqdan sonra vətənə qayıdıb. Həmin vaxtlarda “Azərbaycanfilm” kinostudiyasında istehsalata buraxılan “Sevil” (1970) film-operasında rəssam assistenti kimi çalışıb. Daha sonra kinostudiyada quruluşçu rəssam kimi fəaliyyət göstərib.

Onu da qeyd edək ki, peşəsinə böyük məsuliyyətlə yanaşan gənc rəssam hələ 1965-ci ildən bir sıra beynəlxalq və respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak edib. İstedad və bacarığını fərdi yaradıcılığında, həmçinin kino fəaliyyətində təsdiqləyib.

Mənbələrin birində rəssamın xatirələrinə rast gəlirik: “Mən ali təhsil aldığım müddətdə “Azərbaycanfilm” kinostudiyasında peşəkar kino rejissorlarından Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Həsən Seyidbəyli bizimlə maraqlanırdı. Onlar instituta gəlir, bizi restorana nahara dəvət edir, bizimlə yaradıcılıq söhbəti edir, ünsiyyət yaradırdılar. Mən diplom müdafiəmi edəndə Şamil Mahmudbəyov bildirdi: “Sən institutu bitir, səni çəkdiyim filmə rəssam kimi işləməyə dəvət edəcəm”. Belə də oldu. İlk dəfə kino rəssamı kimi Şamil Mahmudbəyovun quruluş verdiyi “Həyat bizi sınayır” (1972) filmində işlədim. Bundan sonra bir-birinin ardınca təkliflər almağa başladım”.

“Kinostudiya sənət adamlarının məkanıdır” deyən rəssam “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan müxtəlif janrlı filmlərdə, o cümlədən “Nəsimi” (Məmməd Hüseynovla birgə), “Babək”, “Ürək… Ürək…”, “Çətirimiz buludlardır”, “Təkcə adanı özünlə apara bilməzsən…”, “Nizami”, “Xoşbəxtlik qayğıları” (Məmməd Hüseynovla birgə), “Gümüşgöl əfsanəsi”, “Özgə vaxt” və digər ekran əsərlərində çalışıb. Müxtəlif dövrləri əhatə edən ekran əsərlərində hadisələrə uyğun canlı lövhələr yaradıb, hadisələri fərdi yaradıcılıq üslubunda dolğun təsvirlərlə diqqətə çatdırıb.

“Özümə borc bilirəm ki, əldə etdiyim biliyi, sənəti öz davamçılarıma ötürüm” deyən rəssam uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Akademik rəngkarlıq” kafedrasının professoru olub.

Ömrünü milli kinomuza həsr edən, maraqlı və baxımlı filmlərin ərsəyə gəlməsində mühüm rol oynayan kino rəssamının sənətdəki xidmətləri yüksək qiymətləndirilib. 1992-ci ildə Əməkdar, 2000-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2012-ci ildə təsviri sənət nominasiyasında “Humay” milli mükafatını alıb.

Dövlət Film Fondu