Aktyor Arif Quliyevin doğum günüdür

Onu hər kəs komik rolların ifaçısı kimi tanıyır. Çünki o, buna özü səbəb yaradıb və sənəti vasitəsilə insanlara daim gülüş, sevinc bəxş edib. Qeyri-normal həyat faktlarını, xarakterləri ustalıqla tənqid hədəfinə çevirən, cəmiyyətin mühakiməsinə verən aktyor sənətdəki peşəkarlığına, ətrafındakılara qarşı mehriban davranışına, insansevərliyinə görə qəlblərdə iz salıb, xatirəsi daim əziz tutulub. Söhbət Xalq artisti, istedadlı aktyor Arif Quliyevdən gedir.

Təəssüflər olsun ki, onun daim gülər çöhrəsini artıq üç ildir ki (07.05.2021), yalnız kino lentlərindən, televiziya tamaşalarından izləyirik. Bir yaz günündə göz açan unudulmaz aktyorumuzun əziz xatirəsini yad etməyi özümüzə borc bilirik.

Arif Quliyevin hər bir çıxışı tamaşaçı üçün böyük töhfə idi. Buna görə də izləyicilər onun teatr rollarını, ekran obrazlarını səbirsizliklə gözləyirdilər. Sənətkar özü də tamaşaçıların diqqət mərkəzində olduğunu yaxşı bilirdi, onların qarşısına yeni rolları, gülüş hədəfinə çevirdiyi maraqlı, məzəli personajları ilə çıxırdı. Bu baxımdan istər teatrda, istər televiziya tamaşalarında, istərsə də “Mozalan” satirik kinojurnalında, bədii filmlərdə oynadığı rollar, əsasən də müasirlərinin prototipləri fərdi xüsusiyyətinə, danışıq və davranışına görə yadda qalır, maraqla izlənilir, özünəməxsus intonasiya ilə söylədiyi fikir və frazalar insanlar arasında xoş münasibət yaradan zərbi-məsələ çevrilirdi. Bir sözlə, sənət fədaisinin insanlara və məsləyinə olan sevgisi cəmiyyətdəki rolunu müəyyənləşdirirdi və onu sevgi ilə əhatələndirirdi.

Arif Quliyev 1950-ci ildə may ayının 16-da Əli Bayramlıda dünyaya göz açıb. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1968-ci ildə oranı bitirib. Peşə biliciliyini artırmaq məqsədilə 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə qəbul olunub. İki il sonra Musiqili Komediya Teatrına dəvət edilib (1975). Teatrın səhnəsində müxtəlif səpkili obrazlar yaradıb. 1979-cu ildə institutu bitirdikdən sonra teatr fəaliyyəti ilə paralel olaraq Azərbaycan Televiziyasında hazırlanan tamaşalarda çıxış edib. Bir müddət İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1993-cü ildə Milli Dram Teatrına dəvət olunub. Teatrın səhnəsində hazırlanan tamaşalarda xarakterik rollar canlandırıb.

Arif Quliyevin dərin sənət duyumu, geniş yaradıcılıq potensialı kinematoqrafçıların da diqqətindən yayınmayıb. Onu müxtəlif janrlı filmlərə dəvət edib, yaradıcılıq potensialını təsdiqləməsinə imkan yaradıblar. “Azərbaycanfilm” kinostudiyasında yeni sənət nailiyyətlərinə imza atan aktyor müxtəlif janrlı ekran əsərlərində maraqlı, dolğun ekran obrazları ərsəyə gətirib, sənət biliciliyini dönə-dönə təsdiqləyib.

Aktyorun yaradıcılıq filmoqrafiyasında 30-a yaxın film var. Bunların içərisində bədii kinoda çəkildiyi, “Mozalan” satirik kinosüjetlərində və televiziya tamaşalarında oynadığı personajlar da var. Hər bir rolun səciyyəvi xüsusiyyətini məharətlə açan, yaradıcılıq qismətinə yazılan obrazları inandırıcı, məntiqli təqdim edən, mövzuya və dövrə aid hadisələrin şərhçisi kimi personajın mövqeyini, fikir və hisslərini dəqiq, həssaslıqla canlandıran aktyor orijinal jest və ifadələrlə rolların yaddaqalımlı olmasına, ekran əsərlərinin mahiyyətinin tamlıqla çatdırılmasına zəmin yaradırdı.

Ekran obrazlarının vacib xüsusiyyətlərini incə nüanslarla səciyyələndirən gülüş ustasının təkcə “Bəyin oğurlanması” filmində oynadığı Miriş rolunu xatırlamaq kifayətdir ki, kiçikplanlı rolun təfsirində personajın xarakter və psixologiyasını çatdırma məharətini, güldürməklə yanaşı düşündürmə qabiliyyətini xatırlayasan, sənət bilgisinin zənginliyini, yaradıcılıq priyomunun fərqliliyini  təsdiqləyəsən. Aktyorun digər yaddaqalan ekran personajlarından, Kərbəlayi (“Qəm pəncərəsi”), Piri (“Mənim ağ şəhərim”), milis nəfəri (“Bəxt üzüyü”), Hacı Kazım (“O dünyadan salam”), Tapdıq (“Axırıncı dayanacaq”) və başqa rolları jest və üslub, davranış və plastika baxımından bir-birindən fərqlənən maraqlı, dolğun personajlardır.

Hər bir obrazını həvəslə, fərqli çalarlarla təqdim edən aktyorun “Mozalan” satirik kinosüjetlərində oynadığı ərizəçi (“İşgüzar adamlar”), sərxoş (“100”) və başqa rolları, televiziya tamaşalarında canlandırdığı bazar satıcısı (“Evləri köndələn yar”), Şirulla (“Yarımştat”), Hacıağa (“Olacağa çarə yoxdur”), Kəlam (“Şans”) və digər personajları böyük sənət eşqinin, istedadının bariz nümunəsidir.

İstedad və bacarığı, zəhməti sayəsində geniş tamaşaçı auditoriyasının  rəğbətini qazanan aktyorun sənəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1982-ci ildə “Gənclər” mükafatına, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1993-cü ildə “Humay” mükafatı ilə təltif olunub. 2006-cı ildə teatrda qazandığı uğurlara görə “Qızıl dərviş”, 2012-ci ildə “Zirvə”  mükafatlarına, 2014-cü ildə “Sənətkar” medalına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Dövlət Film Fondu