Əbdül Mahmudov – 80

Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, kinorejissor, kinoaktyor və ssenarist Əbdül Mahmudovun 80 illik yubileyidir.

Əbdül Mahmudov 15 may 1944-cü ildə anadan olub. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi “Bir məhəllədən iki nəfər” və “Leyli və Məcnun” filmlərilə baş vermişdir. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq ixtisasında (1962–1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində dərs almışdır (1971–1973).

Bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdindəki Kinoaktyor teatrının bədii rəhbəri olmuşdur. “Şərikli çörək”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Nəsimi”, “Qəribə adam”, “Qətl günü”, “Əlavə təsir” və s. filmlərdə yaddaqalan rollar yaratmışdır. “Firəngiz”, “Qeyri-adi ov”, “Üzü küləyə”, “Atları yəhərləyin”, “Şəhərli biçinçilər”, “Doğma sahillər”, “Gecə qatarında qətl” bədii filmlərinin quruluşçu rejissorudur. Azərbaycanın böyük dövlət xadimi, Səfəvilər dövlətinin banisi Şah İsmayıl haqqında kinossenarinin müəllifidir.

Azərbaycan Dövlət Film Fondunun rəhbərliyi və kollektivi adından Əbdül müəllimi təbrik edir, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzulayırıq.