Aktrisa Ətayə Əliyevanın doğum günüdür

Azərbaycan kino sənətinin tanınmış simalarından olan Əməkdar artist, unudulmaz aktrisa Ətayə Əliyevanın anadan olmasından 104 il (02.05.1920-06.04.1995) ötür. İstedadı, bacarığı ilə sənət mühitində tez bir zamanda məşhurlaşan, geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan, ətrafındakılara, həmkarlarına qayğı və hörmətlə yanaşan, gözəl xüsusiyyətlərinə görə sevilən, xatirəsi əziz tutulan sənətkarımızı dərin ehtiramla yad edirik.

Ətayə Əliyevanın adı çəkiləndə, ələlxüsus da kino obrazlarını xatırlayanda xoş simalı, nəcib xüsusiyyətli xanım, ana rollarının mahir ifaçısı yada düşür. Buna onun xüsusi hörmət və ehtiramla yaratdığı rolları rəvac verir. Sənətə hələ kiçik yaşlarından maraq göstərən Ətayə xanım xatirələrində aktrisa olma səbəbini belə izah edib: “Bir dəfə atam bizi tamaşaya apardı. Onda mənim beş yaşım vardı. O zaman Bakıdan Aşqabada qastrola gələn aktyorlar tamaşa verirdilər. Tamaşanın adı yadımda deyil, amma o yadımdadır ki, cavan bir aktyor yaxasına qızılgül taxmışdı və mənə elə gəlirdi ki, o çox gözəl oynayırdı. Tamaşa qutardı, amma mən evə getmək istəmirdim. Elə bil ayaqlarım yerə mıxlanmışdı. Nə isə… Məktəbimizdə dram dərnəyi açılanda mən bu dərnəyə üzv yazıldım. Dərnəyin ilk tamaşasında (“Laçın yuvası”) mənə Pəricahan rolunu tapşırdılar. Tamaşa boyunca çox həyəcan keçirirdim və titrəyirdim, amma sözlərimi deyirdim (onda mənim 13 yaşım vardı). İkinci tamaşada isə daha sərbəst oldum”.

Sənətə məhəbbətini qəlbinin dərinliyində bəsləyən, tədricən böyüdən aktrisa illər sonra da arzularının ardınca gedib, istək və duyğularını məqsədinin qayəsinə çevirib. Ətayə xanımın xatirələrində oxuyuruq: “1933-cü ildə Aşqabaddakı Qarabağlar məscidində  yerləşən binanı teatra verdilər. Bu teatra o zaman Rza Əfqanlı, xanımı Bədurə ilə rəhbərlik edirdi. Sənətə həvəs məni gətirib teatra çıxartdı. Məşqlərdə Əfqanlı məndən razı qaldı. Dedi ki, səndən gələcəkdə yaxşı aktrisa ola bilər. Səhnə müqəddəsdir. Səhnə məbəddir. Gərək ona sadiq qalasan, eyni zamanda teatr təhsili alasan”.

1934-cü ilin sentyabr ayında Teatr Texnikumuna daxil olan Ətayə Əliyeva Fatma Qədrinin kursunda təhsil alıb, sənətin sirlərinə daha dərindən bələd olub. Teatrı böyük məktəb hesab edən aktrisanın ilk rolu haqqındakı fikirlərindən: “O vaxt teatrın baş rejissoru Tuqanov idi. Mənə dedi ki, sən qoçaq qıza oxşayırsan. Gərək bizə kömək edəsən. Sabah “Şeyx Sənan” tamaşasında Tamara xanımın rolunu oynayarsan, Zəhra obrazını. Sözlərini bilirsən? Dedim, bilirəm. Yoxladılar. Gördülər ki, rolu əzbərdən bilirəm. O gün ömrümün unudulmaz və əlamətdar günü idi. Şeyx Sənan rolunu böyük aktyor Abbas Mirzə oynayırdı. Mən Şeyx Sənanla vida səhnəsində həyəcandan titrəyirdim. Birinci səhnə qurtaran kimi nəcib və gözəl insan Abbas Mirzə özü mənə yaxınlaşıb təbrik etdi və dedi: “Səhnədə niyə titrəyirdin? Rolu çox gözəl oynadın”.

Ətayə xanımın xatirələrindən də göründüyü kimi teatr fəaliyyətinin ilk vaxtlarından etibarən bir çox tamaşalarda görkəmli səhnə ustalarından Abbas Mirzə Şərifzadə və digər sənət mogikanlarından – Mirzəağa Əliyev, Ağasadıq Gəraybəyli, Mustafa Mərdanov, Möhsün Sənani və başqa peşəkar sənətkarlarla tərəf-müqabili olub, tədricən sənət təcrübəsini püxtələşdirib. Səhnədə və ekranda səmimi, dolğun rollar yaradan, dialoq və monoloqlarında sadə, saf danışıq üslubunda danışıq mədəniyyətini, dilin gözəlliyini təcəssüm etdirən, təkmilləşməsində, təbliğində əvəzsiz rolu olan aktrisanın özünəməxsus yaradıcılığını izləyərkən görkəmli sənətkar Mustafa Mərdanovun təbirincə desək, “özümüzü daima Azərbaycan ailəsində hiss edirik”.

Müxtəlif teatrların (İrəvan Teatrı, Akademik Dram Teatrı, Gəncə Dram Teatrı) səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda fərqli xarakterli rolların öhdəsindən bacarıqla gələn aktrisanın ifasını teatr, kino ictimaiyyəti, sənətsevərlər rəğbətlə qarşılayır, sevirdilər. Teatr səhnəsində böyük yaradıcılıq təcrübəsi toplayan aktrisa ilk kino rolundan etibarən də qəlblərə yol tapdı, böyük uğur qazandı.

Kinoda debüt rolunu “Onu bağışlamaq olarmı?” filmində ifa edən Ətayə Əliyevanın  bir filmdə müxtəlif xarakterli iki rolu canlandırması (leytenant Qarayeva, Sara xala) yaradıcılıq potensialının zənginliyini bir daha təsdiqlədi. Görkəmli sənətkar Rza Təhmasib Ətayə Əliyevanın, eləcə də filmə dəvət etdiyi digər aktyorların sənət biliciliyinə,  istedadına yaxşı bələd olması, doğru rol bölgüsü etməsi kinodramın məzmun tamlığını təmin edib. Məqsədə yönələn məntiq və mənaların fonunda hiss və emosiyaların bolluğu zəminində çatdırılan fikirlər, mesajlar ekran əsərinin bədii keyfiyyətinin tamlığına xidmət edib, filmin uğurunu qoruyub saxlayıb.

Epizod rol kimi təqdim olunan leytenant Qarayeva obrazı filmin aparıcı qüvvələrindən biri olaraq qəbul edilir. Ziddiyyətlərin açılmasına, xarakterlərin tanıdılmasına zəmin yaradan Sara xalanın rola uyğunlaşdırdığı ifadə və jestləri sadə, avam ev qadını timsalında hadisələrin axıcılığına rəvac verməklə yanaşı, rəng qatır. İlk görünüşdə sərt və qaradinməz görünən leytenant Qarayevanın dilli-dilavər, mehriban, səmimi evdar qadın rolunu ustalıqla oynaması, fərqli, maraqlı metodlardan, obrazlı səs tembrindən istifadə etməsi ekran əsərinin mahiyyətini, rejissor və müəllif fikrini tamlıqla çatdırır.

Bundan başqa aktrisanın “Bizim küçə” kinodramında oynadığı Bəyim xala, “Telefonçu qız” lirik-psioxoloji filmindəki Simuzər, “Dağlarda döyüş” hərbi-vətənpərvərlik filmindəki Qəmbərin arvadı və televiziya tamaşalarındakı xarakterik rollarının, eləcə də bir neçə filmdə səsləndirdiyi ekran obrazlarının uğuru insan mənəviyyatının yüksəlişinə, sənətin ali səviyyədə təqdim və qəbul olunmasına hesablanıb.

Kinoda əsasən, ana rollarının mahir ifaçısı kimi tanınan Ətayə xanım Azərbaycan qadınının tipik xarakterlərini tamamilə fərqli maneralarda, üslub və çalarlarla çatdırıb, yüksək sənətkarlıq keyfiyyətini təsdiqləyib. Ekran personajlarına xüsusi boyalar, cizgilər əlavə etməklə xarakterik cəhətlərini fərqləndirib, həyat mövqeyini, daxili hiss və düşüncələrini ustalıqla təqdim edib.

Aktrisanın yaddaqalan kino obrazlarından biri də “Uşaqlığın son gecəsi” lirik ekran əsərindəki Mənsurə obrazıdır. Mənsurə sakit təbiəti daxilində həyatını imkanına, şəraitinə görə tənzimləyən, ailə dəyərlərini, övlad sevgisini mərhəmətli, şəfqətli ana məntiqinə uyğun nizamlayan qadındır. Filmdə lirik musiqinin müşayiəti ilə Mənsurənin monoloqu səslənir. Personajın yaxın keçmişini xatırladığı epizod xüsusilə diqqət çəkir. Həmin kadrın fonunda o, sanki insan həyatına yazılan ömür payının hər bir anının zamanı gəlincə xoş xatirəyə çevriləcəyini, ailə dəyərləri çərçivəsində yaşanan illərin kövrək, ən əziz nostalji  olacağını diktə edir. Bu mənada sakit təbiətli təvazökar obrazın həzin monoloqunda (tövsiyəsində) insan həyatının mənasının, hikmətinin fərqinə varırıq. Mənsurə rolunu isə, sənət taktikası, yaradıcılıq manerası güclü, məslək bilgisi çox olan aktrisanın sayəsində dərindən anlayırıq, sevirik və uğurlu kino personajlarının siyahısına əlavə edirik.

Azərbaycan qadınının mehriban, xanım-xatın, zəhmətkeş xüsusiyyətlərini yaradıcılığına yansıdan aktrisanın şəxsi keyfiyyətlərinin üstünlüyü, gözəlliyi ecazkar sənətinin fonunda özünü ifadə edir. Mehriban, qayğıkeş, nəcib xüsusiyyətli ana rollarını izlədikcə də qəlbimizdə, yaddaşımızda xəfif təbəssümlü, xoş simalı xanım kimi əbədiləşən Ətayə xanıma uca Allahdan rəhmət diləyirik, əziz xatirəsini böyük ehtiram və sevgiylə anırıq.

Dövlət Film Fondu