Emin Sabitoğlu – 85

Kinonu musiqisiz təsəvvür etmək çətindir. Filmlərə yazılan musiqilər ekran hadisələrinin məzmununu, dövrün ab-havasını tamaşaçıya aydın şəkildə çatdırır, həmçinin ekran personajlarının daxili aləmlərini, xarakter və düşüncələrini, psixologiyalarını emosionallıqla şərh edir. Məhz bu mənada filmlərin uğur qazanmasında, sevilərək baxılmasında kino bəstəkarlarının əməyi böyükdür.

Görkəmli bəstəkar, Xalq artisti, Dövlət Mükafatı laureatı Emin Sabitoğlunun kino musiqiləri də Azərbaycan kino sənətinin inkişafında əhəmiyyətli rol oynayıb. Bəstəkarın yubiley ilində (02.11.1937-18.11.2000) həyat və yaradıcılıq yoluna dərin ehtiram və böyük sevgi ilə nəzər salırıq.

İstedad alın yazısıdır. Onu zamanında doğru səmtə istiqamətləndirmək xoşbəxtliyin, böyük uğurların başlanğıcıdır. Azərbaycanın məşhur komedioqrafı, yazıçı və dramaturq Sabit Rəhmanın ailəsində dünyaya gələn gələcəyin məşhur bəstəkarı Emin Sabitoğlu da hələ kiçik yaşlarından musiqiyə həvəs göstərib. Orta məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Daha sonra Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. Oranı bitirdikdən sonra 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru işləməyə başlayıb.

Musiqinin müxtəlif janrlarında yazıb-yaradan bəstəkarın yaradıcılıq imkanları çoxşaxəlidir. Onun könül oxşayan musiqiləri, xalqımızın mədəni irsinə çevrilən, milli ruhumuzu tərənnüm edən mahnıları bu gün də dillər əzbəridir. Həmçinin yaradıcılığında xüsusi yer tutan, uzun illərdir müstəqil həyatını yaşayan bənzərsiz, yaddaqalan kino musiqiləri, mahnıları nəsillərin sevərək zümzümə etdiyi, dinlədiyi ölməz musiqi əsərləridir.

Emin Sabitoğlu kino musiqisinə hələ tələbəlik illərindən maraq göstərib. 40-dan artıq bədii və sənədli filmə musiqi yazıb.  Kino yaradıcılığı “Dağlarda zavod” (1962) sənədli filmi ilə başlayıb, bundan sonra “Kür”, “Yollar və küçələrlə”, “Sabahın xeyir, Bakı!”, “Dəniz” və s. sənədli filmlərə musiqi bəstələyib. Sözügedən sənədli filmlərə yazılan musiqiləri dinlədikcə kinonun ruhunu duyan, mövzunun mahiyyətini yaradıcılığında şərh edən, cilalayan bəstəkarın istedadının böyüklüyünü görməmək mümkün deyil. Ekran təsvirlərinin məna çalarlarını musiqiləri ilə açan bəstəkar sonralar sənədli kino sahəsində  böyük uğur əldə etdi.  “Azərbaycan çayı”, “Çiçək  yağışı” sənədli filmlərinə yazdığı musiqilər və digər filmlərə yazdığı mahnılar neçə onillərdir ki, dinləyicilər tərəfindən sevilə-sevilə  oxunur, müğənillərin repertuarından düşmür.

Emin Sabitoğlunun bədii kinoda ilk işi “Cazibə qüvvəsi” (1964) kinoalmanaxındakı “Dağ meşəsindən keçərkən” novellasıdır. Bunun ardınca o, “Poçt qutusu”, “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Yaramaz”, “Ölsəm…bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və başqa bədii filmlərə musiqilər və mahnılar bəstələyib.

Emin müəllim müsahibələrinin birində musiqili filmlərdən söhbət açaraq qeyd edir: “Mahnı yazan bəstəkar olduğum üçün 20-dən artıq bədii filmə musiqi yazmışam. Musiqili bədii filmlər bunların arasında çox az olub.”

Bəstəkarın filmlərə yazdığı musiqilər və mahnılar ekran qəhrəmanlarının düşdükləri şəraitlə bağlı keçirdikləri psixoloji vəziyyəti həssaslıqla çatdırır, hiss və həyəcanı təhlil edir, filmlərin baxımlılığını artırır.

Görkəmli kinorejissor Rasim Ocaqovla əməkdaşlıq bəstəkarın yaradıcılığında mühüm yer tutur. Rejissorun quruluş verdiyi “Ad günü”, “İstintaq”, “Bağlı qapı”, “Özgə ömür”, “Ölsəm… bağışla”, “Qətldən yeddi gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” və digər filmlərə bəstələnən musiqilər və mahnılar maraqla qarşılanan, dillər əzbərinə çevrilən, filmlərin uğuruna uğur qatan musiqi əsərləridir.

“Atları yəhərləyin” tarixi-macəra filminə yazılan musiqilər bəstəkarın yaradıcılığında xüsusi yer tutur. Tarixi hadisələri müşayiət edən musiqilər, obrazların həyat mövqeyini bəyan edir, həmçinin ümumi bir süjet xətti üzərində inkişaf edərək filmin leytmotivini özündə əks etdirir. Heç də təsadüfi deyil ki, filmin yaradıcı qrupu və Emin Sabitoğlu 1986-cı ildə Respublikanın Dövlət mükafatına layiq görülüb.

Emin Sabitoğlunun digər filmlərə bəstələdiyi kino musiqiləri haqqında uzun-uzadı danışmaq mümkündür. Ən əsası odur ki, onun hər hansı bir kino musiqisinin ümumi fonunda nikbin əhval-ruhiyyə, insanlara ötürmək istədiyi nəsihət və arzuları, xoş ovqat durur. Bu  isə bəstəkarın dünyagörüşünün zənginliyi, həyat bilgisinin dərinliyi, insanlara olan sevgisinin böyüklüyüdür ki, filmlərdən düşüncələrə, qəlblərə süzülür.

Dövlət Film Fondu