Bədurə Əfqanlı – 110

“Yaradıcılıq ürək ehtrasıdır və yalnız axtarışlara bağlıdır.”

Bu sözlər Azərbaycan teatr, kino sənətini bənzərsiz yaradıcılığı ilə zənginləşdirən,  Xalq rəssamı Bədurə Əfqanlıya məxsusdur.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-a yaxın filmdə geyim rəssamı kimi işləyən istedadlı rəssamın yubiley ilində (25.10.1912-07.05.2002) maraqlı və məzmunlu kino fəaliyyətini izləyir, həyat yoluna qısa nəzər salırıq.

Gələcəyin istedadlı rəssamı kimi tanınacaq olan Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 1912-ci il oktyabr ayının 25-də Bakıda dünyaya göz açıb. Atası Məlik kişi dövrünün tanınmış ziyalılarından olub. Məlik Ağamalov özü də rəsmlər çəkib, boş vaxtlarında övladlarına da ədəbiyyatı, incəsənəti təbliğ edib, onlarda bu sahəyə maraq oyadıb. Ailədə övladlara aşılanan incəsənətə sevgi nəticəsiz qalmayıb. Belə ki, Məlik kişinin böyük qızı Səyyarə xanım heykəltaraşlıqla məşğul olub. Bədurə Ağamalova isə əvvəlcə Bakı Pedaqoji Texnikumuna daxil olub (1929), sonra isə rəssam olmaq istəyi onu Bakı Rəssamlıq Məktəbinə gətirib çıxarıb (1931). Məkrəbi bitirdikdən sonra həyat yoldaşı, məşhur kino və teatr aktyoru Rza Əfqanlı ilə Aşqabada yola düşüb (1933).

Bədurə Əfqanlı 1934-1935-ci illərdə Aşqabad  Dövlət Azərbaycan Musiqili Dram Teatrında işləyib, orada hazırlanan tamaşalara bədii tərtibat verib. 1940-1960-cı illərdə  Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışıb. Azərbaycan Dövlət Rus Dram Teatrının bir sıra tamaşası, həmçinin, opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkib.

Bədurə xanım çalışdığı müxtəlif teatrlarda peşəkarlıq nümayiş etdirib, sənətə olan məhəbbətini hər bir yaradıcılıq nümunəsi ilə təsdiqləyib. Göründüyü kimi teatrda böyük xidmətləri olan istedadlı rəssam 1960-cı ildən etibarən “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam kimi fəaliyyət göstərib. Öz üzərində daim çalışan, əmək və bacarığı sayəsində məhsuldar iş ortaya qoyan Bədurə xanım kino sənətində də bənzərsiz yaradıcılıq nümayiş etdirib, ekran personajlarına uyğunlaşdırdığı maraqlı eskizləri əsasında hər dövrə aid əlbəsələr, libaslar hazırlayıb.

Müxtəlif dövrlərin reallıqlarını əks etdirən ekran əsərlərindəki hadisələrin real görünməsində, inandırıcı təsir bağışlamasında rəssamların rolu böyükdür. Kinoda işləyən geyim rəssamı savadlı olmaqla yanaşı, geniş dünyagörüşünə malik olmalıdır. Milli kinomuzda öz dəst-xətti ilə seçilən Bədurə xanımın kino fəaliyyətinə nəzər saldıqda  məhsuldar əməyinin nəticəsi olan, müxtəlif dövrləri əhatə edən hadisələrin, xüsusiyyətlərin geyimlərlə harmoniya təşkil etdiyini görürük. Rəssamın eskizləri əsasında hazırlanan geyimlər müxtəlif dövrlərin mühitini əhatə edir, insanları haqqındakı təsəvvürlərimizi zənginləşdirir.

Görkəmli kinorejissor Hüseyn Seyidzadə 1960-cı ildə “Koroğlu” film-dastanına quruluş verəndə Bədurə xanımı yaradıcı heyətin tərkibinə geyim rəssamı kimi dəvət edir.

Filmdə XVI əsrin II yarısında baş verən hadisələr, Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizə təsvir olunub, əfsanəvi qəhrəman Koroğlunun (aktyor Əfrasiyab Məmmədov) həyat yolu işıqlandırılıb.

Eyniadlı məşhur xalq dastanının ekran variantında dövrün prototiplərini canlandıran aktyorların libasları xarakterlərini dəqiqləşdirir, hadisələrin reallığına rəvac verir, həmçinin personajların həyat tərzini əks etdirir. Hər təbəqəyə aid personajların geyimi onların psixologiyasını, həyat mövqeyini, sosial durumunu xarakterizə edir.

Rejissor ideyasının, həmçinin dastanın bədii təcəssümünün tamaşaçıya dolğun, inandırıcı çatdırılmasında bilavasitə rol oynayan geyimlər ekran hadisələrinin gerçəkliyini, personajların reallığını diktə edir. Məsələn, filmin qəhrəmanlarından, Koroğlunun, Həsən xanın, əyanların, sarayda yaşayan qadınların, rəqqasələrin, dayənin, Kosa Səfərin, dəmirçilərin, döyüşçülərin geyimləri həyat mövqeləri ilə yanaşı, mənəvi durumlarını, düşüncə tərzlərini xarakterizə edir, ünsiyyət və münasibət formalarına aydınlıq gətirir. Bədurə xanımın peşə bilgisi ilə sənət sevgisinin vəhdəti rejissor ideyasını tamamlayır, nəticə etibarı ilə də filmdə bitkin, məzmunlu kadrlar sıralanır.

Bədurə Əfqanlının çalışdığı digər ekran əsərlərindəki (“Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Sevil” (film-opera), “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd”) geyimlər də fərqli dövrlərin mühitini, ab-havasını xarakterizə edir, hadisələr və xarakterlər haqqında dolğun məlumat əldə etməyimizə imkan yaradır.

Ekran personajlarının geyimləri fərdi xüsusiyyətləri təsdiqlədiyinə, kimliklərini əks etdirdiyinə görə yuxarıda sözügedən filmlər uğurlu ekran taleyini yaşayır.

Bədurə Əfqanlının kino fəaliyyəti azlıq təşkil etsə də, yaradıcılıq üslubu, sənət sevgisi haqqında uzun-uzadı danışmaq mümkündür. Məhz bu mənada bilik və bacarığını yaradıcılığına yansıdan, ekran əsərlərinin uğurlu alınmasında, tamaşaçı qəlbində iz salmasında mühüm rolu olan Bədurə Əfqanlının sənəti örnək, xatirəsi əzizdir.

Dövlət Film Fondu