Noyabrın 10-da Nizami Kino Mərkəzində şanlı zəfərimizin ikinci ildönümü münasibətilə isveçli fotoqraf, operator Mikael Silkeberqin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr etdiyi “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olub.
Sənədli film Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşib.
Təqdimatda çıxış edən filmin prodüseri Rahim Sadıqbəyli 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə görə müzəffər ordumuza və Ali Baş Komandana təşəkkür edib. Azərbaycan dövlətinin hər zaman xaricdə yaşayan soydaşlarımızın yanında olduğunu deyən prodüser bildirib ki, bu, onlar üçün ikiqat məsuliyyətdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov Vətən müharibəsi və Şuşaya həsr olunan filmlərdən söz açıb. Bildirib ki, nazirlik Vətən müharibəsi mövzusunda 30-a yaxın layihə gerçəkləşdirib.
Xarici İşlər Nazirliyinin UNESCO üzrə nümayəndəsi Emil Əhmədov yaradıcı heyəti təbrik edərək bildirib ki, “Xarıbülbül əfsanəsi” adlı sənədli filmin bugünkü təqdimatının Azərbaycan xalqı üçün müqəddəs məkan olan Şuşa şəhərinin azad edildiyi, habelə şanlı zəfərimizin 2 illiyinin yenicə qeyd olunduğu tarixlə üst-üstə düşməsi özü bir simvolik məna daşıyır.
Filmin rejissoru Mikael Silkeberq çıxışı zamanı Azərbaycanda olmağından məmnunluğunu ifadə edərək Şuşanı Şərqlə Qərbi birləşdirən mədəniyyət ocağı, Bakını Şərqin Parisi adlandırıb. Müəllif filmin ərsəyə gəlməsində dəstək olanlara və nümayişə qatılanlara minnətdarlığını bildirib.
Çıxışlardan sonra film nümayiş olunub. Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ, Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğamı və təbiətilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edib.