XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı baş tutdu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə noyabrın 11-də Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılışı keçirilib.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi ənənəvi festivalın dəstəkçilər sırasında Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “Öz Film” şirkəti, “British Council”, Bakı Kitab Mərkəzi və başqa şirkətlər yer alır.

Açılış mərasimində festivalın direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev qeyd etdi ki, bu il festivala 79 ölkədən (Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Ukrayna, Misir, İran, Qırğızıstan, Çin, Cənubi Koreya və s.) 814 film qatılıb. Onlardan 91 film müsabiqəyə təqdim edilib. Seçim komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı – “Qızıl nar” uğrunda yarışacaqlar.

Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, festival çərçivəsində kinosevərlər bir-birindən maraqlı və rəngarəng filmləri seyr edəcəklər.

Diqqətə çatdırılıb ki, beynəlxalq müsabiqədə yarışan filmləri tanınmış gürcü rejissoru və prodüseri Georgi Ovaşvili, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, türkiyəli prodüser Əmrah Kılıç qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində kinorejissor Mirsadıq Ağazadə, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov, tanınmış şair, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.

Bildirildi ki, builki festivalda “Asiya istedadları” adlı müsabiqə proqramı nəzərdə tutulub. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır. Qalibləri kino tənqidçisi Aliyə Dadaşova və Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəcək.

Kann, Venesiya, Berlin film festivallarında mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.