Tanınmış aktyor Gündüz Abbasovun doğum günüdür

Maraqlı, koloritli ekran obrazları ilə çoxsaylı tamaşaçı auditoriyasının sevgisini qazanan unudulmaz aktyorumuz Gündüz Abbasovu böyük ehtiramla yad edirik.

Gündüz Abbasov 1930-cu il noyabr ayının 20-də Bakının məşhur dağlı məhəlləsində, Abbasovlar ailəsində dünyaya gəlib. Anası – musiqiçi, pedaqoq və tibb təhsili olan ziyalı qadın, dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım və atası – tanınmış yazıçı, jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasov övladlarını “Sevil” pyesindəki Balaşın oğlu Gündüzün adı ilə adlandırıblar. Boy-buxununa, yaraşığına görə yaşıdlarından seçilən Gündüz böyüdükcə istedad və bacarığını çalışqanlığı sayəsində məhsuldar iş əmsalına çevirir, yaradıcılığını püxtələşdirir, yaşıdları içərisində sayılıb-seçilirdi. O, hələ kiçik yaşlarından mütaliəni sevib, ədəbiyyata olan həvəsi sonralar ədəbi fəaliyyətlə məşğul olmasına, hekayələr yazmasına və tərcümələr etməsinə səbəb olub. XX əsrin 50-60-cı illərində “Papasının qızı”, “Canlı körpü”, “Qanadlar” adlı üç kitabı nəşr olunub. Yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunub, xarici ölkə yazıçılarının əsərlərini, dublyaj üçün ssenariləri Azərbaycan dilinə tərcümə edib.

Daim potensialını artırmağa iddialı olan gənc müxtəlif tədbirlərdə iştirak edib, həmçinin tələbəlik illərində dörd il voleybol üzrə Azərbaycan yığma komandasının üzvü, sonra isə kapitanı olub. SSRİ çempionatında iştirak edib. Bundan əlavə, bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri işləyib. Orada çalışarkən bir çox bayram verilişlərinin ssenarilərini yazıb, yeni tipli, orijinal verilişlərin hazırlanmasında yaxından iştirak edib. “Uşaqgəncnəşr”də, “Azərnəşr”də redaktor kimi fəaliyyət göstərib. “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyərkən jurnalist kimi həmin qəzetin daha maraqlı, müasir baxımdan oxunaqlı olması üçün xeyli zəhmət çəkib.

Çoxşaxəli yaradıcılığında Gündüz Abbasovu geniş tamaşaçı auditoriyasına sevdirən, ona böyük şöhrət gətirən kino ilə tanışlığı hələ 12 yaşında olub. 1942-ci ildə “Sovet pəhləvanı” adlı qısametrajlı bədii filmdə çəkilib. Film Böyük Vətən müharibəsindəki igidliyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədova həsr olunub. Gündüz Abbasov həmin filmdə İsrafil Məmmədovun kiçik dostu, balaca çoban rolunda çıxış edib. Böyük kinoda debüt rolu isə “Onun böyük ürəyi” filmində prokuror Rəcəb obrazı olub.

1958-1990-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın filmdə irili-xırdalı ekran obrazları yaradan aktyor “Bir qalanın sirri” nağıl-filmində Elşən, “Aygün” televiziya-bədii filmində Elyar, “Bizim küçə” kinodramında Rasim, “Leyli və Məcnun” filmində Zeyd, “Telefonçu qız”da Mehribanın atası, “Dədə Qorqud”da Bəybura, “Qərib cinlər diyarında” nağıl-filmində İblis, “Babək” tarixi-bioqrafik filmində Pərvinin atası və digər filmlərdə maraqlı, koloritli ekran obrazları yaradıb.

Görkəmli kinorejissor Əlisəttar Atakişiyev “Bir qalanın sirri” (1959) filmini ekranlaşdıranda Elşən roluna dəqiq seçim etməklə Gündüz Abbasovun ekran cəngavərini nəinki filmin, hətta illərin qəhrəmanına çevirdi, aktyoru nəsillərin qəlbində əbədiləşdirdi, obrazın təfsirində qəhrəmanlıq mücəssəməsinin bütünü qoydu.

“Aygün” televiziya-bədii filmində Elyar obrazının təfsirində mərd, niyyəti düz, təmiz vicdanlı orta yaşlı bir insan xarakterini izləyirik. Elyar Aygünə olan saf sevgisini etiraf etməklə ziyalı, nəcib xüsusiyyətli Aygünün analıq, qadınlıq məlahətini, nəvazişini qiymətləndirməklə sevdiyi qadına olan hörmət və ehtiramını yüksək mədəni etiket qaydası çərçivəsində təqdim edir. Elyar obrazı yaradıcılıq imkanlarını geniş şərh etməyə imkanı olmayan kiçikplanlı ekran personajı olsa da, aktyorun rola uyğunlaşdırdığı intellektual davranışı çərçivəsində nəcib keyfiyyətli alicənab bir personajın xarakterik cəhətlərini izləyirik. Aktyorun müsbət xarakterli rollarına yansıtdığı nümunəvi cəhətli personajları sırasında “Bizim küçə” filmində Rasim, “Leyli və Məcnun” filmində Zeyd obrazları da yaddaqalımlı, uğurlu və baxımlıdır.

Təəssüflər olsun, Gündüz Abbasovun yaşlı, kədərli ekran personajlarını orta yaşdan etibarən (45 yaşından – “Dədə Qorqud” filmindən) kinoda seyr etdik və pessimist rolları gözlənilmədən kinoda daha çox sıralanmağa başladı. “Dədə Qorqud” filmində Bəybura, “Babək” tarixi-bioqrafik filmində Pərvinin atası, “Telefonçu qız” filmində Mehribanın atası, “İşarəni dənizdən gözləyin” filmində şair, “Yuxu” filmində Hidayət kişi və digər personajlar ekran hadisələrinin məzmununun tam olaraq tamaşaçıya çatdırılmasında əhəmiyyəti olan personajlardır.    

Bəli, göründüyü kimi Gündüz Abbasovun məharətlə, böyük sənət sevgisi ilə yaratdığı ekran obrazları şəxsiyyətini, şəxsiyyəti isə yaradıcılığını dönə-dönə xatırlamağımıza səbəb yaradır. Bu isə insanlıqla peşəkarlığın vəhdəti və təcəssümüdür.   

Dövlət Film Fondu