Bəstəkar Emin Sabitoğlunun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan Dövlət Film Fondunun və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, “Şöhrət” ordenli Emin Sabitoğlunun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirildi.

Emin Sabitoğlu rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli-mədəni ənənələr zəminində yüksələn və müasir musiqinin nailiyyətlərindən uğurla bəhrələnərək Azərbaycanın mədəniyyət salnaməsini zənginləşdirən şəxsiyyətlərdəndir. Bəstəkar sözlə nəğmənin ahəngdar vəhdətində mahnı janrının nadir incilərini meydana gətirmiş, çox sayda kinofilmlər və teatr tamaşaları üçün yazdığı yaddaqalan melodiyalarla unudulmaz bədii lövhələr yaratmışdır.

Bəstəkarın anadan olmasının 85 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə çıxış etmişdir.

Tədbirdə Emin Sabitoğlunun yaradıcılığında kino musiqisi haqqında Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov çıxış etdilər. Çıxışlar zamanı Emin Sabitoğlunun musiqi müəllifi olduğu filmlərdən fraqmentlər nümayiş olundu.

Musiqişünas, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə Emin Sabitoğlunun musiqi mədəniyyəti tariximizdə xidmətləri, yaradıcılıq yolu haqqında danışmış, xatirələrini bölüşmüşdür. Daha sonra bəstəkarın qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Emin Sabitoğlunun səs və fortepiano üçün “Romanslar” not məcmuəsinin yeni nəşrini təqdim etdi. Kitabda dərc olunmuş əsərlərdən bəziləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti kafedrasının müdiri, professor Məryəm Babayevanın rəhbərliyi ilə tələbələr Türkay Məlikova, Yavər Yılmaz, Bəxtiyar Quliyev, Xasay Şıxıyev və konsertmeysterlər Aysel Şahbazlı, Zəhra Parlanovanın ifalarında səslənmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, musiqi sektorunun müdiri Vüqar Hümbətov, Azərbaycan musiqi, kino, teatr ictimaiyyəti, Bakı muzeylərinin əməkdaşları iştirak etmişlər.

Tədbir iştirakçıları Azərbaycan Dövlət Film Fondunun materialları əsasında hazırlanmış fotosərgi ilə tanış oldular.