Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirildi.
Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirov qüdrətli sənətkar kimi mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmişdir. Görkəmli bəstəkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirmişdir. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş coğrafiyada şöhrət qazandırmışdır. Fikrət Əmirovun zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir.
Görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunmuş tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova giriş sözü ilə açdı.
Sonra Azərbaycan Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Fikrət Əmirov” (1985) sənədli filminin təqdimatı keçirildi. Kinolentdə bəstəkarın ölümündən bir qədər əvvəl çəkilmiş kinoxronikadan, fotoşəkillərdən istifadə edilmişdir. Kino əsərinə “Sevil” operasından, “Min bir gecə” baletindən ayrı-ayrı səhnələr, Rəşid Behbudovun, Nəbi Xəzrinin, Tixon Xrennikovun müsahibələri daxil edilmişdir. “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan filmin rejissoru Əməkdar incəsənət xadimi Cahangir Zeynallı, operatorları Şərif Şərifov və Rafiq Qəmbərovdur.
Tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Cəmil Quliyev, filmin rejissoru, Əməkdar incəsənət xadimi Cahangir Zeynallı, operatoru, Əməkdar incəsənət xadimi Rafiq Qəmbərov çıxış etdilər. Filmə baxışdan sonra musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı çıxış etdi.
Tədbir Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı ilə davam etdi.
Sonda bəstəkarın qızı Sevil Əmirova ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.