Münəvvər Kələntərli – 110

Azərbaycan teatr və kino sənətində özünəməxsus yaradıcılıq tərzinə, ifa manerasına, istedad və bacarığına görə çoxsaylı tamaşaçı auditoriyasının sevgisini qazanan aktrisalarımızdan biri də Əməkdar artist Münəvvər Kələntərlidir. Aktrisanın uğurlu səhnə və ekran obrazları sənətə olan sonsuz hörmətinin təzahürüdür. Teatr və kino obrazlarını yaddaşlara, adını qəlblərə yazan istedadlı aktrisanın anadan olmasından (21.12.1912-05.02.1963) 110 il ötür. Yubiley ili münasibəti ilə aktrisanın kino yaradıcılığına bir daha nəzər salaq.

Səhnəmizin və kinomuzun sevimlisi olan Münəvvər Kələntərli 1912-ci il dekabrın 21-də Lənkəranda, tacir Səməd kişinin ailəsində dünyaya göz açıb. Anası Pəricahan xanım evdar qadın olub. Üç oğul, iki qız atası olan Səməd kişi bu dəfə də qız övladının dünyaya gəlməsini böyük sevinc hissi ilə qarşılayıb. Körpəyə xeyir-duasını verərək onu Münəvvər (nur çöhrəli) adlandırıb.

Gələcəyin peşəkar aktrisası kimi tanınacaq Münəvvər Kələntərlinin ailəsindəki səmimiyyət, xoş ünsiyyət, insanlara sevgi, hörmət ailədə tərbiyə alan xanımın da fərdi xüsusiyyətinə sirayət edib, mehriban xarakterə sahib olması sənətdə uğur qazanmasına səbəb yaradıb.

Münəvvər xanımın bacısı qızı Nanə Kələntərlinin müsahibəsindən: “Mənim atam da, anam da tez rəhmətə getmişdi. Mina bizə analıq eləyib. Biz ona “Mina” deyirdik. O, çox mehriban qadın idi. Bu xüsusiyyət ona ata və anasından keçmişdi. Qardaşı Haşım Kələntərli dövrünün tanınmış muğam ustası idi. Digər qardaşı Məmmədhüseyn bacarıqlı çəkməçi idi, Cabbar isə İkinci Dünya müharibəsindən qayıtmamışdı. Anam Humra xanım evdar qadın idi. Xalam Xanbacı xanım ata ocağında yaşayırdı, xasiyyətcə nə anama, nə də Minaya oxşamırdı, məzəli cəhətləri çox idi. Ümumiyyətlə, bu ailədə böyüyən uşaqların oxşar cəhətlərindən biri bu idi ki, sanki onların hər biri anadangəlmə komediya artisti idilər.”

Münəvvər xanım 16 yaşına qədər Lənkəranda yaşayıb. Qardaşı Haşım bəy bacısının sənətə sevgisini görüb və zamanında doğru səmtə istiqamətləndirərək Bakıya gəlməsinə imkan yaradıb. Münəvvər Kələntərlinin Bakıya gəlişi həyatını tamamilə dəyişib. 1933-cü ildə o, Haşım bəyin təklifi, bəstəkar Müslüm Maqomayevin dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrının xor qrupuna işə götürülüb. Burada bir müddət işlədikdən sonra sənət yolunu Musiqili Komediya Teatrından salıb. Teatrın səhnəsində “O olmasın, bu olsun”da Sənəm, “Arşın mal alan”da Cahan xala, həmçinin bir sıra tamaşalarda məzmunlu, koloritli rollar yaradıb. Azərbaycan qadınının tipik cəhətlərini, mülayim, zəhmətkeş, yeri gələndə sərt, bəzənsə qayğıkeş xüsusiyyətlərini dolğun, real çalarlarla tamaşaçıya çatdırıb.

17 yaşından böyük sevgi və şövqlə sənətə sarılan, sənətini yüksək səviyyədə təbliğ edən aktrisa cəmiyyətin, eləcə də teatr ictimaiyyətinin rəğbətini qazanıb, sənətdə göstərdiyi xidmətlərə görə də Azərbaycanın Əməkdar artisti fəxri adını alıb (1940).

Peşəkar teatr aktyorları kinonun uğuruna uğur qatıb, daha da məşhurlaşdırıb. Kino  Münəvvər Kələntərlinin də sənət xoşbəxtliyini artırıb. Belə ki, aktrisanın kinodakı debüt rolu (Cahan xala) onun tez bir zamanda sevilməsinə səbəb olub.

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında çəkilən “Arşın mal alan” (1945) kinokomediyasındakı Cahan xala obrazını aktrisa 32 yaşında yaradıb, maraqlı, xarakterik ekran surəti ərsəyə gətirib. Film ekranlara çıxdıqdan sonra dünyanın 150-dən artıq ölkəsində nümayiş etdirilib. Bu böyük uğurun əldə edilməsində yaradıcı heyətlə bərabər Münəvvər Kələntərlinin zəhməti əvəzsizdir. Yaradıcı heyətin filmi böyük sevgi və həvəslə ərsəyə gətirməsi, obrazların mövqeyini səmimiyyətlə təqdim etməsi ekran əsərinin koloritini daha da artırıb, baxımlı edib. Elə buna görə də 1946-cı ildə filmin yaradıcı heyəti (yeddi nəfər), o cümlədən Münəvvər Kələntərli Stalin mükafatına layiq görülüb.

Ardıcıl olaraq 10 filmdə maraqlı, məzmunlu obrazlar yaradan aktrisa hər bir rolunu yaddaqalan, inandırıcı təqdim edib, yaddaşlara yazıb. İronik ifası, hadisələri dərindən duyma bacarığı, kameranın hərəkətinə həssasıqla cavab vermə qabiliyyəti ekran obrazlarının fərdi xüsusiyyətlərini dəqiq çatdırmağa, rolların nailiyyətinə imza atmağa imkan verib.

Daim nikbin, xoşxasiyyət olan aktrisanın daxili plastikası, istedad və bacarığı onun daha çox kinokomediyalarda rol almasına səbəb olub. Bu mənada “Bəxtiyar” kinokomediyasında Gülzar xala, “O olmasın, bu olsun”da yengə, “Kazbek qutusu”nda Məmişovun arvadı,  “Əmək və qızılgül” filmində yaratdığı Sonu obrazlarını təkcə aktrisanın yox, ümumilikdə milli kinomuzun uğuru hesab etmək olar.

“Görüş” kinokomediyasında Münəvvər, “Qızmar günəş altında” filmində Gülbahar, “Onun böyük ürəyi” kinodramında Səmayənin iş yoldaşı obrazları fərqli xarakterə, düşüncəyə malik personajlardır. Müasirimizə çevrilən ekran obrazlarının inandırıcı olmasına rəvac verən isə hadisələrin mahiyyətini dərindən duyan aktrisanın obrazların psixologiyalarına uyğunlaşdırdığı parlaq və qabarıq ifasıdır. Bu mənada xarakterlər ustası olan aktrisanın məhz sənətə olan sevgisi və dərin bilgisi rolların inandırıcı, uğurlu  alınmasına, sənətində şəxsiyyətini, şəxsiyyətində də sənətini xatırlatmasına səbəb olub.

Dövlət Film Fondu