Yanvarın 10-da “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatı dəstəyilə Azərbaycan Dövlət Film Fondunda tanınmış animasiya filmləri rejissoru Məsud Pənahinin 80 illik yubileyi qeyd olunub.
Tədbirdə tanınmış rejissorun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, rejissorun “Bulud niyə ağlayır?”, “Pıspısa xanım və Siçan bəy”, “Dınqıl, sazım, dınqıl” və s. filmlərin yaradılmasında əməyi xüsusi vurğulanıb. Yubiley mərasimində rejissorun uzun illərdir fəaliyyətini Almaniyada davam etdirdiyi qeyd olunub və səbəbkarla onlayn formatda canlı bağlantı yaradılıb. Tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Film Fonduna, “Azərbaycanfilm” kinostudiyasına və Azərbaycan Animasiya Assosiasiyasına təşəkkür edən yubilyarın çıxışı alqışlarla qarşılanıb.
Yubiley mərasiminin davamında “Azərbaycanfilm” kinostudiyasının nəzdində animasiya studiyasının formalaşdırılmasında Məsud Pənahinin fəal iştirakından bəhs edilib, onun Azərbaycanda animasiya sahəsinə bir çox yeniliklər gətirməsi, 1970-ci illərdə kinostudiyada xüsusi animasiya kursları təşkil etməsi barədə söhbət açılıb. Çıxış edən digər natiqlər və ailə üzvləri Məsud Pənahinin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirin sonunda Dövlət Film Fondu tərəfindən bərpa olunmuş “Qız qalası əfsanəsi” və “Günlərin bir günündə…” animasiya filmləri, həmçinin uzun müddət itirilmiş hesab olunan, Məsud Pənahi tərəfindən Film Fonduna təqdim olunmuş “Xoruz” filmi də nümayiş etdirilib.