Azərbaycan Dövlət Film Fondunda Tofiq İsmayılovun filmləri nümayiş olundu

Aprelin 6-da Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirildi. Xalq artisti, kinorejissor Tofiq İsmayılovun doğum günündə baş tutan tədbir onun yaradıcılığına həsr olundu.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Tofiq İsmayılovun Azərbaycan bədii və sənədli kinosundakı xidmətlərindən, bu sahəyə gətirdiyi yeniliklərdən danışdı.

Sonra rejissor T.İsmayılovun “Şəhərimin daşları” (1968) və “Prima” (1994) filmləri tamaşaçılara təqdim olundu.

Nümayişdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Əməkdar artist, aktyor Ötkəm İsgəndərov, Xalq artisti, kinorejissor Əbdül Mahmudov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, “Prima” filminin qəhrəmanı, məşhur rəqqasə Ə.Dilbazinin oğlu Mikayıl Hacıyev çıxış edərək, T.İsmayılovun filmlərini xatırladılar və onun haqqında xatirələrini bölüşdülər.

Tədbirin sonunda Tofiq İsmayılovun ailə üzvləri adından qızı Vəfa İsmayılova çıxış edərək, tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.