Rejissor və aktyor Ceyhun Mirzəyevin doğum günüdür

Elə sənətkarlar var ki, adları çəkiləndə peşəkarlıqları ilə yanaşı, müsbət şəxsi keyfiyyətləri də ehtiramla vurğulanır, sənətkar və şəxsiyyət kimi yaddaşlarda ikiqat əbədiləşir, sevilir, xatırlanır. Hələ kiçik yaşlarından milyonların böyük sevgisini qazanan kinoaktyor, kinorejissor Ceyhun Mirzəyev də yüksək sənətkarlıq keyfiyyətlərinə, müsbət cəhətlərinə görə sevilən, qəlblərdə iz salan kino xadimlərimizdəndir. İstedad və bacarığı ilə milli kinomuzun inkişafına təkan verən kino fədaisinin anadan olmasının 77-ci (09.04.1946-05.03.1993) ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edirik.

Kinoya böyük sevgi və məsuliyyətlə yanaşmaq müxtəlif həyat hekayələrinin bitkin, dolğun şərhini vermək, düşündürücü ekran əsərlərinin həyat üçün mühüm əhəmiyyət kəsb etdiyini sübut etmək deməkdir. Ceyhun Mirzəyev də müraciət etdiyi hər bir mövzuya daim həssaslıqla yanaşıb, sevərək sarıldığı məsləyinin fövqündə sənətin aliliyini, cəmiyyət üçün gərəkliliyini sübut edib.

Hələ uşaq yaşlarından kino kameraları qarşısında istedadını sərbəst, səmimi oyunları ilə nümayiş etdirən Ceyhun Mirzəyev 15 tammetrajlı filmdə, bir çox “Mozalan” kino süjetində maraqlı, xarakterik obrazlar yaradıb, peşəkar təqdimatına görə də Azərbaycan kinosunun simasına çevrilib.

Uşaq aktyor debüt rolunu “Görüş” (1955) kinokomediyasında ifa edib, Şıxəlinin oğlu rolunda çəkilib. Bu filmdən sonra ardıcıl olaraq müxtəlif janrlı ekran əsərlərində xarakterik, yaddaqalımlı obrazlar oynayıb. “Ögey ana” filmindəki İsmayıl rolu isə onun yaradıcılıq taleyini müəyyənləşdirib, kino aktyoru olmaq fikrini qətiləşdirib. Bu filmdə baş rollardan birini canlandıran Ceyhun Mirzəyevin obrazın daxili mənini duyub, düşüncə və psixologiyasını dəqiq, orijinal ştrixlərlə çatdırması, tərəf-müqabilləri ilə səmimi, təbii münasibəti filmin ideya məzmununun dolğun çatdırılmasına, böyük maraqla qarşılamasına, ölkədən kənarda belə maraqla baxılmasına, ekran taleyini uğurla yaşamasına səbəb olub.

Səmimi, inandırıcı təqdimatı, peşəkar oyunu ilə kinorejissorların diqqətini çəkən Ceyhun Mirzəyevin demək olar ki, yeniyetməlik, gənclik dövrü kinoda keçib. Hər bir təqdimatı ilə tamaşaçıları ekran başına toplayan aktyor çoxsaylı pərəstişkarlarının nəzərləri altında kinoda böyüyüb, boya-başa çatıb, yaşa dolub. Belə ki, onu kinoda kəşf edən kinorejissor Tofiq Tağızadə “Əsl dost” filmini ekranlaşdıranda Fərmanın uşaqlığı rolunu gələcəyinə böyük inam bəslədiyi yeniyetmə aktyora ona həvalə edib. Rol kiçikplanlı olsa da, xarakterikdir, yaddaqalımlıdır. Filmin çəkilişləri başa çatdıqdan sonra isə yeniyetmə aktyoru “Matteo Falkone” kinodramında aparıcı rollardan birinə, Fortunato roluna çəkib. Cəldliyi, çoxbilmişliyi ilə yaşıdlarından fərqlənən yeniyetmə Fortunato özünəməxsus xüsusiyyətləri ilə kinodramın süjet xəttini inkişaf etdirir, filmin ideya-məzmununu açır, əsərin mahiyyətini çatrırır.

XIX əsr məşhur fransız yazıçısı Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılan filmdə vətənpərvərlik, xalqına sədaqətli olmaq kimi yüksək insani hisslər təbliğ olunur. Fortunatonun simasında satqınlıq, düşünmədən davranmaq, ailə dəyərlərini önəmsəməmək kimi cəhətlər qınanılır, ailəni ləyaqətlə təmsil etmək, cəmiyyət üçün gərəkli vətəndaş olmaq kimi ali prinsiplər filmin leytmotivini təşkil edir.

Hər bir rolu ilə kinosevərlərin diqqətini çəkən istedadlı aktyor ardıcıl olaraq filmlərdə rol alıb, o cümlədən, “Koroğlu” kino-dastanında Ceyhun, “Qara qağayı” (“Lenfilm” kinostudiyası) macəra filmində Manolo, “Yenilməz batalyon” tarixi-macəra dramında Teymur, “Qanun naminə” filmində Absalam, “Yol əhvalatı” kinokomediyasında İbadulla, “Qanlı zəmi” tarixi-macəra filmində tacir və digər xarakterik rollar canlandırıb.

Kinostudiyanı ikinci evi bilən, həyatını kinosuz təsəvvür etməyən Ceyhun Mirzəyevin görkəmli kino xadimləri ilə uzun illər çiyin-çiyinə çalışması onun kino sənətinin incəliklərinə dərindən bələd olmasına səbəb olub. Bir müddət sonra filmlərdə rejissor assistenti kimi çalışan (“Axırıncı aşırım”, “Ən vacib müsahibə” və s.) kino aşiqi az müdət ərzində “Mozalan” studiyasında rejissor kimi fəaliyyət göstərib, burada 60-dan çox bədii və sənədli kinosüjetlər çəkib. Həmçinin, bədii kinoda 3 tammetrajlı film (“İşarəni dənizdən gözləyin”, “Bəyin oğurlanması” (Vaqif Mustafayevlə birgə), “Fəryad”) ekranlaşdırıb.

Ceyhun Mirzəyevin yüksək sənətkarlıq keyfiyyətləri, ətrafındakılara olan xoş rəftarı, insani münasibətləri onu kinostudiyanın sevimli sakininə çevirib, həmkarlarının, dostların və tanışlarının sevgisi ilə əhatələnməsinə səbəb yaradıb.

Əməkdar incəsənət xadimi, kinorejissor, uzun illər “Mozalan” studiyasında baş redaktor kimi çalışan Ziyafət Abbasovun sənət dostu haqqındakı söhbətlərindən: “Ceyhunla çox yaxın dost olmuşuq. Onun fəaliyyətinin çox hissəsi “Mozalan”da olub. Baxmayaraq ki, həmin dövrdə “Mozalan” studiyasında rejissor ştatı yox idi, amma o, rejissor kimi süjetlər çəkirdi. Mən ora baş redaktor təyin olunandan sonra onu “Mozalan”a bədii rəhbər təyin etdim. İşinə o qədər məsuliyyətli yanaşırdı ki, hamı ondan öyrənirdi. İşində çox səliqə-sahmanlı idi. İş metodu başqalarından çox fərqlənirdi. Çəkdiyi süjetlərə, özünə qarşı çox tələbkar idi. Sənədli süjetlərə münasibəti başqa idi. Çalışırdı ki, həmin süjetlərdə problemli məqamları dəqiqliklə tamaşaçılara çatdırsın. Bunu da hər rejissor bacarmır. Bədii süjetlərin çəkilməyinə isə xüsusi marağı vardı. Aktyorlarla işləməyi çox sevirdi. Ona görə də bədii süjetlər ona daha yaxın idi.

Az hallarda olar ki, kollektiv kimisə çox istəsin. Onu isə kinostudiyanın bütün kollektivi çox sevirdi. Heç kimin xətrinə dəymirdi. Nadir adamlardandır ki, həm aktyor, həm də rejissor kimi sevilirdi. Allah ona rəhmət eləsin”.

Dövlət Film Fondu