Mirvari Novruzova – 100

Yaradıcılıq zəhmət və istedadın cəmində ərsəyə gəlir. İnandırıcı, məntiqli təqdimatın fonunda isə cəmiyyətin maariflənməsi və bir sıra həyat yüklü məsələlər həllini tapır. Sənət biliciliyi ilə yanaşı, xarakter üstünlüyünü, könül gözəlliyini yaradıcılığına yansıdan sənət adamlarının yüksək səviyyəli fəaliyyəti həyat fəlsəfəsini təhlil edir, düşüncələri formalaşdırır, incəsənətin gözəlliyini, mühüm missiyasını təsdiqləyir. Məhz bu mənada qəlbləri fəth edən sənət adamları diqqət mərkəzində olur, sevilir, xatırlanır.

Azərbaycan teatr, kino sənətində özünəməxsus yaradıcılıq üslubu ilə geniş tamaşaçı auditoriyasının hörmət və rəğbətini qazanan Əməkdar artist Mirvari Novruzova da (1923-1994) sonsuz sənət sevgisinə görə teatral və ekran rollarını inandırıcı təqdim edib, müxtəlif səpkili obrazların fərdi cəhətlərini bitkin, dolğun yaradıb. Sənətdəki yüksək peşəkarlığına görə də tamaşaçıların sevimlisinə çevrilib.

Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakıda dünyaya göz açıb. Atasını 10 yaşında itirən yeniyetmə qız çətinliyin nә demәk olduğunu erkən yaşlarından hiss edib. Ailənin güzəranı ağırlaşdığına görə evin mәişәt problemlәri onun üzәrinә düşüb.

Sənət çoxlarının nicatı olub. Mirvari xanım da teatra, sənətə hələ kiçik yaşlarından həvəs göstərib. Bu sevgisi onu Bakı Teatr Texnikumuna gətirib çıxarıb. Texnikumda oxuduğu illərdə paralel olaraq, Azərbaycan Dövlət Dram Teatrında xarakterik obrazlar canlandırıb. Texnikumu bitirdikdən sonra Dövlət Dram Teatrında fəaliyyət göstərməyə başlayıb.

Teatr səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda xarakterik rollar ifa edən Mirvari xanım ona həvalə olunan hər bir rolun öhdəsindən bacarıqla gəlib, obrazlarını böyük şövqlə oynayıb. Səhnə və kino sənəti də məhz bu kimi sənət adamlarının istedadı sayəsində yüksək formada təkmilləşib.

Aktrisanın tamaşalarda peşəkarlıqla canlandırdığı rolları kinorejissorlarımızın da diqqətindən yayınmayıb. Kinoda ilk dəfə “Səbuhi” tarixi-bioqrafik filmində (1941) Gülüş rolunda çəkilən aktrisa bundan sonra “Sovet pəhləvanı” (1942) filmində Gülsüm rolunu canlandırıb. Həyatın bir parçasını ekrana gətirən, cəmiyyəti narahat edən məsələləri ekranlaşdıran kino kollektivinin tərkibində ona həvalə olunan obrazları realist səpkidə oynayan Mirvari xanım teatr, kino fəaliyyəti ilə paralel olaraq, dublyaj studiyasında çalışıb, xarici və yerli filmlərin səsləndirilməsində iştirak edib.

Kinonun ayrılmaz qolu olan dublyaj sənəti aktyorların potensialını bir daha təsdiqləyən sənət ocağıdır. Bir sıra məzmunlu ekran əsərlərindəki yaddaqalımlı obrazların səsi məhz Mirvari Novruzovaya aiddir. Aktrisanın vəziyyətə və xarakterlərə uyğunlaşdırdığı səs tembri hadisələrin dəqiq təhlilinə, münasibətlərin açılmasına zəmin yaradıb, filmlərin baxımlılığını artırıb. “Əhməd haradadır?” kinokomediyasında Nərgiz xala (aktrisa Nəcibə Məlikova), “Arxadan vurulan zərbə” detektiv filmində Cəbinin anası (aktrisa Firəngiz Abbasova), “Qaraca qız” novellasında Pəricahan (aktrisa Şəfiqə Məmmədova), “Alma almaya bənzər” kinokomediyasında Güllü (aktrisa Firəngiz Abbasova), “Üzeyir ömrü” bioqrafik filmində Həsən bəy Zərdabinin həyat yoldaşı (aktrisa Firəngiz Şərifova), “Bəyin oğurlanması” kinokomediyasında Bibixanım (aktrisa Nəcibə Behbudova), “Kişi sözü” filmində Nübar (aktrisa Cəvahir Bayramova), “Sehrlənmiş küpə” animasiya filmində nənə və digər yaddaqalımlı bədii film və animasiya personajları aktrisanın məxməri, kamil, obrazlı səsində təqdim olunub.

İstedadlı aktrisanın bir sıra televiziya tamaşalarında özünəməxsus yaradıcılıq üslubu ilə oynadığı rolları onu sənətsevərlərə daha da sevdirib, məşhurlaşdırıb. Təqdim etdiyi hər bir personajla münasibətlərin təhlilini yaradıb, mühitin ab-havasını, vəziyyətlərin şərhini verib.

Mirvari xanımın televiziya tamaşalarında oynadığı xarakterik rolları onun potensial imkanlarının, sənət axtarışlarının mövcudluğunun göstəricisidır. Aktrisa  tərəf-müqabilləri ilə apardığı yaradıcılıq həmrəyliyi nəticəsində müxtəlif dövr personajlarının həyat mövqeyini, düşüncə tərzini peşəkarlıqla müasirimizə, həmsöhbətimizə çevirib. Darçın (“Kişilər”), Sənəm xala (“Göz həkimi”), ana (“Pəncərədə işıq”), Həlimə xala (“Ağ atlar üçün vals”) və digər televiziya tamaşalarında oynadığı rolları bu gün də sevilərək izlənilən personajlardır.

Xalq artisti Səidə Quliyevanın həmkarı haqqındakı xatirələri yerinə düşür:  “Mirvari xanımla Akademik Milli Dram Teatrında uzun müddət işləmişəm. O, yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda ana rollarını dolğun oynayırdı. Bir neçə tamaşada onunla tərəf-müqabili olmuşam. Bunlardan biri də yazıçı Anarın “Sizi deyib gəlmişəm” tamaşasıdır. Orada Məmmədhəsən əminin arvadı rolunu Mirvari xanım, Xudayar bəyin birinci arvadını isə mən oynayırdım. Rolu çox dəqiqliklə, incəliklə tamaşaçıya çatdırırdı. Səsini hələ də xatırlayıram.

Çox böyük məktəb keçmişdi. Adil İsgəndərov kimi böyük sənətkarın quruluş verdiyi tamaşalarda oynamışdı, sənət təcrübəsi zəngin idi. Onun oynadığı rolları real obraz kimi qəbul edirdik. Rusiya dramaturqu Aleksandr Ostrovskinin “Cehizsiz qız” əsərində Larisanın anasını o qədər dolğun, məzmunlu oynayırdı ki, rolu onun deyil, rus aktrisasının oynadığını zənn etmək olardı. Rolun öhdəsindən o qədər məharətlə gəlirdi ki, biz həm təəccüblənirdik, həm də öyrənirdik.

Mirvari xanımın fərqli və üstün cəhətlərindən biri də gənclərə qayğı ilə yanaşması idi. Ondan nəsə soruşanda o qədər incəliklə başa salırdı ki, biz ondan çox şey öyrənirdik. Teatra çox bağlı insan idi. Keçmişdə oynadığı tamaşalarından, sənət dostlarından danışırdı.

Onunla söhbət etməyə can atırdıq. İncə qəlbli xanım, qayğıkeş ana idi. Övladlarından həmişə razılıq edirdi. Biş-düşündən, evdarlığından həvəslə danışırdı. Xörəkləri bişirmək haqqında ondan məsləhətlər alırdıq. Biz gənc aktrisalar ondan çox şey öyrənmişik. Çox yaxşı yol yoldaşlığı var idi. Bölgələrə tamaşa göstərməyə gedəndə elə bilirdik ki, anamız yanımızdadır. Bizə həmişə qayğı ilə yanaşırdı.

Bir vaxt eşitdik ki, infarkt keçirib. Bir müddət müalicələr aldı, tamaşalara gəlmədi. Amma teatrsız qala bilmirdi. Buna görə də bir müddət sonra tamaşalarda rol almağa başladı. Rejissorlara deyirdi: “Mənə elə rollar verin ki, həyəcan keçirməyim, səhhətimə ziyandır”. Təqaüdə çıxdığına görə teatrdan getdi. Amaliya xanım onu Bələdiyyə Teatrına işləməyə dəvət etdi. Bir müddət orada işlədi. Amma ora öyrəşə bilmədi. Akademik Teatrı ikinci evi bilirdi. Allah ona rəhmət eləsin.”

Dövlət Film Fondu