Milli mədəniyyətimizin inkişafında xüsusi xidməti olan Xalq artisti Kamal Xudaverdiyevin sənət dünyası hər birimiz üçün dəyərlidir. Kamil düşüncəsinin, mənəvi zənginliyinin ahəngindən yaratdığı rollara pay bölən görkəmli sənətkar artıq 15 ildir ki, aramızda yoxdur. Ancaq kinolentlərə həkk olunan xarakterik rolları unudulmaz aktyoru dərin ehtiramla xatırlamağımıza imkan yaradır.
Sənətdə və həyatda müsbət cəhətlərinə görə böyük hörmət sahibi olan sənətkarın şax qaməti, əzəməti, bariton səsi teatr və kino sənəti üçün bir tapıntı, örnək timsallı şəxsiyyəti isə ətrafındakılara nümunə idi. Buna görə də böyük şövq və coşqu ilə dolu olan möhtəşəm yaradıcılığı orijinallığına, inandırıcılığına görə seçilir, personajları həmsöhbətimizə çevrilir.
Əmək fəaliyyətinə erkən yaşlarından başlayan Kamal Xudaverdiyev 1938-ci il may ayının 3-də Bakıda dünyaya göz açıb. Sənətə olan marağına görə 1961-ci ildən etibarən taleyini sənətə həsr etməyi qərara alıb və sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna (indiki ADMİU) verib. Dram və kino aktyorluğu fakültəsinə, görkəmli sənətkar Adil İsgəndərovun kursuna daxil olub. İnstitutda görkəmli sənət ustalarından Mehdi Məmmədovdan, Rza Təhmasibdən sənətin incəliklərini öyrənib. 1965-ci ildə ali təhsilini başa vurduqdan sonra Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə truppaya ştata götürülüb, bu sənət məbədini özünə ikinci evi, ocağı bilib.
Dram Teatrında ilk dəfə Sabit Rəhmanın “Yalan” əsərində Fərman obrazını yaradıb. Bundan sonra ardıcıl olaraq tamaşalarda baş və aparıcı rolları oynayıb. “Kəndçi qızı” tamaşasında Aslan, “Almaz”da İbad, “Yollara iz düşür”də Loğman və başqa maraqlı rolları ilə geniş tamaşaçı rəğbəti qazanıb. Tamaşalarda görkəmli sənət ustalarından İsmayıl Osmanlı, Möhsün Sənani, Hökümə Qurbanova, İsmayıl Dağıstanlı, Ağasadıq Gəraybəyli və başqa müqtədir sənətkarlarla tərəf-müqabil olub, onlarla çiyin-çiyinə çalışıb.
Aktyorun teatrın səhnəsində oynadığı “Şah Edip” tamaşasındakı Şah Edip, “Sokratı anma gecəsi”ndə Çingiz xan, “Kral Lir”də Kral Lir, “Mesenat”da Murtuza Muxtarov və başqa personajları geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Kamal Xudaverdiyev teatrdan əlavə Azərbaycan Dövlət Televiziyasında hazırlanan 10-dan artıq tamaşada koloritli obrazlar yaradıb, sənət uğuruna uğur qatıb. “Atayevlər ailəsi” televiziya tamaşasında yaratdığı İldırım, “Şərqin səhəri”ndə Cavanşir bəy, “Alov”da Qaşqay, “Yurd yeri”ndə Mahal kişi və başqa rollarının təfsirində xarakter tamlığı, məqsəd aydınlığı nümayiş etdirib, ictimai eybəcərlikləri ifşa edən insan xarakterlərini, amalını yüksək səviyyədə təbliğ edib.
Rollarının öhdəsindən daim böyük ustalıqla gələn aktyor kinoda ilk dəfə görkəmli kinorejissor Əlisəttar Atakişiyevin çəkdiyi “İstintaq davam edir” macəra filmində (1966) polkovnik Çingizov rolunu oynayıb. Bədii kinoda ilk böyük rolu olmasına baxmayaraq, polkovnik Çingizovun həyat mövqeyini, iş prinsipini dəqiq, məntiqli jest və çalarlarla çatdırıb, filmin ideya-məzmunu tamamlayan ifası ilə filmə uğur qazandırıb. Bundan əlavə o, 16 filmdə irili-xırdalı rol yaradıb, 10-dan artıq filmi amiranə və koloritli səsi ilə səsləndirib, 1 “Mozalan” satirik kinojurnalında çəkilib.
Aktyorun “Nəsimi” tarixi-bioqrafik filmində yaratdığı Yusif, “Dağlarda döyüş” macəra dramında baş leytenant, “Dədə Qorqud” kinodramında Bəybecan, “Ən vacib müsahibə” kinodramında Həsənov, “Otel otağı” filmində Erol bəy, “Vulkana doğru” kinodramında usta Əli və başqa rolları milli kinomuzun unudulmayan personajlarıdır.
Azərbaycan dublyaj sənətinə uğur gətirən səs sahiblərindən biri kimi də sevilən sənətkarın səsləndirdiyi filmlər təəssüflər olsun ki, azdır. “Birisigün gecəyarısı” filmində Pçelintsev, “De ki, sevirsən məni” filmində sürücü, “Gözlə məni”də Kanuryov, “Qanlı zəmi”də Tunc Vəli, “Od içində” filmində İlyaşeviç və başqa personajlar ifaçılarla yanaşı, Kamal Xudaverdiyevin səsinin xüsusi rəng çalarları ilə sevilən, unudulmayan obrazlardır.
Təəssüflər olsun ki, Kamal müəllimin yaradıcılıq prinsipi yalnız dramatik rolların təfsirində təsdiqlənib. O, dram aktyoru olsa da, “Tətil” “Mozalan” satirik kinosüjetində oynadığı Tofiq Həsənoviç rolu ilə komik rolların da öhdəsindən məharətlə gəldiyini təsdiqləyib.
Peşəkar yaradıcılığına, sənətdə göstərdiyi xidmətlərə görə Kamal Xudaverdiyev 1982-ci ildə Respublikanın Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Kamal müəllim həyatsevər, insanpərvər olduğu üçün ətrafındakılarla hər zaman xoş rəftar edər, sənət münaqişələrindən kənarda durardı. Doğmaları və həmkarları onu təvazökar, xeyirxah, qürurlu insan kimi xatırlayırlar. Maraqlı ekran personajlarının, xalq qəhrəmanı, polkovnik, çekist rollarının mahir ifaçısı kimi yaddaşlarda iz salan Kamal Xudaverdiyev ahıl yaşlarında da dolğun ata və baba rollarını yarada bilərdi, təəssüf ki, ömür vəfa etmədi. Çoxsaylı izləyicilərin rəğbətini, sevgisini qazanan aktyorun yaradıcılıq eşqi ilə döyünən qəlbi 2008-ci il aprelin 23-də dayandı. Allah ona rəhmət eləsin. Zəngin yaradıcılığına, rəngarəng, koloritli rollarına görə qəlblərdə yaşadı, ibrətamiz şəxsiyyətinə görə unudulmadı.
Dövlət Film Fondu