Mayın 12-də Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Dövlət Film Fondunda “Azərbaycan sənədli kino salnaməsi” adlı silsilə retrospektiv baxış çərçivəsində növbəti tədbir keçirilib. Tədbir kinorejissor Davud İmanovun yaradıcılığına həsr olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Davud İmanovla Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda birlikdə təhsil aldığı illəri, onun lentə aldığı bədii və sənədli filmləri xatırladı, rejissoru vətənpərvər və intellektual insan kimi xarakterizə etdi.
Sonra kinorejissor Davud İmanovun 1989-cu ildə çəkdiyi “Səttar Bəhlulzadə” filmi tamaşaçılara təqdim olundu.
Nümayişdən sonra rejissorun həyat yoldaşı Firuzə İmanova onun “Sumqayıtın əks-sədası” filminin çəkilişləri zamanı ümummilli lider Heydər Əliyevlə görüşünü, “Rəşid Behbudov” filmində SSRİ Xalq artisti R.Behbudovun iştirakı ilə apardığı çəkilişləri xatırladı.