Nəcibə Hüseynova. Bu ad kinosevərlərə yaxşı tanışdır. Aktrisanın özünəməxsus ifa tərzi ilə oynadığı yaddaqalan kino obrazıarı filmlərin uğur qazanmasına (yaradıcı heyətlə birgə), ekran həllini tapmasına kömək edib. Ahəngdar, məxməri səsi onlarla kino personajına ifaçılar qədər uğur qazandırıb. Ömrünün 71-ci baharını qeyd edən Nəcibə xanımı təbrik edirik, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Nəcibə xanımın kino yaradıcılığına nəzər salanda dublyaj fəaliyyətinin üstünlük təşkil etdiyini görürük. Kinonun vacib sahəsi olan dublyajda çalışmaq aktyorlardan istedadla yanaşı, böyük səbir tələb edir. Kino fəaliyyətinin ilkin mərhələsindən bu günə qədər böyük şövqlə dublyajda çalışan aktrisanın nailiyyətlərini istedadı ilə yanaşı səbri ilə əlaqələndirmək olar. Azərbaycan kinosunda bir çox məşhur obrazları (Arzu – “Afroditanın qolları”, Gülya – “Ölsəm…bağışla”, Rəna – “Şahid qız”, Təhminə – “Təhminə”, Lilya – “Özgə ömür” və s.) səsləndirən Nəcibə Hüseynova ardıcıl olaraq yerli və xarici filmlərdə baş rolları dublyaj edib, ekran personajlarını səsi vasitəsi ilə ifaçılar qədər tanıdıb, sevdirib.
Nəcibə Hüseynova: “Biz dublyajı elə dəqiqliklə işləyirdik ki, bir müddət keçəndən sonra bilirdilər ki, filmdəki rolu mən səsləndirmişəm. Hətta həmkarlarım da bilmirdi ki, məşhur olan hansısa obrazın səsi mənə məxsusdur. Dəvət aldığım verilişlərdə mən açıqlama verdikdən sonra tamaşaçılar mənə yaxınlaşırdı, minnətdarlığını bildirirdi”.
Səsləndirdiyi rollar kino personajlarından çox olan aktrisa filmlərdə az çəkilməyinin səbəbini belə izah edir: “Kinorejissorlar məni çəkmək istəyirdi, ancaq o zamankı Bədii Şura digər aktrisaları həmin rola təsdiqlədiyi üçün mən çəkilmirdim. Həm də etiraf edim ki, kinoda çəkilməyə çox da can atmırdım”. Bu barədə isə bir qədər sonra…
Nəcibə Hüseynova 1952-ci il mayın 16-da Bakıda anadan olub. 49 nömrəli orta məktəbi bitirib. Məktəbdə oxuyarkən alman dili ilə məşğul olub. Dərslərdən əlavə dram dərnəyinə gedib, kütləvi səhnələrdə çıxış edib. Səhnəyə hələ kiçik yaşlarından böyük məhəbbəti olan, sevdiyi peşəyə sahiblənmək istəyən Nəcibə Hüseynova 1969-1973-cü illərdə İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Nəcibə xanımın yaxın keçmişlə bağlı qeydlərindən: “Biləndə ki, dərnəyə getmişəm ailədə bir hay-küy qaldırdılar ki… “Aktyorluq sənətini seçsən, bizi qınayacaqlar”, – dedilər. Həmin vaxtlarda xalam da çox istəyirdi ki, alman dili təhsilimi Moskvada alım. Amma anam “alman” sözü eşidəndə diksinirdi. Bu onda müharibənin travması kimi qalmışdı. Buna görə də istəmirdi o dili öyrənim. Mən yenə də dərnəyə məşqlərə gedirdim. Tamaşa hazır olanda anamı aparırdım ki, baxsın. Atama isə heç nə demirdik. Bir gün dərnək rəhbərim anamdan xahiş etdi: “Qızınıza mane olmayın. O, sənətin ab-havasını alıb. Aktyorluq sənəti onun canına-qanına hopub. Çətin ki, bu sənətdən uzaqlaşsın”. Anam ona heç nə deməsə də, hər gün bu söhbət evdə təzələnirdi. Bir gün əmim bizə gəldi və soruşdu ki, sənədlərimi hara verəcəyəm. Anam istəyimi ona bildirdi və dedi ki, yaxşı biliyi var, başqa peşəyə sənədlərini verməsini istəyirik, o isə sözümüzü eşitmir. Əmim anamı sakitləşdirdi ki, dəyməyin, qoyun hara istəyir ora da versin, daxil olar-olar, olmaz, yenə də istədiyiniz ali məktəbə verər. Sənədlərimi İncəsənət İnstitutuna verdim, birinci il də instituta daxil oldum”.
İncəsənət İnstitutunda görkəmli sənətkarlardan Adil İsgəndərov, Müxlis Cənizadə, Həsən Əblucdan sənətin sirlərini öyrənən gənc tələbə buranı bitirdikdən sonra 1973-1981-ci illərdə Lənkəran Dövlət Dram Teatrında, 1981-1982-ci illərdə Tədris Teatrında, 1982-1992-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasının kinoaktyor studiyasında çalışıb. Nəcibə Hüseynovanın fikirləri ilə davam edirik: “Mən kinostudiyaya gələndə kinoaktyor teatrı açılırdı. Bir qrup gənc aktyorlarla mən də həmin kursa getdim. Əslində kinoaktyor teatrında işləmək fikrim vardı. Çünki həmin vaxtlarda aktyorların əksəriyyəti öz hesablarına (təsərrüfat hesabı) işləyirdilər, dublyajda və yaxud filmlərə çəkilməklə pul qazanırdılar. Mən də belə çalışırdım. Kinostudiyanın dublyaj studiyasında ilk dəfə kütləvi səhnələrdə olan bir personajı səsləndirdim. Səsləndirmə yaxşı alındığı üçün növbəti dəfə daha irihəcmli rolu mənə tapşırdılar. Üçüncü dəfə isə artıq ikinci planlı rolu səsləndirmək mənə həvalə olundu. Beləliklə, dublyaj fəaliyyətim davamlı oldu”.
Dublyaj fəaliyyəti ilə yanaşı, Azərbaycan Televiziyasında “Yeni filmlər” verilişinin aparıcısı olan aktrisa, həmçinin, dəvət aldığı filmlərdə yaddaqalan obrazlar yaradır.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Tənha narın nağılı” kinodramında Mərcan, “Bəyin oğurlanması” kinokomediyasında sinoptik, “Doğma sahillər” detektiv dramında xidmətçi, “Ağabəyovlar” bədii serialında Səriyyə Əhmədova və digər rollar aktrisanın peşəkarlıqla təqdim etdiyi ekran personajlarıdır. Aktrisanın təkcə “Tənha narın nağılı” filmindəki Mərcan rolunu xatırlamaq kifayətdir ki, personajın həyat mövqeyini, hiss və duyğularını böyük məharətlə təqdim etdiyi təsdiqini tapsın.
Hazırda dublyaj fəaliyyətini bacarıqla davam etdirən Nəcibə Hüseynova Azərbaycan dilinin qorunması və təkmilləşməsi istiqamətində mühüm rol oynayan dublyaj sənətinin inkişafına öz töhfəsini verməkdə, xarici filmlərin doğma dilimizə tərcümə olunmasında və səsləndirilməsində yaxından iştirak etməkdədir. Bir daha sənətsevər aktrisamıza sənət sevincləri, yaradıcılıq nailiyyətləri arzulayırıq.
Dövlət Film Fondu