Aktyor Arif Quliyevin doğum günüdür

Onu hər kəs komik rolların ifaçısı tanıyır. O, özü də hamıya gülüş, sevinc bəxş etməyi məsləyinin qayəsinə çevirmişdi. Buna nə dərəcədə nail olduğu isə yaradıcılıq hesabatını xatırladan teatral rollarında, televiziya tamaşalarda, filmlərdə əksini tapdı, təsdiqləndi. Söhbət unudulmaz gülüş ustası, Xalq artisti Arif Quliyevdən gedir.

Arif Quliyevin hər bir çıxışı tamaşaçı üçün bir töhfə idi. Buna görə də izləyicilər onun hər hansı bir təqdimatını səbirsizliklə gözləyirdilər. Sənətkar özü də tamaşaçıların diqqət mərkəzində olduğunu bilir, onların qarşısına yeni rolları, gülüş hədəfinə çevirdiyi qəhrəmanları ilə çıxırdı. Bu baxımdan istər teatrda, istər televiziya tamaşalarında, istər “Mozalan” satirik kinojurnalında, istərsə də filmlərdə oynadığı pesonajlar, əsasən də müasirlərinin prototipləri fərdi xüsusiyyətinə, danışıq və davranışına görə yadda qalır, maraqla izlənilir, işlətdikləri fikir və cümlələr zərbi-məsələ çevirilərək insanlar arasında xoş münasibət yaradan vasitə kimi işlədilirdi. Bir sözlə sənət fədaisinin insanlara və məsləyinə olan sevgisi cəmiyyətdəki rolunu müəyyənləşdirir, onu bir daha sevgi ilə əhatələndirirdi.

Qısa arayış

Arif Quliyev 1950-ci il may ayının 16-da Əli Bayramlıda dünyaya göz açıb. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1968-ci ildə oranı bitirib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. İki il sonra Musiqili Komediya Teatrına dəvət edilib (1975). Teatrın səhnəsində müxtəlif səpkili xarakterik obrazlar yaradıb. Oxumaqla yanaşı, sənət təcrübəsi toplayan tələbə 1979-cu ildə isə İncəsənət İnstitutunu bitirib. Teatrdakı fəaliyyəti ilə paralel olaraq Azərbaycan Televiziyasında hazırlanan tamaşalarda çıxış edən aktyor bir müddət İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1988-ci ildən özəl Satira Teatrının bədii rəhbəri olub. 1993-cü ildən Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Teatrın səhnəsində hazırlanan tamaşalarda xarakterik rollar canlandırıb.

Kino fəaliyyəti

Aktyorun güclü sənət duyumuna, yaradıcılıq təcrübəsinə kinematoqrafçılar da biganə qalmayıb. Onu müxtəlif janrlı filmlərə dəvət etməklə yaradıcılıq potensialını təsdiqləməsinə imkan yaradıblar. “Azərbaycanfilm” kinostudiyasında yeni sənət nailiyyətlərinə imza atmağa nail olan aktyor müxtəlif janrlı ekran əsərlərində maraqlı, dolğun personajlar canlandırıb, sənət biliciliyini təsdiqləyib.

Aktyorun yaradıcılıq filmoqrafiyasında 30-a yaxın film var. Bunların içərisində bəbii kinoda çəkildiyi, “Mozalan” satirik kinosüjetlərində və televiziya tamaşalarında oynadığı rollar da var. Hər bir rolun səciyyəvi xüsusiyyətini, ətrafına, həyata olan münasibətini fərdi yaradıcılıq üslubunda çatdıran aktyor öhdəsinə düşən obrazları inandırıcı, məntiqli təqdim edib, mövzuya və dövrə aid hadisələrin şərhçisi olaraq personajın mövqeyini, fikir və hisslərini dəqiq prizmadan, həssaslıqla canlandırıb.

Sənətə bağlı insanın təkcə “Bəyin oğurlanması” filmində oynadığı Miriş rolunu xatırlamaq kifayətdir ki, kiçikplanlı rolun təfsirində personajın xarakter və psixologiyasını çatdırma məharətini, gülüşlə yanaşı, düşündürmə qabiliyyətini bir daha xatırlayasan, sənət bilgisinin zənginliyini, yaradıcılıq priyomunun fərqliliyini  təsdiqləyəsən. Aktyorun digər yaddaqalan ekran personajlarından olan Kərbəlayi (“Qəm pəncərəsi”), Piri (“Mənim ağ şəhərim”), milis nəfəri (“Bəxt üzüyü”), Hacı Kazım (“O dünyadan salam”) , Tapdıq (“Axırıncı dayanacaq”) və başqa rolları jest və üslub, davranış və plastika baxımından bir-birindən fərqlənən maraqlı, dolğun personajlardır.

Hər bir rolunu həvəslə, fərqli çalarlarla təqdim edən aktyorun “Mozalan” satirik bədii kinosüjetlərində oynadığı ərizəçi (“İşgüzar adamlar”), sərxoş (“100”) və başqa personajları, televiziya tamaşalarında canlandırdığı bazar satıcısı (“Evləri köndələn yar”), Şirulla (“Yarımştat”), Hacıağa (“Olacağa çarə yoxdur”), Kəlam (“Şans”) və digər rolları istedadının bariz nümunəsi olan personajlardır.

Sənəti Dövlət tərəfindən yüksək qiymətləndirilən Arif Quliyev 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist, 1993-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 1993-cü ildə “Humay” mükafatı ilə təltif olunub. 2006-cı ildə teatrda qazandığı uğurlara görə “Qızıl dərviş”, 2012-ci ildə “Zirvə” mükafatlarına, 2014-cü ildə “Sənətkar” medalına layiq görülüb. Prezident təqaüdçüsü olub.

Dövlət Film Fondu