Aktyor Hamlet Xanızadənin doğum günüdür

Görkəmli sənətkar Hamlet Xanızadənin anadan olmasından 82 il ötür.

Azərbaycan teatr, kino sənətində xarakterik rolları ilə diqqət çəkən, milyonların rəğbətini qazanan Hamlet Xanızadənin adı çəkiləndə ilk olaraq göz önündə xarakterik, bənzərsiz, rəngarəng rolları canlanır. Bəzən müdrik, bəzən çılğın, bəzən qorxulu, bəzən isə qəliz xüsusiyyətinə görə hafizəmizə həkk etdirdiyi ekran personajları nəinki çəkildiyi filmləri, hətta yaşadığı dövrü, yaradıcı mühiti, tərəf-müqabillərini, bütövlükdə rol aldığı mühüm mövzulu filmləri yada salır, düşündürür, sənətdəki fədakarlığını bir daha təsdiqləyir.

Hamlet Xanızadə sənət üçün doğulmuşdu. Sənəti ali səviyyədə təqdim edən sənətkarları isə xalq sevir, dəyərləndirir, ucaldır, yaşadır. Azərbaycan teatr, kino sənətində özünəməxsus yeri, izi olan, çoxşaxəli yaradıcılığı ilə qəlblərə yol tapan, milyonların rəğbətini qazanan Əməkdar artist Hamlet Xanızadənin bir-birindən maraqlı, baxımlı obrazları da sənətsevərləri daim düşündürüb, sənətin ali məqsədini, mühüm mahiyyətini anladıb.

Hamlet Xanızadə (05.06.1941-03.02.1990) potensialından, istedadından pay böldüyü rolları ilə addım-addım yaxınlaşdı sənət zirvəsinə. Zəhməti, çalışqanlığı sayəsində qram-qram, zərrə-zərrə qazandı milyonların rəğbətini. Xalqının sevimli artisti olaraq da alqışlandı, ucaldı, sevildi. Yoxluğunda belə məzmunlu rollarına, ekran personajlarına görə qəlblərdə kök saldı, minnətdarlıq hissi ilə xatırlandı.

Hamlet Xanızadə Dövlət Teatr İnstitutunda təhsil (1961-1965) alarkən, üçüncü kursdan peşəkar səhnəyə çıxıb. Milli Dram Teatrında işlədiyi vaxtlarda çağdaş və klassik əsərlər əsasında hazırlanan tamaşalarda zəngin yaradıcılıq bioqrafiyası yaradıb, paralel  olaraq “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 80-ə yaxın (bədii film və “Mozalan” süjetləri) filmdə maraqlı, koloritli ekran personajları ərsəyə gətirib.

Aktyoru görkəmli kinorejissor Həsən Seyidbəylinin kinoda kəşfi adlandırmaq olar. Belə ki, rejissorun ekranlaşdırığı “Möcüzələr adası” (1963) filmində debüt rolunu (Sadıq) oynayan aktyorun kiçikplanlı rolla olan uğurlu başlanğıcı rejissorun növbəti ekran əsərlərində (“Bizim Cəbiş müəllim” – kapitan, “O qızı tapın” – Dadaş Salayev) yaddaqalan obrazlar yaratmasına imkan yaradıb. İstedadlı aktyorun növbəti filmlərdə özünəməxsus üslub və formada oynadığı İmaş (“Arxadan vurulan zərbə”), Xəlifə Mötəsim (“Babək”), Gizir (“Yeddi oğul istərəm”), bolşevik (“Qatır Məmməd”), Talıbov (“Axırıncı aşırım”), Məcidov (“Bircəciyim”), raykom katibi (“Köhnə bərə”), Raki (“Qərib cinlər diyarında”), Qiyas (“İmtahan”), xəstə; Sədi Əfəndi; şair (“Qətl günü”) və digər ekran obrazları müxtəlif dövr (real və düşnülmüş) hadisələrinin inandırıcı təsir bağışlamasına səbəb olub.

Ona həvalə olunan rolları özünəməxsus üslubda, məzmuna uyğun ifa və jestlərlə təqdim edən aktyor televiziya tamaşalarında oynadığı xarakterik rolları (Qasım kişi – “Qatarda”, Topal Teymur – “Topal Teymur”), eləcə də dublyaj fəaliyyəti ilə (“Gözlə məni”də bəy, “Dədə Qorqud”da Qıpçaq Məlik və s.) də fərdi istedadını, sənət bligisini dönə-dönə sübut edib.

Filmlərin mövzusunun dəqiqliklə, emosionallıqla çatdırılmasında aktyorların rolu əsasdır. Ekran əsərləri xarakterik personajlara, maraqlı ifa və jestlərə görə seçilir, baxılır. Obrazların daxili mənini, həyat tərzini, düşüncə və psixologiyasını fərqli, bənzərsiz oyunu ilə təqdim edən Hamlet Xanızadə də hadisələrin vizual şərhini tapmasına imkan yaradıb, tamaşaçıları düşünməyə, nəticə çıxarmağa vadar edib.

Aktyorun rolun mövqeyini bəyan edən hər bir oyunu bir məktəbdir, fərdi istedadından, potensial zənginliyindən yaranan ekran obrazları ayrı-ayrılıqda təhlil obyektidir. İrili-xırdalı rollarının xarakterik cizgilərini doğru mizanlarda, maraqlı quruluşlarda cilalayan istedad sahibi dərin sənət bilgisi və sevgisinə görə ömrü boyu sənətinə sadiq qaldı. Məhsuldar yaradıcılığına, nümunəvi şəxsi keyfiyyətlərinə görə də qəlblərdə, yaddaşlarda yaşadı, xatirəsi əziz tutuldu, unudulmadı.

Dövlət Film Fondu