Qrim rəssamı Elbrus Vahidovun doğum günüdür

Kinonu həyatın inikası kimi qəbul etməyimizdə müxtəlif sənət adamlarının,  həmçinin, qrim rəssamlarının rolu böyükdür. Müxtəlif dövr hadisələrinin bələdçisi olan ekran personajlarının yaşam prinsipinə, psixologiyasına uyğun olaraq dəqiq qrimlənməsi rejissor ideyasının dolğun çatdırılmasına, obrazların həyat mövqeyinin tanıdılmasına zəmin yaradır. Bu mənada qrim rəssamlarının ekran hadisələrinin inandırıcı qəbul olunmasında rolu əvəzsizdir. Azərbaycan kinosunda uzun illər qrim rəssamı kimi fəaliyyət göstərən, kino ictimaiyyətinin sevimlisinə çevrilən peşəkar qrim ustası, Əməkdar incəsənət xadimi Elbrus Vahidovun 72 yaşı tamam olur. Fürsətdən istifadə edib Elbrus müəllimi təbrik edirik, cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.

Elbrus Vahidov 1951-ci ilin 5 iyun tarixində Ağdaş rayonunda, hərbçi ailəsində dünyaya göz açıb. Anası evdar qadın olub. Atası hərbçi olduğuna görə ailə bir çox rayonda yaşamalı olub. Ailədə 4 uşaq böyüyüb. Uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərən Elbrus Vahidov pionerlər evinə gedib, orada rəsm sənəti ilə daha yaxından tanış olub. Rəssam olmağı qarşısına məqsəd qoyan gənc orta təhsilini bitirdikdən sonra sənədlərini Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə verib. Amma qəbul ola bilməyib. Həmin vaxtlarda qonşuları Telman Yunisov kinostudiyada qrim ustası kimi çalışırmış. İncəsənət İnstitutunda dərs deyirmiş. Bir gün Elbrus Vahidovdan hansı sənəti seçəcəyini soruşub. O da texnikuma sənədlərini verdiyini və qəbul ola bilmədiyini söyləyib. Belə olan halda Telman Yunisov “istəsən, xahiş edərəm, müvəqqəti olaraq səni kinostudiyada işə götürərlər. Rəssamların yanında təcrübə keçərsən, sonra yenə sənədlərini rəssamlıq məktəbinə verərsən”, – deyib. Beləliklə, onu kinostudiyada qrim sexində işə götürüblər. Burada qrim rəssamı kimi çalışan gənc tədricən sənətini püxtələşdirib, işinə sadiqliyi, məsuliyyəti sayəsində qrim ustası kimi tanınıb, məşhurlaşıb.

Qrim rəssamının kinoda ilk müstəqil işi “Tütək səsi” filmi olub. Elbrus Vahidovun  xatirələrindən: “Tütək səsi” filmindən əvvəl kinostudiyada qrim rəssamı kimi çalışan  Bereznyakovun yanında “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” və digər bədii filmlərdə işləmişdim. Həmin vaxtlarda təcrübəli qrim ustaları da var idi. Amma nədənsə Rasim Ocaqov bu filmdə işləmək üçün məni seçdi. “Tütək səsi” filmində müstəqil qrim rəssamı kimi çalışdım.

Rasim müəllim onunla birgə çalışmağı təklif edədə razılaşdım, amma sonra fikirləşdim ki, məşhurların çəkildiyi filmdə necə olacaq? Bu müharibə dövründən bəhs edən ciddi bir filmdir. Burada mürəkkəb xarakterli personajlar var. Gərək onları rola və psixoloji durumlarına uyğun qrimləyim, heç bir qüsura yol verməyim. Görəsən öhdəsindən gələ biləcəyəmmi deyə, tərəddüd edirdim. Rasim müəllim də çox tələbkar insan idi. Bizdən işimizi düzgün yerinə yetirməyi, çəkilişə gecikməməyi tələb edirdi. Amma onu da qeyd edim ki, ciddi olmaqla yanaşı, həm də ədalətli, yaradıcı insan idi. Buna görə də onunla işləmək çox maraqlı olurdu. Onunla birgə böyük məmnuniyyətlə çalışdım. Sonra da hər şey yavaş yavaş yoluna düşdü”.

“Tütək səsi” kino dramından sonra peşəkarlığını müxtəlif janrlı filmlərdə təsdiqləyən qrim rəssamı ardıcıl olaraq filmlərə dəvət alıb, 40-dan çox ekran əsərində, o cümlədən, “Xoşbəxtlik qayğıları”, “Vulkana doğru”, “Dantenin yubileyi”, “İstintaq”, “Tənha narın nağılı”, “Şəhərli biçinçilər”, “İşarəni dənizdən gözləyin”, “Ölsəm… bağışla”, “Qətldən yeddi gün sonra”, “Təhminə, “Həm ziyarət, həm ticarət…”, “Əlvida, cənub şəhəri” və digər filmlərdə çalışıb.

Qrim rəssamının kinodakı ilk müstəqil işinin uğuru onu növbəti filmlərdə işləməyə həvəsləndirib, iş prinsipini müəyyənləşdirib. Kinostudiyada çalışmaqla yanaşı, o, həmçinin bir neçə televiziya tamaşasında qrim ustası kimi işləyib, Xalq artisti Ramiz Həsənoğlunun quruluş verdiyi tamaşalarda mövzuya, dövrə uyğunlaşdırdığı peşəkar qirmləri vasitəsi ilə əsərin məzmununun aydınlaşmasına, müxtəlif dövrlərin müasirinin həyat mövqeyini çatdıran aktyor ifasının inandırıcılığına zəmin yaradıb, yaradıcı heyətlə birgə tamaşaların uğuruna imza atıb. Elbrus Vahidov televiziya tamaşalarındakı fəaliyyətindən bəhs edərkən qeyd edir ki, iş prosesi mahiyyət etibarı ilə eynidir. Ancaq kino reallığı daha çox incə iş tələb edir. Personajın qrim olunduğu gərək bilinməsin. Televiziyada isə bir qədər rahat işləmək mümkündür”.

Tarixi filmlərdə daha çox işləməyi sevən qrim rəssamı: “Tarixi personajlar mənim üçün daha maraqlıdır. Onların obrazını yaradanda çox xoş olur. Çünki əsasən qrim rəssamları tarixi filmlərin üzərində püxtələşirlər. Tarixi şəxsiyyətlərin portretlərini oxşatmaq bir qədər çətindir, amma maraqlıdır”, – deyir, həmçinin nağıl janrında filmlərin çəkilməsini arzulayır. Çünki həmin filmlərdə qrim ustasının fantaziyasını həyata keçirməsinə daha çox imkan olduğunu söyləyir.

Elbrus Vahidov filmlərdə işləyərkən qrim rəssamı kimi çalışmaq istəyən gənclərə də sənətin sirlərini öyrədir, onların bu peşənin layiqli davamçıları olmalarını arzulayır. Onun davamçıları hazırda müxtəlif teatrlarda, kinostudiyada və televiziya kanallarında fəaliyyət göstərirlər. Sənətini peşəkarlıqla təqdim etmək və bu sahədə çalışmaq istəyənlərə sevərək  tədris etmək özü də kinoya verilən bir töhfədir. Elbrus müəllimə sevərək seçdiyi, böyük həvəslə də tədris etdiyi məsləyində uğurlar diləyirik, yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayırıq.

Dövlət Film Fondu