Aktyor Hacıbaba Bağırovun doğum günüdür

Kinonun əsas məqsədi cəmiyyəti maarifləndirmək, düşüncəsini formalaşdırmaqdır. Mühüm həyat məsələlərini sənətinin fövqündə təcəssüm etdirən, peşəkarlıqla təhlil edən aktyorlar məhz bu mənada xalqın sevimlisidirlər. Tamaşaçı kinoteatrlara və yaxud teatrlara rəğbət bəslədiyi aktyorun ifasını izləməyə üz tutursa,  deməli, həmin aktyor tanınmışdır, məşhurdur.

Səhnə və ekran rolları ilə milyonların rəğbətini qazanan Xalq artisti Hacıbaba Bağırov da böyük yaradıcılıq eşqi ilə ərsəyə gətirdiyi xarakterik, koloritli obrazlarını çoxsaylı sənətsevərlərə sevdirib, rəğbətini qazanıb, unudulmayıb. Aktyorun hər bir obrazına duyaraq yanaşması, hiss və düşüncələrini, davranışlarını inandırıcı təqdim etməsi səhnə və kino sənətinin cəmiyyətin inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyir, sənətə olan hörmətini artırır. Məhz buna görə də Hacıbaba Bağırov kimi sənətkarların şəxsiyyəti yoxluqlarında belə hörmətlə anılır, xatirələri əziz tutulur.

15 yaşından sənətə üz tutan, səhnədə və ekranda yaratdığı bənzərsiz rolları ilə Azərbaycan incəsənətinin inkişafına təkan verən sənətkarın anadan olmasının 91-ci ildönümündə (12.04.1932- 04.10.2006) əziz xatirəsini dərin ehtiramla yad edirik.

Hacıbaba Bağırov 1932-ci il aprelin 12-də Bakıda anadan olub. Atası Ağarza Bağırov Azərbaycan Dövlət Filarmoniyasında müdir müavini, anası Sona Əliyeva isə dövlət qulluqçusu işləyib. Sənətə hələ kiçik yaşlarından həvəs göstərən Hacıbaba Bağırov aktyorluğa ilk dəfə Bakıdakı pionerlər evində başlayıb. Görkəmli rejissor, Xalq artisti Adil İsgəndərov onu “Vaqif” tamaşasında Vidadi rolunda görüb və ifasını çox  bəyənib. Buna görə də gənc sənətsevəri Azərbaycan Dövlət Dram Teatrının nəzdində özünün açdığı 3 illik teatr-studiyasına dəvət edib. Sənətin nəzəri və praktik bilgilərini teatrda böyük həvəslə əldə edən aktyor, teatr-studiyanı bitirdikdən sonra, 1949-cu ildən təyinatla Lənkəran Dövlət Dram Teatrında işləyib. Teatr bağlandıqdan sonra 1 nömrəli Dəmiryol Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra isə maşinist köməkçisi kimi çalışıb.

1952-ci ildə Bakı Ayaqqabı Fabrikində komsomol katibi vəzifəsini icra edən Hacıbaba Bağırov sənətdən, səhnədən uzaqda qala bilmədiyini bir daha yəqin etdiyinə görə yenidən teatra qayıtmaq qərarını verib. Bir müddət Gəncə Dövlət Dram Teatrında (1960-1962) aktyor kimi fəaliyyət göstərib. Tamaşaların birində məşhur bəstəkar Süleyman Ələsgərov onun ifasını görüb və Musiqili Komediya Teatrına dəvət edib. Onu da qeyd edək ki, Hacıbaba müəllim teatral obrazlarının ən parlaq nümunələrini məhz bu teatrda yaradıb. Teatrın səhnəsində müxtəlif xarakterli rollar oynayan aktyor, sonralar  həmin teatrda bədii rəhbər və direktor vəzifələrini icra edib.

1989-cu ildə Bakı Tənqid-Təbliğ Teatrını açan Hacıbaba Bağırov 1996-cı ilə qədər fəaliyyət göstərən bu teatrın bədii rəhbəri vəzifəsində çalışıb. 1996-cı ildən isə Şıxəli Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub.

Hacıbaba Bağırovu peşəkar kinematoqrafçıların quruluş verdiyi filmlərdə rol aldığına görə xoşbəxt sənətkar adlandırmaq olar. Belə ki, rəngarəng, maraqlı teatral obrazlarının yaddaqalımlı təqdimatına əsasən alqışlanan sənətkar ekran rollarının yaddaqalımlılığına, baxımlılığına görə bir daha sevildi, məşhurlaşdı.

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan müxtəlif janrlı filmlərdə xarakterik rollar yaradan Hacıbaba Bağırovun filmoqrafiyasına 10-dan artıq film daxildir. Bunların içərisində bədii filmlər (“Alma almaya bənzər”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Şirbalanın məhəbbəti” və s.), film-tamaşalar (“General”, “ Gülüş sanatoriyası” və s.) və  televiziya tamaşaları (“Kişilər”, “Sonuncu məhəbbət” və s.) var.

Həyat müşahidəsi zəngin olan sənət bilicisi yaradıcılıq qismətinə düşən ekran  personajlarını rolun xarakterinə, psixologiyasına, həyat fövqeyinə uyğun şəkildə yüksək peşəkarlıqla təqdim edib, tərəf-müqabilləri ilə böyük məharətlə yaradıcılıq sazişi yaradıb, ümumilikdə müəlliflərinin ideyasını olduqca dəqiqliklə çatdırıb.

Aktyorun məna və məzmun dəyərini qoruyub saxlayan ekran personajlarından Möhsün (“Ulduz”), Qaraxalov (“Onun bəlalı sevgisi”), Arif (“Qanun naminə”), Şirbala (“Şirbalanın məhəbbəti”) və digər rolları bu gün də rəğbətlə izlənilən personajlardır.

Sözügedən filmlərdən də göründüyü kimi görkəmli kinorejissorların Hacıbaba Bağırov sənətinə müraciət etməsi heç də təsadüfi deyildi. Peşəkar komedioqrafın uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) səhnəsində oynadığı koloritli obrazları tamaşaçıları güldürməklə yanaşı, düşündürüb, həyat həqiqətlərinə uyğun olan maraqlı faktları, özündən müştəbeh, meşşan cəhətli insanları məharətlə tənqid edib, qınaq obyektinə çevirib.

İnsan psixologiyasına dərindən bələd olan Hacıbaba Bağırov əsl sənətkar müşahidəsi ilə həyat həqiqətlərini, qeyri-normal cəhətləri komik obrazların təfsirində göstərib, ironik, istehzalı gülüşlə səciyyələndirib, təhlil edib, həyat üçün zəruri və vacib olan əsl mətləbləri üzə çıxarıb, insanların düşünərək doğru qərar vermələrinə imkan yaradıb.

Sənətdə özünəməxsus yaradıcılıq nümayiş etdirən, fərqli üslub və formada rollar yaradan, sənətin daim fövqündə duran Hacıbaba Bağırov məhz bu mənada ölməzdir, şəxsiyyəti unudulmazdır.

Dövlət Film Fondu