Elə aktyorlar var ki, onların səhnədə, ekranda görünməsi tamaşaçılar üçün bayrama çevrilir. Oynadıqları personajlar müəyyən dövrlərin bələdçisi olmaqla yanaşı, yaradıcılıqları bütünlüklə sənətin yüksəlişinə, dirçəlişinə xidmət edir, incəsənətin təntənəsinə çevrilir.
Xalq artisti Möhsün Sənaninin Azərbaycan teatr, kino sənətində yaratdığı obrazlar da cəmiyyətin maariflənməsi, zamanın dirçəlişi istiqamətində sözü, yeri olan personajlardır. Aktyor canlandırdığı obrazların daxili mənini, hiss və duyğularını dərindən qavrayıb, dolğunluqla təqdim edib. Personajların fikir və xarakterləri müxtəlif dövr müasirlərinin mövqeyini, davranışını, mühitin ab-havasını, əhval-ruhiyyəsini dəqiqliklə çatdırıb, xarakterizə edib.
Realist aktyor məktəbinin davamçılarından olan Möhsün Sənani hələ kiçik yaşlarından sənət aşiqi olub. 1912-ci ildə Tiflisdə kiçik həvəskarlar dərnəyinə qoşulub, orada birpərdəli səhnələrdə oynayıb. 1915-ci ildə teatr truppasına cəlb edilib, məşhur (Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Əli Əsgərov, Əli Qurbanov və b.) sənətkarlarla tərəf-müqabili olub. Az müddət içərisində məşhurlaşıb, tamaşalarda oynadığı rolları ona şöhrət qazandırıb. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışıb. 1921-ci ildən Bakının teatr səhnələrində çıxış edib.
Teatr səhnəsində obrazların fərdi xüsusiyyətini, düşüncə və mövqeyini peşəkarlıqla səciyyələndirən aktyorun özünəməxsus tərz və üslubu, həmçinin xoş avazla ifa etdiyi mahnıları kinorejissorların diqqətindən yayınmayıb. Ardıcıl olaraq onu filmərə dəvət etməklə, yaradıcılıq palitrasının rəngarəngliyinə, ampluasının çoxşaxəliliyinə şərait yaradıblar. Kinoda əsasən ikinci, üçüncü planlı, xarakterik rollar oynayan aktyor 30-a yaxın filmdə irili-xırdalı rola çəkilib.
Debüt rolunu “Bayquş” (rejissor Georgi Kravçenko) filmində ifa edən Möhsün Sənani bundan sonra görkəmli sənətkar Abbas Mirzə Şərifzadənin quruluş verdiyi “Bismillah” (1925) kinodramında qoçu obrazını oynayıb.
Görkəmli kinorejissorların rəğbətini qazanan, quruluş verdikləri filmlərə dəvət alan aktyor kinoda əsasən dramatik obrazlarda çıxış edib. “İsmət” filmində dükançı Qulu, “Kəndlilər” tarixi dramında Eldar, “Bəxtiyar” (1942) bioqrafik müharibə dramında Bəxtiyar, “Fətəli xan” tarixi-bioqrafik filmində Məlikməmməd xan, “Qara daşlar” macəra dramında usta Qurban, “O olmasın, bu olsun” kinokomediyasında Qoçu Əsgər, “Bir məhəllədən iki nəfər” filmində Həsən, “Sehrli xalat” macəra uşaq filmində Möhsün Ağayev və digər personajları yaddaqalan, orijinal ştrixlərlə canlandırıb.
Personajların daxili aləmini dərindən duyan, fərdi xüsusiyyətlərini rolun təbiətinə uyğun mizanlarda çatdıran istedad sahibi hər bir personaj üçün xarakterik ştrixlər axtarıb tapıb, inandırıcı təqdim etməyə, tərəf-müqabilləri ilə yaradıcılıq sazişi qurmaqla sənətin qalibiyyətinə, insanların həyatında mühüm rol oynamasını yaradıcılığında təsdiqləməsinə nail olub.
Möhsün Sənaninin kino obrazlarının bir çoxu qəliz xüsusiyyətə malik personajlardır. Ətrafındakılarla daim konfiliktə girən bu obrazların (Həsən – “Bir məhəllədən iki nəfər”, Cavadov – “Kölgələr sürünür”, Həmzə bəy – “Koroğlu”, Qəmbər – “Dağlarda döyüş” və s.) hər birinin özlərinə məxsus həyat amalı, iddiası, məqsəd və prinsipi var. Aktyorun rolun xarakterinə, həyat mövqeyinə, davranışına uyğunlaşdırdığı danışıq və jestləri, hadisələrə emosional müdaxiləsi obrazların səmimi, inandırıcı alınmasına, yadda qalmasına səbəb yaradıb.
Sənaninin məşhur kino obrazlarından biri də görkəmli kinorejissor Hüseyn Seyidzadənin quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasındakı qoçu Əsgər roludur.
Qoçu Əsgər fikir və istəklərini zor gücünə tətbiq edən, ictimai mühitdə istədiyi vaxt qalmaqal yaradan, “qoçu” ləqəbi ilə tanınmasına görə fəxr edən personajdır. Filmdə sözünün qarşısında kimsənin söz deməsini qəbul etməyən qoçu Əsgərin ötkəm cəhətləri fonunda insanlar üçün təhlükə yaradan xüsusiyyətləri aşkar olunur. Qoçu Əsgər və onun kimilərinin çoxluq təşkil etdiyi bir cəmiyyətdə yaşamağın çətinliyi, mümkünsüzlüyü obrazın ötkəm, qərəzli, mürəkkəb münasibətləri fonunda təsdiqini tapır, dövrün müasirlərinin acınacaqlı durumu təəssüf doğurur.
Həmçinin rolun vəziyyətdən yaranan komik davranış və xüsusiyyətləri tamaşaçıda rola qarşı ikrahdan çox gülüş yaradır. Personaj kinokomediyanı sevdirən obrazlardan birinə çevrilir.
Aktyorun rolun aqressiv təbiətinə uyğunlaşdırdığı qərəzli münasibəti, münaqişələrə meyilli davranışı təəssüf doğurmaqla yanaşı, bir növ ziddiyyələri yaradan amilləri də (pula hərisliyi, meşşanlığı) aşkara çıxardır, mühiti üçün təhlükəli cəhətlərini, cahil xüsusiyyətlərini vəziyyət komediyasına çevirir, incə yumorla tənqid edir.
Dramatik hadisələrin səbəbkarlarından olan, cəmiyyətin qəhqəhəsinə tuş gələn personaj gülüş doğuran cəhətlərinə görə qınanılır, mənfi xüsusiyyətli tiplərin çoxluq təşkil etdiyi bir mühitdə maariflənmənin, mədəni tərəqqinin inkişafına əngəl yaradan amillər təsdiqini tapır, komediyanın mahiyyəti tamlıqla, personajın xarakteri dolğunluqla əks olunur.
Hər bir ekran obrazını sevərək yaratmaq, xarakterik səviyyədə təqdim etmək Möhsün Sənani yaradıcılığının qayəsini təşkil edirdi. Aktyorun sağlam mühitin formalaşması, düşüncələrin doğru səmtə istiqamətləndirilməsi işində mühüm rol oynayan yaradıcılıq palitrasının rəngarəngliyi, zənginliyi həyatı gözəlləşdirmək, insanlara gözəllik bəxş etmək niyyətindən yaranıb. Elə buna görə də Möhsün Sənaninin yüksək sənətkarlıqla yaratığı obraz qalereyası baxımlılığını, aktuallığını qorumaqdadır, şəxsiyyəti, sənəti sevilməkdədir.
Dövlət Film Fondu