Əli Qurbanov – 125

Hər bir uğurlu obraz aktyor üçün növbəti sənət sevincidir, yaradıcılıq axtarışlarının cəmidir, təntənəsidir. İstedadlı insanlar mütləq şəkildə müsbət fərdi cəhətlərinin təcəssümü olaraq – fərqliliyin, cəmiyyətə gərəkliliyin vacibliyini məsləklərində təsdiqləyirlər. Xalq artisti, görkəmli aktyor Əli Qurbanovun (1898-1962) teatr, kino obrazları da səmimi, təvazökar təqdimatında geniş tamaşaçı auditoriyası tərəfindən rəğbətlə qarşılanan personajlardır. Azərbaycan teatr, kino sənətində realist yaradıcılığı mühüm yer tutan, ekran personajlarının həyat mövqeyini dəqiqliklə çatdıran sənətkarın anadan olmasının 125 illiyində əziz xatirəsini dərin ehtiramla yad edirik.

1898-ci ilin 20 iyun tarixində Tiflisdə dünyaya göz açan, sonralar taleyini Tiflis Azərbaycan Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə bağlayan Əli Qurbanovun bəlkə də heç vaxt ağlına gəlməzdi ki, teatr adlanan nağıllar dünyası nə vaxtsa onu yaşadığı kədər məngənəsindən xilas edəcək, yaradıcılığında təhlil vasitəsinə çevirdiyi, arzularında yaşatdığı həyat gözəlliklərini ona nəsib edəcək.

Böyük çətinliklər içərisində yaşayan Əli Qurbanovun atası dəmiryolunda fəhlə işləyib, anası mollalıq edib. Dörd uşaq (bir bacı, üç qardaş) böyüyən ailə ehtiyac içində yaşayıb. Əli Qurbanov bir neçə illik məktəb təhsili alıb. Musiqiyə hədsiz marağı olduğundan saz və tar çalmağı da öyrənib. Amma ailəsinin güzəranı il-ildən pisləşdiyindən məktəbi atıb, 10 yaşından atası ilə fəhləlik etməyə məcbur olub. Atası dünyasını dəyişdikdən sonra isə vəziyyəti daha da çətinləşən ailənin bütün ağırlığı onun üzərinə düşüb.

Taleyüklü məsələləri erkən yaşlarından həll etməyə məcbur olan gənc bir müddət rabitə sistemində işləyib, bacarıqlı olduğundan qısa müddətdən sonra montyor kimi  fəaliyyət göstərib. Digər peşə sahələrində nə qədər bacarıq nümayiş etdirsə də, arzuladığı nailiyyəti ona yalnız teatr sənəti bəxş edib.

Erkən yaşlarından teatra həvəs göstərən gənc 1915-ci ildə xalası oğlu Möhsün Sənaninin təşkil etdiyi Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” əsərinin tamaşasında Rüstəm bəy obrazını oynayıb. Bundan sonra Tiflis Azərbaycan Dram Teatrında müxtəlif xarakterli rollar canlandırıb. 1925-ci ildə Aleksandr Tuqanov onu baş rejissor işlədiyi Azərbaycan Dövlət Dram Teatrına işləməyə dəvət edib. Teatrın  səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında oynanılan tamaşalarda çıxış edib.

Görkəmli sənətkar Abbas Mirzə Şərifzadənin quruluş verdiyi “Hacı Qara” (1928) filmində aşıq rolu ilə kinoda debüt rolunu oynayıb. Növbəti illərdə “Almaz” filmində Avtil, “Yeni horizont”da Heydər, “Səbuhi” də Ağalarov, “Fətəli xan”da usta Səməndər, “Mahnı belə yaranır”da kor aşıq, “Qara daşlar”da usta Ramazan, “Ögey ana”da Qurbanəli, “Bir qalanın sirri” nağıl-filmində Kamran baba, “Koroğlu”da aşıq Cünun və Alı kişi, eləcə də başqa rolları orijinal səpkidə canlandırıb.

Filmlərin bəzisində onu neft buruğunda çalışan qazmaçı, fəhlə, usta obrazlarında, bəzisində isə müdrik kənd sakini, dünyagörmüş ağsaqqal rolunda görürük. Personajların bəziləri məzmun baxımından eynilik təşkil etsə də, aktyorun hadisələrə müdaxiləsi, münasibəti baxımından maraqlıdır, yaddaqalandır. Bu mənada Əli Qurbanovun kino obrazlarının hər birində hadisələrə olan fərdi münasibəti, insanlara ünvanladığı ürək sözü diqqət çəkir. Bunu isə aktyorun yüksək bədii keyfiyyətlə, böyük sənətkarlıqla təlimatlandırdığı fərdi yaradıcılığının tərkib hissəsi, xüsusi təhlil üslubu təsdiq edir.

Kinonun səssiz mərhələsində rejissorların aktyorlardan birinci tələbi tamaşaçını  vizual hadisələrə inandırmaq bacarığı (münasibət kredosu), potensialı ortaya çıxarmaq məharəti idi. Əli Qurbanov kimi həyatı bilən, çətinliklərə sinə gərən, mürəkkəb hadisələri, xarakterləri, ictimai şüuru, fərdi münasibətləri müdrikcəsinə təhlil edən aktyorlar isə  sözün əsl mənasında milli kinomuzun dirçəlişinə təkan verdi. Ədəbi əsərlərin ekran variantının qəbul edilməsinə, yüksək mənəvi dəyərləri təbliğ edən filmlərin dövrünün tələbatına çevrilməsinə, kinematoqrafçıların sənətin fövqündə duran aktyorlarla davamlı çalışmasına səbəb oldu. Əli Qurbanovun kino uğurunun səssiz kinodan başlaması da bu mənada səbəbsiz deyil. Aktyorun səsli filmlərdəki ekran personajlarının danışıq dilində, jest və ifadələrində bir qədər pafosluluq təşkil etməsini isə, kinonun səsli mərhələsinin ilk vaxtlarında qəbul edilmiş oyun tərzi, ekran dili kimi qəbul etmək olar.

Əli Qurbanovun ekran obrazlarının hamısı uğurludur desək, yanılmarıq. Yaddaqalan rollarından (səssiz kinoda) biri də “Almaz” filmindəki Avtil obrazıdır. Yoxsul kənd sakini olan Avtil digərlərindən fərqli olaraq, bir neçə qadınla birlikdə Almaza kənd əhalisinin sosial vəziyyətinin yaxşılaşmasında, onların maariflənməsində, eyni zamanda qolçomaqlara qarşı inadla mübarizə aparmasında kömək edir. Kiçikplanlı rol kimi təqdim olunan Avtili dövrünün azlıq təşkil edən xeyirxah, müsbət xarakterli insanı kimi tanıyır, qəddar düşüncəli çoxluğa qarşı çıxmasını isə həyat həqiqətini sənət həqiqətinə çevirən yaradıcılığının təfsirində fərqli, qabaqcıl tipik xarakter kimi qəbul edirik.

Səssiz, ağ-qara kadrlarda Avtilin nəzərləri ilə həmin illərdəki kənd həyatının acınacaqlı vəziyyətini, çılğın, cahil insanların münaqişəli, eləcə də kədərli həyat tərzini görürük. Geniş planlı imkanları olmayan Avtil obrazı ilk baxışda mühüm xarakter ortaya qoyan personaj təsiri bağışlamasa da, hər halda onun inadkar, mübariz Almazı dəstəkləməsi, köhnə dünya ilə savaşın nə dərəcədə çətin olduğunu, ancaq bütün dövrlərdə Avtil kimi sadə görünüşlü, böyük ürəkli insanlara dünyanın ehtiyacı olduğu fikri diktə edilir. Bunu isə obrazın timsalında filmin vacib mesajlarından biri kimi qəbul edirik.

Səssiz kinodakı uğurlarından sonra səsli filmlərdə könüllərə yol tapmaq teatr peşəkarları üçün o qədər çətin olmurdu. Əli Qurbanov kimi aktyorların filmin ideya və janrına müvafiq olaraq obrazların daxili mənini, ictimai mövqeyini, münasibətini yüksək peşəkarlıqla təhlil etməsi, tamaşaçılar qədər rejissorları sevindirirdi. Buna görə də kinomuzun inkişaf mərhələsində bəzi filmlərdə pafoslu danışıq, teatrallıq (“Yeni horizont” filmində Heydər, “Qara daşlar”da usta Ramazan obrazları), hadisələrin bir qədər rəsmi və didaktik təqdimatı olsa da, aktyorun rolların mövqeyini, xarakterini fərdi yaradıcılıq üslubunda tanıtması, təsdiqləməsi qənaətbəxş, inandırıcı və uğurludur.

Ümumiyyətlə, sənətin incəliklərini dərindən bilən, hər bir personajı üçün xarakterik ştrixlər tapan Əli Qurbanovun kino obrazları haqqında çox danışmaq olar. Aktyorun digər uğurlu ekran personajlarının içərisində “Ögey ana” filmindəki Qurbanəli, “Bir qalanın sirri” nağıl-filmində Kamran baba rolları da yaddaqalandır. Sözügedən filmlərdəki müdrik düşüncəli ağsaqqal rollarının ona həvalə edilməsi də diqqətçəkəndir. Bunu isə yenə də kinorejissorların filmin uğuruna imza atacağına əmin olduqları aktyorun səmimi və peşəkar yaradıcılığına ünvanladığı sənət etibarı kimi səciyyələndiririk.

Dövlət Film Fondu