Muxtar Dadaşov – 110

Azərbaycan sənədli kino salnaməsini məzmunlu filmləri ilə zənginləşdirən görkəmli kinorejissorlarımızdan olan, çoxşaxəli yaradıcılığı ilə milli kinomuzun inkişafına təkan verən görkəmli kinorejissor Muxtar Dadaşovun yubiley (11.09.1913–07.05.1998) ilidir. Taleyinə yazılan 84 ilik ömür payının 55 ildən çoxunu kino sənətimizin inkişafına həsr edən Muxtar Dadaşov bu illər ərzində Akademik Dram Teatrında, sonra isə kinoda aktyor, bir müddət sonra sənədli kinoda rejissor-operator, bədii rəhbər, daha sonra isə bədii kinoda quruluşçu rejissor kimi işləyib.

Sənət alın yazısıdır. Sevdiyi sənəti seçənlər, məsləyini həyatının mənasına çevirənlər istedadlarını üzə çıxarmağa, intuitiv yanaşma sayəsində uğur qazanmağa müvəffəq olurlar. Muxtar Dadaşov da hələ kiçik yaşlarından ədəbiyyata, şeirə maraq göstərib, teatrın, kinonun sehrli aləminə qapılıb.

1913-cü il sentyabr ayının 11-də Bakıda dünyaya göz açan gələcəyin məşhur rejissoru peşəkar səhnəyə 1928-ci ildə çıxıb. Görkəmli yazıçı, dramaturq Cəfər Cabbarlının “Sevil” pyesinin ilk tamaşalarında 10 yaşlı Gündüz rolunu oynayıb. Həmin tamaşada rol alan müqtədir sənətkarlardan Rza Təhmasib (Balaş), Mərziyyə Davudova (Sevil) və başqaları ilə tərəf-müqabili olub, həmçinin onların yaradıcılıq potensialından, sənət bilgisindən bəhrələnib.

1929-cu ildə Türk Uşaq Teatrının (indiki Gənc Tamaşaçılar Teatrı) aparıcı aktyoru olub, uşaq rollarında çıxış edib. Korifey sənətkarlarla müxtəlif tamaşalarda bir səhnəni bölüşməyi ona həyat materiallarına ciddi yanaşmağı, inikas kimi təqdim etməyi aşılayıb. Onların sənətə olan sonsuz sevgisi yeniyetmə aktyora sənətin yüksək səviyyədə təqdimatın həyat məsələlərinin həlli üçün son dərəcə vacib olduğunu təlqin edib.

1931-ci ildən Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayan Muxtar Dadaşov ilkin mərhələdə “26 komissar”, “Köçərilər” filmlərinin çəkilişlərində iştirak edib, sənət təcrübəsini artırıb. Kino sənətinin biliciləri ilə çiyin-çiyinə çalışan, sənət təcrübəsini zənginləşdirən kinematoqrafçı müsahibələrinin birində operator sənətini mənimsəməkdə ona kino xadimlərindən B. Pumpyanskinin və D. Feldmanın təsirinin çox olduğunu qeyd edib.

1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedən gənc orada bir sıra filmlərin çəkilişində iştirak edib. 1933-1936-cı illərdə İ. Savçenkonun “Qarmon” və “Təsadüfi görüş” (“May ayı”) filmlərində çalışıb. Eyni zamanda “Tacikfilm”in istehsalı olan “Canlı Allah” bədii filmində komsomolçu Əbdürrəhman rolunda çəkilib.

“Rəqs edən bağalar” filmində quruluşçu operator kimi fəaliyyət göstərən gənc bu filmdən sonra “Kəndlilər” (Dmitri Feldman, Əsgər İsmayılovla birgə), “Yeni horizont” (F. Novitski ilə birgə), “Vətən oğlu”, “Sualtı qayıq T-9” (N. Renkovla birgə), “Arşın mal alan” (Ə. Atakişiyevlə birgə) bədii filmlərində çalışmaqla sənət istiqamətini müəyyənləşdirib, kadrların peşəkar təsvirinə görə həmkarlarının rəğbətini qazanıb.

Muxtar Dadaşovun sənədli kinoda xidmətləri böyükdür. O, rejissor kimi “Həyata keçmiş arzular”, “Ağ qızıl” ustaları”, “Bizim Azərbaycan” və müxtəlif sahələrdən, əmək adamlarının şücaətindən bəhs edən çox sayda filmlər çəkib. Operator kimi “Lökbatan”,  “Neft simfoniyası” (Boris Pumpyanski ilə birgə), “Ordenli Azərbaycan” (operator qrupu ilə birgə), “Bakı döyüşür”, “Arazın o tayında” (S. Bədəlovla birgə) və digər mühüm mövzuları əks etdirən 30-dan artıq film ərsəyə gətirib, həmçinin ssenarilər yazıb (“Samur-Dəvəçi kanalı”, “Almanların Şimali Qafqazda vəhşilikləri”, “Bakı döyüşür”, “Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı”, “Həyata keçmiş arzular” və s.), kinopublisistikanın yaranmasında mühüm xidmətlər göstərib, maraqlı, məzmunlu ekran əsərləri ilə sənədli kino salnaməmizi zənginləşdirib.

Müraciət etdiyi mövzulara böyük maraqla, diqqətlə yanaşan Muxtar Dadaşov  hadisələrdəki dəqiqliyə diqqət edərək məna dəyərini önə çəkib, əhəmiyyətli məsələləri qabardıb, ekran əsərlərinin baxımlılığını təmin edən məzmunlu gerçəkliklərə əsaslanıb. Rejissorun filmləri dünyanın bir çox ölkələrində nümayiş olunub, müxtəlif mükafatlara layiq görülüb.

Respublikamızın iqtisadi-mədəni quruculuğundan danışan “Sovet Azərbaycanı” (1950) filmi 1951-ci ildə Kannda (Fransa) keçirilən IV Beynəlxalq Kinofestivalda nümayiş etdirilib, kinolentə “elmi-kütləvi və pedaqoji filmlərə görə” münsiflər heyətinin xüsusi mükafatı verlib.

Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində qazandığı nailiyyətlərdən, qabaqcıl əmək adamlarından bəhs edən “Səadət yolu ilə” (1956) sənədli filmi həmin ildə Ümumittifaq Kənd Təsərrüfatı sərgisinin qızıl medalını qazanıb.

Dövlət xadimi, həkim, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr olunan “Nəriman Nərimanov” sənədli filmi 1967-ci ildə Tbilisidə keçirilən Zaqafqaziya və Ukrayna respublikaları kinofilmlərinin zona festivalında tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə mükafat alıb.

Muxtar Dadaşovun filmlərinin qəhrəmanları bilik və bacarığına, mühüm xidmətlərinə görə cəmiyyətdə seçilənlər, əmək hünərli qabaqcıl insanlardır. Mənəvi gözəlliyini, zəhmətkeşliyini əməlində, fəaliyyətində təsdiqləyən qəhrəmanlardan ekskavatorçu Sarvan Salmanov, akademik Yusif Məmmədəliyev, neftçi Gülbala Əliyev, balet ustası Qəmər Almlaszadə və başqalarının örnək ömür yoluna həsr olunan bu və ya digər filmlər sənədli kino tariximizin qiymətli səhifələrini təşkil edir.

Milli kinomuzun inkişafına çoxşaxəli fəaliyyəti ilə töhfələr verən Muxtar Dadaşov  “Qanun naminə”, “Bakıda küləklər əsir” bədii filmlərinə rejissor kimi quruluş verib, “Arşın mal alan” (1965) kinokomediyasının ssenarisini (rejissor T. Tağızadə ilə birgə) yazıb. Ömrünün son illərinə qədər sevdiyi sənətindən ayrılmayan rejissor digər filmlərin çəkilişində məsləhətçi kimi iştirak edib.

Azərbaycan mikroaləmini, insanların həyat tərzini, məşğuliyyətini yüksək müşahidəçilik qabiliyyəti ilə təsvir edən, insansevərliyi, mənəvi dirçəlişin vacibliyini vurğulayan sənətkarın kinodakı xidmətləri dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Respublikanın Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) fəxri adlarına və “Şöhrət” ordeninə layiq görülüb. Dövlət mükafatı laureatı (1980), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub (1998).

Dövlət Film Fondu