6-cı “Animafilm” festivalı başa çatıb

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə sentyabrın 6-dan 10-dək Nizami Kino Mərkəzində keçirilən 6-cı “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatıb.

Festivalda beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş 64 müxtəlif animasiya filmi nümayiş etdirilib.

Festivalın builki mövzusu qadın haqları idi. Bilet satışlarından əldə olunan gəlir Azərbaycanın gənc qadın rejissorlarına ianə ediləcək. Təşkilatçılar qarşıdakı günlərdə toplanan vəsait barədə ictimaiyyətə məlumat verəcəklərini bildiriblər.

Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı təlim və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın müəllif üçün avropalı mentorlar — isveçrəli rejissor İzabel Faves, fransalı prodüser Olivye Katrenlə təlimlər və fərdi görüşlər keçirilib. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunub və proqram münsifləri – Ana Çubinidze, Tehzib Xurana və Nəzrin Ağamalıyeva tərəfindən dəyərləndirilib. Bilet satışlarından əldə olunan gəlir məhz bu proqramın qaliblərinə dəstək məqsədilə ianə ediləcək.

6-cı “Animafilm” festivalında beynəlxalq münsiflər heyətinin tərkibi İzabel Faves (İsveçrə), İsmayıl İman (Azərbaycan), Ana Çubinidze (Gürcüstan), Oqtay Yusibov (Azərbaycan, Finlandiya), Olivye Katren (Fransa) və Tehzib Xurana (Hindistan) kimi peşəkarlardan ibarət idi.

Festivala Avropa və Asiyadan xüsusi qonaqlar – rejissorlar və animatorlar: Məsud Pənahi (Azərbaycan, Almaniya), Kirit Xurana (Hindistan), Mettyu Layon (Kanada) və Mixael Düdok de Vit (Niderland krallığı, Birləşmiş krallıq) qatıldılar.

Bu il festivalın bütün uşaq tamaşaçıları səsvermədə iştirak edərək “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” qalibini də seçdiblər.

Bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirib.

Festivalın yerli müsabiqəsinin – “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatının bir qalibini (mükafatı 500 ABŞ dollar olub) Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, digər qalibini isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon açıqlayıb.

Səfir bildirib ki, bu mükafatın qalibi ənənəvi olaraq dünyanın ən böyük animasiya festivalı olan Annesi Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılacaq.

Tədbirdə “TOTD” ictimaiyyətlə əlaqələr təşkilatının builki festival haqqında çəkdikləri qısametrajlı film nümayiş olunub.

Sonda festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və festivalın kreativ direktoru Nəzrin Ağamalıyeva festivalı bağlı elan ediblər.