Kinorejissor Teymur Bəkirzadənin anadan olmasının 82-ci (14.09.1941-21.09.1995) ildönümüdür. Azərbaycan kinosunda fərdi dəst-xəttinə görə seçilən rejissorun xatirəsini dərin ehtiramla yad edirik, kino fəaliyyətinə qısa nəzər salırıq.
Bakıda dünyaya göz açan Teymur Bəkirzadənin uşaqlığı həmyaşıdları kimi müharibə illərinə təsadüf edib. Atası İkinci Dünya müharibəsindən qayıtmayıb, anası evdar qadın olub. Uşaqlıq və gənclik illəri ağır keçən yeniyetmə idmanı və incəsənəti həyatının mənasına çevirib, yüngül atletikada beşnövçülük üzrə məşğul olub. Həmin illərdə SSRİ üzrə keçirilən bir çox yarışlarda iştirak edib, medallarla təltif olunub. Rejissorluq fəaliyyətində də idmana həsr etdiyi sənədli filmlərlə böyük uğurlar əldə edib. İlk sənədli filmini Xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr edib. Bundan sonra 40-a yaxın müxtəlif mövzulu, o cümlədən bioqrafik (“Axtarış həvəsi”, “Fəhlə Gülbala Əliyev” və s.), idman (“Futbol, futbol…”, “Taca doğru addım” və s.), tarixi (“Abşeron qalaları”, “Bakı-Neapol qardaşdırlar” və s.), sosial (“Həyat yolu” və s.) janrlı sənədli filmlər ərsəyə gətirib, bir sıra ekran əsərlərinin ssenarisini yazıb.
Bədii kinoda “Ömrün səhifələri” kinoalmanaxından “Rəqiblər” novellasına, “Çətirimiz buludlardır” (Nicat Bəkirzadə ilə birgə), “Yol əhvalatı”, “Ləqəbi “İKA”dır” (Amin Novruzovla birgə) bədii filmlərinə quruluş verib, “Mozalan” satirik kinojurnalı üçün qısametrajlı bədii süjet (“Arzu”) çəkib.
“Dissonans” sənədli filmi kino ictimaiyyətinin böyük marağına səbəb olub. Kinofestivallarda müxtəlif mükafatlara, həmçinin Leninqradda (Sankt-Peterburq) VII Ümumittifaq İdman Filmləri Festivalında qızıl medala (1979), Aşqabadda XII Ümumittifaq Kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin diplomuna (1979), Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının mükafatına (1980), Budapeştdə qısametrajlı filmlər festivalında bürünc medala (1982) layiq görülüb.
Rejissorun mövzulara həssaslıqla yanaşması, dövrlərin ab-havasını, hadisələrin məzmununu dəqiqliklə çatdırması, aktyorlara düzgün yaradıcılıq istiqaməti verməsi ekran əsərlərinin sevilməsinə, uğurlu ekran taleyi yaşamasına səbəb olub.
“Yol əhvalatı” filmində baş rollardan birini (Zümrüd) canlandıran Xalq artisti Həmidə Ömərovanın xatirələrindən: “Teymur müəllim məni “Yol əhvalatı” filmində baş rola dəvət etmişdi. Filmdə çəkilməzdən əvvəl mənə məsləhət gördülər ki, onun çəkdiyi “Dissonans” filminə baxım. Filmi birnəfəsə izlədim və çox bəyəndim, “Yol əhvalatı”nda da məmnuniyyətlə çəkildim. Filmə dəfələrlə baxmışam, oradakı bir çox ifadələrin insanlar arasında zərb-məsələ çevrildiyinin şahidi olmuşam.
Teymur müəllim aktyorlara tam sərbəstlik verirdi. Deyirdi ki, rolu oynayan zaman kim olduğunuzu unudun, özünüzü obrazın yerinə qoyun. Personajın vəziyyətində olsaydınız, necə edərdinizsə, elə də davranın. Buna görə də aktyorlar çox improvizə edirdilər. Bu da rejissorun düzgün aktyor seçimindən, doğru mizan verməsindən, hər şeyi ölçüb-biçməsindən irəli gəlirdi, quruluşları filmlərinə baxımlılıq gətirirdi…”.
Teymur Bəkirzadənin bədii kinoda sonuncu işi (“Ləqəbi “İKA”) filmidir. Vaxtsız ölüm filmi tamamlamağa ona imkan vermədi. Filmdə operator kimi çalışan Əməkdar incəsənət xadimi Amin Novruzov bir müddət sonra filmi tamamlayıb təhvil verdi. Amin Novruzovun dediklərindən: “Ləqəbi “İKA”dır” filmini çəkəndə Teymur məni operator kimi filmdə işləməyə dəvət etdi. Çəkilişlərin birində onun burnundan qan gəldi. Düşündük ki, tez keçər. Amma görəndə ki, vəziyyəti pisləşir təcili yardım çağırdıq. Onu xəstəxanaya aparanda mənə tapşırdı ki, filmi saxlama, qalan epizodları mütləq çək… Filmin doxsan beş faizi çəkilmişdi. Teymur hərdən gəlib mərhələ-mərhələ filmin montajını da edirdi. Bir gün eşitdik ki, dünyasını dəyişib.
Bir müddət sonra digər bir filmi Belarusa aşkarlamağa aparmışdım. Kinostudiyanın direktorunun yanına getdim, yarımçıq qalan film haqqında ona danışdım. Filmin səsini yazmaq, bəzi çəkilişləri tamamlamaq lazım olduğunu dedim. O, da: “Mədəniyyət naziri ilə danışım, razı olsa, filmin qalan hissəsini müştərək tamamlayarıq”, – dedi. Aşkarlama üçün bir həftə orada qalmalı oldum. Bir gün mənə dedilər ki, kinostudiyanın direktoru səni çağırır. Onunla görüşəndə nazirin filmin qalan hissəsini müştərək çəkməyimizə razı olduğunu bildirdi. Bütün materialları Belarusa apardım. İki ay yarım orada qalıb filmi tamamladım. Film böyük ruh yüksəkliyi ilə qəbul olundu. Hətta biz orada olarkən başqa şəhərlərdən nüsxələri almaq üçün sifarişlər də gəlirdi. 10 gün sonra məni festivala dəvət etdilər. Filmə “Listopad” Beynəlxalq kinofestivalında (Minsk) MDB İcraiyyə Komitəsinin mükafatı verildi. Mən sevinirəm ki, Teymurun yarımçıq qalmış filmini kollektivlə birlikdə tamamlamaqla onun ruhunu şad etdik. Allah ona rəhmət eləsin”.
Dövlət Film Fondu