Elə sənətkarlar var ki, nümunəvi yaradıcılıqları sözün əsl mənasında məktəbdir, ömür yolu örnəkdir. Onların yüksək təfəkküründən, insani keyfiyyətlərinin üstünlüyündən yaradıcılıqlarına mütləq şəkildə pay düşüb, yaradıcılıqlarına yansıyan ziyasından, zəkasından nəsillər bəhrələnib.
Azərbaycanın ilk peşəkar kinematoqrafçılarından olan Səməd Mərdanov da zəngin dünyagörüşü, nümunəvi sənətkarlıq xüsusiyyətlərinə görə milli kinomuzun inkişafına təkan verib, uğur qazandırıb. Görkəmli kinematoqrafçının anadan olmasının 114 illiyi ərəfəsində (22.09.1909) əziz xatirəsini dərin ehtiramla yad edirik.
Azərbaycan kinosunda fərdi dəst-xəttinə görə seçilən Səməd Mərdanov kinoda sadə yaradıcılıq təqdim edə bilməzdi. Sənətə böyük dəyər verən ailədə böyüyən, ali kino məktəbində görkəmli sovet kinorejissoru Sergey Eyzenşteyndən sənət dərsi alan Səməd Mərdanovun qismətinə az film çəkmək nəsib olsa da, istedadını nümunəvi fəaliyyəti çərçivəsində təsdiqləməyə müvəffəq oldu, məzmunlu yaradıcılıq üslubu gənc kinematoqrafçıların sənət yolunda mayaka çevrildi.
Tiflisdə dünyaya göz açan Səməd Mərdanovun ailəsində ədəbiyyata, incəsənətə böyük dəyər verilib. O, hələ kiçik yaşlarından ailəsi ilə birlikdə Tiflis Azərbaycan Dövlət Teatrının tamaşalarına gedib baxar, qardaşı, görkəmli aktyor Mustafa Mərdanovla birlikdə hərdən özü də uşaq rollarında çıxış edərmiş. Musiqi duyumu güclü olduğuna, bu sahəyə olan böyük marağına görə tarda gözəl musiqilər ifa edər, həm də oxuyarmış. Hətta yaxşı şəkil çəkməyi də varmış.
Mərdanovlar ailəsi XX əsrin 20-ci illərinin sonunda Bakıya köçür. Ədəbiyyatı sevən, ədəbi mühitə yaxşı bələd olan Səməd burada şair Mikayıl Müşfiq, dramaturq Cəfər Cabbarlı, rəssam Məhəmməd Maqomayev, yazıçı İmran Qasımov, bəstəkar və dirijor Niyazi, kinorejissor Muxtar Dadaşov və digər tanınmış şəxslərlə dostluq edir. İncəsənətin bütün sahələri haqqında dərin bilgiyə malik olmasına baxmayaraq, rejissorluq peşəsini seçir və məsləyini həyatının mənasına çevirir.
Ali kino təhsili almaq məqsədi ilə Moskvaya gedən (1930) Səməd Mərdanov Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil olur. Dünya şöhrətli kinorejissor Sergey Eyzenşteynin kursunda təhsil alır.
Dövrünün ictimai-sosial məsələlərinə, tarixinə, həmçinin müasirlərinin həyat tərzinə biganə qalmayan gənc kinematoqrafçı hələ tələbə olarkən “Köçərilər” sənədli filmini çəkir. Ölkədə köçərilərin oturaq həyat keçirmələri üçün görülən tədbirlərdən bəhs olunan filmdə həmçinin, yeni kəndlərin, şəhərlərin salınmasından, köhnəliklə yeniliyin müqayisəsindən bəhs edilir.
Vətənini sevən, xalqının adət-ənənələrinə dərindən bələd olan, istər tarixi hadisələri, istərsə də müasirlərinin həyatını məntiqi əsaslarla təhlil edən, onu narahat edən məsələlərə toxunan Səməd Mərdanovun dəqiq həyat müşahidəsi, zəngin dünyagörüşü müraciət etdiyi hər hansı bir ekran hadisələrini incəliklə cilalamağa, maraqlı mizanlarda ekranlaşdırmağa imkan yaradır.
Ali kino məktəbini 1935-ci ildə bitirən rejissor elə həmin ildə kinorejissor Boris Barnetin quruluş verdiyi Azərbaycanın ilk səsli filmi olan “Mavi dənizin sahilində” kinokomediyasında ikinci rejissor kimi işləyib. Xəzər balıqçılarının həyatına həsr edilən filmdə hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. İki dost – mexanik Alyoşanın (Nikolay Kryuçkov) və dostu Yusifin (Lev Sverdlin) başına gələn əhvalatlardan söhbət açılır. Bir gün dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşürlər. Yaxınlıqdakı kolxozun balıqçıları onları xilas edir. Dostlar fəhlə qəsəbəsində qalıb işləyirlər. Həmin qəsəbədə yaşayan kolxozun briqada başçısı Mariyaya (Yelena Kuzmina) vurulurlar.
Maşa hər iki dosta xoş münasibət bəsləyir. Onun səmimi münasibəti dostlarda qısqanclıq hissi yaradır. Onların arasında narazılıqlar başlayır və bir-birilərinə rəqib olurlar. Bir gün məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Filmdə diqqət çəkən bir çox maraqlı epizodlar məhz Səməd Mərdanovun yaradıcılıq axtarışlarının nəticəsidir. Kadrları müşayiət edən maraqlı musiqi parçaları epizodlarla məntiqi və üzvi surətdə əlaqələndirilir, hadisələrin məzmunu, obrazların hiss və duyğuları ilə məzmunlu şəkildə sintez edilir. Sadə süjet xəttinə malik olan film səmimi təqdimata, aydın ideya xəttinə görə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır, uğur qazanır.
Böyük istedada, geniş yaradıcılıq potensialına malik olan Səməd Mərdanovun tükənməz yaradıcılıq eşqi forma və məzmun baxımından fərqli, bənzərsiz filmlər ərsəyə gətirməsinə imkan yaradırdı. Rejissorun 1939-cu ildə çəkdiyi “Kəndlilər” tarixi dramı bədii dəyərini heç bir zaman itirməyən, bitkin forması, dərin mündəricəsi, dinamik montajı, epizodların maraqlı həllinə görə baxımlı ekran əsəridir.
Filmdə ölkədə baş verən 1919-1920-ci illərin inqilabi hadisələrindən, bolşevik hökumətinin qurulması istiqamətində həyata keçirilən qanlı mübarizədən bəhs olunur. Epizodların baxımlılığını, dolğunluğunu təmin edən maraqlı ifadə vasitələri, səliqəli montaj işi, hadisələrin məzmununun dərinliyinə nüfuz etməyimizə, düşünməyimizə səbəb yaradan, emosionallığını artıran musiqilər, ritm, dinamika məzmunla uzlaşır, kompozisiya təşkil edir, rejissorun üslub xüsusiyyətlərini əks etdirir, təsdiqləyir.
Ekran obrazlarının təfsirində insan xarakterini, fərdi xüsusiyyətlərini, məharətlə açan, mürəkkəb münasibətləri, qəliz həyat hadisələrini maraqlı detallarla şərh edən, kino dilinə çevirən Səməd Mərdanov növbəti dəfə görkəmli yazıçı Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini ekranlaşdırmaq istəyirdi. Təəssüf ki, amansız ölüm gənc kinematoqrafçının arzusunu həyat keçirməsinə imkan vermədi. 29 illik ömrünün 8 ili kinoda keçən rejissor kino bilgisini və kinoya olan sevgisini 3 filmdə təsdiqləyə bildi.
Qısa, lakin mənalı ömrü boyu bacarığı, gözəl xüsusiyyətləri ilə həmkarlarının, dostlarının sevimlisinə çevrilən sənətsevərlərin rəğbətini qazanan kino aşiqi yaradıcılıqla dolu dünyasını 1939-cu ilin avqust ayının 6-da dəyişdi. Bizlərə yadigar qalan, mühüm mövzuları əks etdirən filmlərinə baxıldıqca isə yaradıcılığı hər dəfəsində alqışlandı, əziz xatirəsi ehtiramla yad edildi.
Dövlət Film Fondu